
Fevralın 20-də AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı öz işinə başlayıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Müzəffər Şəkər (onlayn), ÇXR Honq-Konq Kore Akademiyasının İdarə Heyətinin üzvü professor Li Lei (onlayn), AMEA-nın Rəyasət Heyətinin üzvləri, millət vəkilləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların direktorları, ali təhsil müəssisələrinin rektorları, respublika üzrə 2024-cü il ərzində əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri iştirak edirlər.
Əvvəlcə 2024-cü ilin yekunlarına həsr edilmiş elmi nailiyyətlər sərgisinə baxış olub.
İclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra görkəmli alim, AMEA-nın müxbir üzvü Rüfət Mirqasımovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ümumi yığıncaqda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Akademiyada təməl islahatlardan – İnkişaf Konsepsiyasına və Yol Xəritəsinə” mövzusunda məruzəsi dinlənilib.
Sonra Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayev və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış edib.
Hazırda AMEA-nın akademik-katibi akademik Arif Həşimovun “2024-cü Akademik İlin elmi hesabatı” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə İşçi qrupun rəhbəri, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri “AMEA-nın İnkişaf Konsepsiyası və Yol Xəritəsi layihəsi” haqqında məlumat verib.