“Konstitusiya və Suverenlik İli”nə və Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunan “Rəqəmsal və GWAS əsaslı texnologiyaların tətbiqi ilə buğdanın yaxşılaşdırılması” mövzusunda beynəlxalq elmi tədbir 13 iyun 2025-ci il tarixində öz işini AR KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında təşkil olunmuş tarla seminarı ilə davam etdirib.
Tarla seminarını açıq elan edən AR KTN Əkinçilik İnstitutunun direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev iştirakçıları salamlayıb və tədbirin məramı və məqsədləri haqqında məlumat verib. Buğdanın strateji kənd təsərrüfatı bitkisi olduğunu diqqətə çəkən institut direktoru bb bitkinin məhsuldarlığının və keyfiyyətinin artırılması sahəsində nailiyyət və problemlərdən danışıb. O, klassik seleksiyanın imkanlarının tükəndiyini bildirərək, müasir innovativ texnologiyaların tətbiqi ilə tədqiqatlar aparılmasında yerli və xarici əməkdaşlığın vacibliyini qeyd edib.
AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova çıxış edərək 12 iyun 2025-ci il tarixində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda möhtəşəm bir konfransın keçirildiyini, burada müasir dövrün çağrışları ilə səsləşən çox mühüm məruzələrin dinlənildiyini, müzakirələrin aparıldığını bildirib, bugünkü tarla seminarının da konfransın davamı olduğunu qeyd edib. Akademik Qobustan Bölgə Təcrübə Stansiyasında həyata keçirilən tədqiqatları, qoyulan təcrübələri, seleksiya fəaliyyətlərini yüksək qiymətləndirib. İnstitutlar arasında çoxillik elmi əməkdaşlıq əlaqələrini qeyd edən natiq birgə tədqiqat çərçivəsində həm yerli, həm də beynəlxalq genetik material əsasında buğda sortlarının müqayisəli analizlərində, molekulyar markerlərlə identifikasiya və seleksiya işlərində rəqəmsal texnologiyalardan geniş şəkildə istifadə olunduğunu bildirib, müasir metodların seleksiya prosesini xeyli qısaltdığına və keyfiyyətini yüksəltdiyinə diqqət çəkib.
Sonra tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin şöbə müdiri İbadət Bəhrəmov Qobustan bölgəsində və ümumiyyətlə Dağlıq Şirvanda əkinçilik, xüsusən taxılçılığın geniş yayılması haqqında məlumat verib, yüksək məhsul alınmasında elmin rolunu vurğulayıb.
Daha sonra tarla seminarında Türkiyənin Ege Universitetinin professoru Aziz Eftekhari, Bakı Dövlət Universitetinin kafedra müdiri, biologiya elmləri doktoru, professor Rövşən Xəlilov, ICARDA-nın Genetik ehtiyatların mühafizəsi, xarakteristikası və istifadəsi üzrə tədqiqat qrupunun rəhbəri Dr. Zakaria Kehel, Almaniyanın Osnabruk Tətbiqi Elmlər Universitetinin professoru Ali Naz, Əkinçilik ET İnstitutu Qobustan BTS-in müdiri, biologiya elmləri doktoru, dosent Atabəy Cahangirov və başqaları çıxış ediblər.
Atabəy Cahangirov iştirakçılara həm Təcrübə Stansiyası, həm də yeni yaradılmış və sınaqda olan buğda sortları, onların potensial imkanları, müasir texnologiyalardan istifadə edilməklə icra olunan seleksiya proqramları haqqında geniş məlumat verib.
Seminarın ardınca AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu və AR KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən aparılan ortaq tədqiqatların Qobustan Bölgə Təcrübə Stansiyasında qoyulmuş təcrübə sahələrinə baxış keçirilib. İştirakçılar, fermerlərin nümayəndələri və qonaqlar seleksiya prosesinin bütün mərhələləri ilə yerindəcə tanış olub, müxtəlif mənşəli, o cümlədən Almaniyanın Osnabruk Tətbiqi Elmlər Universitetinin professoru Ali Naz tərəfindən təqdim edilmiş genetik materialların, valideyn formaların əkin sahələrinə baxış keçiriblər.
“Rəqəmsal və GWAS əsaslı texnologiyaların tətbiqi ilə buğdanın yaxşılaşdırılması” mövzusunda beynəlxalq elmi konfrans və tarla seminarı öz işini böyük uğurla başa vurub.


