AZƏRBAYCAN MİLLİ                               ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Akademik İradə Hüseynova: Azərbaycan elmi bu gün ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrilib

Qədim tarixi və böyük ənənələri olan Azərbaycan elmi bu gün ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrilib. Milli dövlətçilik maraqları əsasında inkişaf etdirilən elmimiz Azərbaycan xalqının firavan gələcəyinin, təhlükəsizliyinin təmin edilməsində güc və qüvvət mənbəyidir. Öz bayramını mühüm nailiyyətlərlə qeyd edən, dünya elminin bir parçasına çevrilməyi bacarmış Azərbaycan elminin milli təşkilatlanmış formada rüşeym şəklində təşəkkülü Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə bağlı olmuşdur desək, yanılmarıq. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması, yüz tələbənin Avropanın ali məktəblərinə göndərilməsi Azərbaycan elminin gələcək inkişafına qoyulmuş dəyərli sərmayə hesab edilə bilər.

Bu fikirləri açıqlamasında AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova söyləyib. Akademik bildirib ki, 1920-1922-ci illərdə Bakı Dövlət Universitetində humanitar, tibb və təbiət bölmələrindən ibarət elmi assosiasiya təşkil edilib və fəaliyyət göstərib. 1921-ci ilin axırlarında universitet nəzdində Təbiətşünaslar və Həkimlər Cəmiyyəti, bir qədər sonra isə Şərqşünaslar və Həkimlər Cəmiyyəti yaradılıb. 1920-ci ildə fəaliyyətə başlamış Bakı Politexnik İnstitutunda texnika, iqtisadiyyat elmləri və aqrokimya sahəsində elmi tədqiqatlar aparılıb.1923-cü ildə yaradılmış Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin tərkibinə Tarix, Etnoqrafiya, İqtisadiyyat və Təbiətşünaslıq bölmələri daxil edilmişdi. 1929-сu ildə Cəmiyyət yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırılmışdı. İnstitutun təbiət, biologiya, tarix və etnoqrafiya, dilçilik, ədəbiyyat və incəsənət, fəlsəfə, sovet Şərqi və xarici Şərq, dövlət və hüquq bölmələri olub.

Azərbaycanda elmi tədqiqatların yüksək səviyyədə aparılmasını və inkişaf etdirilməsini, elmi və elmi-xidmət müəssisələrinin işinin səmərəliliyinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə 1932-ci ildə DETİ əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi təşkil edilib. 1935-ci ilin oktyabrında şöbə SSRİ Elmlər Akademiyası Azərbaycan filialına çevrilib, onun nəzdində mövcud olan bölmələr əsasında elmi-tədqiqat institutları, sektorlar, elmi stansiyalar və dayaq məntəqələri təşkil edilib. Artıq 1940-cı ildə respublikada 60 elmi müəssisə fəaliyyət göstərirdi. SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan Elmlər Akademiyasına çevrilib. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi. Həmin il Azərbaycan Elmlər Akademiyasına 15 həqiqi üzv seçilib. Beləliklə, 1945-ci il yanvarın 23-dən başlanan axtarışlar, yoxlamalar və müzakirələr iki aydan çox davam edib və nəhayət, Azərbaycan SSR Elmlər Akademiyasının 15 nəfərlik ilk təsisçiləri – birinci akademikləri müəyyən olunub. Azərbaycan SSR Xalq Komissarları Sovetinin “Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması haqqında” 1945-ci il 27 mart tarixli, 316 saylı qərarı ilə ölkəmizdə Elmlər Akademiyasının təsis edilməsi rəsmiləşdirilib, onun Nizamnaməsi təsdiq olunub. Beləliklə, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda təsis edilən Elm Günü – martın 27-si, eyni zamanda, akademiyanın yaradıldığı tarixə təsadüf edir.

Azərbaycanda Elm Gününün keçirilməsi həmçinin böyük rəmzi məna daşıyır. Bu tədbir elmlə məşğul olan hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır. Elm Günü elmə cəmiyyətin diqqətini daha çox cəlb etmək, xidməti ilə fərqlənən elm adamlarına dəyər vermək, tanıtmaq, bununla onların təşəbbüskarlığını və fəallığını motivasiya etmək, əldə edilmiş nailiyyətlərə və problemlərə daha bir nəzər salmaq, perspektiv inkişaf istiqamətlərini və potensial imkanları müəyyənləşdirmək üçün ən yaxşı imkandır. Hazırda respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında elmin xüsusi rol oynadığı danılmazdır. Ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahəsində ciddi islahatların aparılması, elmi fəaliyyətə, alimlərə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və inkişaf etdirilməsidir. Respublikamızda yüksəkixtisaslı elmi kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətində addımların atılması aktual məsələlərdəndir.

Azərbaycan dövləti və dövlətçiliyinin öz tarixinin ən möhtəşəm dövrlərindən birinə qədəm qoyduğu indiki zamanda elmi ictimaiyyətin də adekvat iştirakına, ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək elm sahələri üzrə fundamental və innovativ tədqiqatların, yüksəkixtisaslı kadr hazırlığının həyata keçirilməsi üçün maddi-texniki bazanın gücləndirilməsinə, dünyanın aparıcı universitetləri və elm mərkəzləri ilə sıx əməkdaşlığa nail olunmasına, qlobal elmi mühitə uğurlu inteqrasiyanın təmin olunmasına böyük ehtiyac var.

İradə Hüseynova diqqətə çatdırıb ki, builki Elm Günü bir sıra özünəməxsus əlamətdar xüsusiyyətlərə malikdir. Biz bir-birinin ardınca keçirilərək elmi ictimaiyyətin ideya təmərküzləşməsinə, elmi fəaliyyətin təbliğinə və populyarlaşdırılmasına, elmimizin dünyaya tanıdılmasına xidmət edən möhtəşəm tədbirlərlə yadda qalmış “Heydər Əliyev İli”ni yenicə yola salmışıq. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş elmi konfransları, toplantıları da buraya əlavə etmək lazımdır. Elm adamlarının, tədqiqat müəssisələrinin və ümumən elmi fəaliyyətin böyük hamısı olmuş Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə elmin inkişafında, elmi-texniki potensialın gücləndirilməsində, ən müasir və perspektiv sahələrdə yüksəkixtisaslı elmi kadrların hazırlığında oynadığı mühüm rol daim xatırlanmalıdır. Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin rolunu, ölkənin ictimai-siyasi həyatında nüfuzunu və akademik elmin suveren Azərbaycan dövlətinin tərəqqisinin təminatçısı olduğunu ön plana çəkən elm siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl davam etdirilir. “Elm haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsini, Elm Gününün təsis edilməsini, elmin maliyyələşdirilməsinə ayrılan vəsaitlərin ilbəil artırılmasını, Elm və Təhsil Nazirliyinin yenidən formalaşdırılması və elmi müəssisələrin əhəmiyyətli bir hissəsinin bu nazirliyin bazasına verilməsini bu islahatlara nümunə kimi göstərə bilərik.

AMEA-nın vitse-prezidenti qeyd edib ki, elm tariximizdə məktəb yaratmış alim-müəllimlərin xatirəsinin də Elm Günü kimi bayramlarda yad edilməsi vacibdir. Akademik Cəlal Əliyevin elmi irsi və yaratdığı məktəb elmimizə mühüm töhfələrin verilməsi ilə yanaşı, parlaqlığını itirməyən elm çırağı kimi gələcək nəsillərin yolunu işıqlandırır. Bu gün Elm Gününü təntənə ilə qeyd edərkən Azərbaycan tarixi üçün önəmli olan bir hadisəyə – Böyük Zəfərdən Böyük Qayıdışa addım-addım irəliləyən Azərbaycanın suverenliyinin tam təmin edildiyi ərazilərimizin elmi tədqiqatlar üçün açılmasına da diqqət yönəltməliyik. Otuz ilə yaxın ekoloji terrora məruz qalmış və Ali Baş Komandanın rəhbərliyi, Silahlı Qüvvələrimizin rəşadəti sayəsində azad edilmiş Vətən torpaqlarının yaşıl örtüyünün, biomüxtəlifliyinin, qoruq və yasaqlıqlarının, meşə resurslarının tədqiqi və bərpası üçün yaranmış imkanlar daha da genişlənib. Həmçinin builki Elm Gününə xüsusi edən digər faktları – 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29 kimi mötəbər tədbirin 2024-cü ilin noyabr ayında ölkəmizdə keçirilməsinə hazırlıqları da xüsusi qeyd etmək lazımdır.

“Prezident İlham Əliyevin Azərbaycan elminin müasir dövrün, 4-cü Sənaye İnqilabının çağırışlarına, ərzaq və bioloji təhlükəsizliyin təmin olunmasına, süni intellektə əsaslanan texnoloji iqtisadiyyatın, ümumən ölkənin ehtiyaclarına istiqamətlənməsinə dair, müvafiq elmlərin inkişaf perspektivləri ilə bağlı verdiyi sərəncam və fərmanları, dəyərli tövsiyə və tapşırıqları islahatların bazisi olmaqla yaxın perspektiv üçün Azərbaycanın elm siyasətinin də başlıca strateji istiqamətlərini müəyyən edib. Bu gün Azərbaycanın elmi ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin elmə və alimə göstərdikləri böyük diqqət və qayğıya adekvat cavab verərək var qüvvəsi ilə çalışmalıdır ki, qarşıya qoyulmuş bu strateji plan ən optimal şəkildə həyata keçirilə bilsin. İnanırıq ki, ölkənin elmi potensialı qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən ən qısa zamanda uğurla gələ biləcək”,- deyə akademik İradə Hüseynova bildirib.

AzərTac


 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015