Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elm gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun baş direktoru akademik İradə Hüseynova qədim tarixi və böyük ənənələri olan Azərbaycan elminin bu gün ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrildiyini vurğulayıb. O qeyd edib ki, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda təsis edilən Elm günü - martın 27-i eyni zamanda, akademiyanın yaradıldığı tarixə təsadüf edir. Azərbaycan Elmlər Akademiyasının yaradılması ölkəmizin elm tarixinin şərəfli hadisəsidir. Azərbaycan cəmiyyətinin sonrakı bütün inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynayıb.
Elm adamlarının, tədqiqat müəssisələrinin və ümumən elmi fəaliyyətin böyük hamısı olmuş Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elmin inkişafında, elmi-texniki potensialın gücləndirilməsində, ən müasir və perspektiv sahələrdə yüksəkixtisaslı elmi kadrların hazırlığında, Azərbaycan Milli Elmlər Akademiyasının qorunması və yüksəlişində oynadığı mühüm rol daim xatırlanmalıdır.
Ulu Öndərin 15 may 2001-ci il tarixli Fərmanı ilə Elmlər Akademiyasının adına “Milli” sözünün əlavə edilməsi əlamətdar hadisə hesab olunmalıdır.
Ümummilli Liderin Azərbaycanın sosial-iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin rolunu, ölkənin ictimai-siyasi həyatında nüfuzunu və akademik elmin suveren Azərbaycan dövlətinin tərəqqisinin təminatçısı olduğunu ön plana çəkən elm siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev xalqın gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu dəfələrlə vurğulamış və müasir dövlət quruculuğunun elmin inkişafı olmadan mümkün olmadığını qeyd etmişdir. Hazırkı dövrdə dünya elminin nailiyyətlərinin öyrənilməsi və onların ölkəmizdə tətbiqi, dünyanın qabaqcıl elmi mərkəzləri ilə ortaq elmi-tədqiqat layihələrinin hazırlanması, gənc tədqiqatçıların xarici ölkələrin nüfuzlu universitetlərində magistratura və doktorantura səviyyəsində təhsil alması Azərbaycanın dünya elm məkanına inteqrasiya etməsi üçün prioritet istiqamətlərdir. İnanırıq ki, elmin inkişafı Azərbaycanın daha da güclənməsinə, tərəqqisinə, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına vəsilə olacaq. Akademik İradə Hüseynova tədbir iştirakçılarını Elm günü münasibətilə təbrik edib və onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev, biologiya elmləri doktorları Süleyman Səftərov, Yaşar Feyziyev, biologiya üzrə fəlsəfə doktorları Ülkər İbrahimova, Nərgiz Sultanova, Səmra Mirzəyeva, Nərgiz Bayramova və başqaları alim olmağın məsuliyyətini, bu çətin və şərəfli yolda qarşıya çıxan problemlərin həll edilməsi üçün insanın bütün varlığı ilə özünü elmə həsr etməyin zəruriliyini vurğulayıblar.
Tədbirdə, həmçinin uzun müddətli səmərəli elmi fəaliyyətilərinə görə b.e.d. professor Səftər Süleymanov, b.ü.f.d. dosent Ələmdar Məmmədov, b.ü.f.d. Zərifə Süleymanova MBBİ-nin Fəxri fərmanları, uzun müddətli səmərəli elmi fəaliyyətlərinə görə b.ü.f.d. Mahirə Məmmədova və b.ü.f.d. Nurməmməd Mustafayev institutun təşəkkürnamələri təqdim olunub.
Tədbirin sonunda Elm gününə həsr olunmuş film nümayiş etdirilib.