AZƏRBAYCAN MİLLİ                               ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi iclası keçirilib

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin hibrid formada Ümumi iclası keçirilib. Bölmənin xaricdə və regionlarda çalışan üzvləri toplantıya Zoom proqramı üzərindən qoşulublar.

Öncə bölmənin rəhbəri, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova iştirakçıları gündəliklə tanış edib, daha sonra “Elm günü” ilə əlaqədar olaraq AMEA-nın Fəxri fərmanları, diplomları və təşəkkürnamələri ilə, eləcə də “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə mükafatlandırılan alimləri, bölmə üzvlərini bir daha təbrik edib.

Gündəlikdə duran birinci məsələ 23-24 may 2024-cü il tarixlərində keçirilməsi planlaşdırılan “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfransla bağlı olub. Belə bir tədbirin “Yaşıl dünya naminə həmrəylik ili”nə və Bakıda keçiriləcək COP29-a hazırlığa töhfə vermək baxımından mühüm əhəmiyyətinə diqqət çəkən akademik İradə Hüseynova alimləri və elmi tədqiqat müəssisələrini konfransda fəal iştiraka çağırıb.

Sonrakı müzakirələrdə akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvləri Novruz Quliyev, Zeynal Əkpərov, Pənah Muradov, Əlövsət Quliyev, AR ETN Zoologiya İnstitutunun direktoru v.i.e., aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov çıxış edərək konfransın yüksək səviyyədə təşkili istiqamətində təkliflərini səsləndiriblər.

Sonra alternativ olunan enerji mənbələri, o cümlədən “yaşıl enerji” üzrə tədqiqatlar barədə məsələ müzakirəyə çıxarılıb. Bu məsələnin də “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı böyük aktuallıq kəsb etdiyini, qlobal miqyasda ekologiyanın sağlamlaşdırılması üçün Azərbaycanın da öz üzərinə bir sıra öhdəliklər götürdüyünü qeyd edən akademik İradə Hüseynova sözü qısa məruzə üçün AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Fotobioenergetika laboratoriyasının müdiri biologiya elmləri doktoru Yaşar Feyziyevə verib.

Məruzəçi “yaşıl enerji”, fotosintez və süni fotosintez, hidrogenin alınması, çevrilməsi, saxlanması, alternativ enerji mənbələrindən istifadə və bu sahədə əhali arasında təbliğat işinin vacibliyi, işğaldan azad edilmiş ərazilərdə günəş işığından alınmış elektrik enerjisinin toplanması, daşınması, ixracı və s. bu kimi məsələlər ətrafında mövcud biliklər, aparılan tədqiqatlar, gələcək perspektivlər haqqında danışıb, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Müzakirələrdə akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvləri Pənah Muradov, Tərlan Məmmədov, Novruz Quliyev, İlham Şahmuradov, biologiya elmləri doktoru, professor Səftər Süleymanov və b. çıxış ediblər. Müzakirələrə yekun vuran akademik İradə Hüseynova bütün qüvvələri səfərbər etməklə təbiətə zərər vurmadan alternativ enerji istehsalı problemləri üzrə müvafiq tədqiqatları gücləndirməyin vacibliyini xüsusi vurğulayaraq, elmi tədqiqat müəssisələrini birgə layihənin hazırlanmasına və təqdim olunmasına çağırıb.

Daha sonra AR Nazirlər Kabinetinin Bioloji Silahlar üzrə Konvensiyanın İmplementasiyası üzrə Dəstək Bölməsinə hesabat təqdim edilməsi haqqında məktubu, yenə də Nazirlər Kabinetinin AR Kənd Təsərrüfatı Nazirliyi ilə Mərakeş və İordaniya Haşimilər Krallığının, eləcə də Moldova, Rumıniya və Qazaxıstan respublikalarının Kənd Təsərrüfatı nazirlikləri arasında aqrar sahədə əməkdaşlıq haqqında Saziş layihələrinə rəy təqdim olunması barədə məktubu ilə bağlı məsələlər müzakirə edilib, müvafiq sahə mütəxəssislərinə hesabat və rəyin hazırlaması üzrə tapşırıqlar verilib.

İclasda “Elm günü” ilə əlaqədar bir qrup alim AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri fərmanı və Təşəkkürnaməsi ilə təltif edilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015