AR ETN Botanika İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva və Gənc Alim və Mütəxəssislər Şurasının sədri biologiya üzrə fəlsəfə doktoru Aydan Hüsüyeva Çin Xalq respublikasının Xi'an Memarlıq və Texnologiya Universitetinin İncəsənət Kollecinin təşkilatçılığı ilə keçirilən “İpək Yolu boyunca yerləşən ölkələrin davamlı qida sistemləri üzrə ilk fənlərarası forumu”nda iştirak edib.
Zoom platforması üzərindən keçirilən beynəlxalq forum Xi'an Memarlıq və Texnologiya Universitetinin İncəsənət Kollecinin nümayəndəsi Yufeng Han və Toronto Universitetinin Dalla Lana İctimai Səhiyyə Məktəbinin nümayəndəsi Zeyuan Wangın həmsədrliyi ilə keçirilib.
Forumun məqsədi İpək Yolu boyunca yerləşən ölkələr üzrə davamlı qida sistemləri haqqında informasiya mübadiləsi və əməkdaşlığın artırılması olub.
Tədbirdə müxtəlif ölkələrdən qatılan mütəxəssislər qida mədəniyyəti və tarixi, davamlı qida sistemləri, qida sisteminin transformasiyası və ənənəvi qidaların istifadəsi mövzusunda çıxışlar ediblər.
S.İbadullayeva və A.Hüsüyeva “Azərbaycanın ənənəvi yabanı qida bitkiləri” mövzusunda təqdimatla çıxış edib və sertifikata layiq görülüb.