AZƏRBAYCAN MİLLİ                               ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Bakıda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar tədbir keçirilib.

AzərTac xəbər verir ki, əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.

Milli Məclisin deputatlarının, dövlət və özəl sektor, qeyri-hökumət, beynəlxalq təşkilatların nümayəndələrinin, həmçinin respublikanın bütün regionlarından qadınların, görkəmli ictimai-siyasi xadimlərin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Prezident İlham Əliyevin Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubu oxunub.

Məktubu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva səsləndirib.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadınların çalışdıqları hər sahədə uğur qazanmaları üçün ölkəmizdə bütün şəraitin yaradıldığını bildirib. Qeyd edib ki, dövlətimiz tərəfindən qadınlara xüsusi diqqət və qayğı göstərilir, onların əməyi yüksək qiymətləndirilir.

Azərbaycançılıq ideyası uğrunda sıx birləşən xalqımız Zəfər qazanaraq qalib adını tarixə yazdığını, yeni reallıqlar yaradan Azərbaycanın Cənubi Qafqazın və dünyada gedən qlobal proseslərin mühüm aktoruna çevrildiyini vurğulayan B.Muradova gərgin proseslər fonunda dövlətimizin başçısının ətrafında sıx birləşməyin vacibliyini qeyd edib.

Bahar Muradova bildirib ki, son 20 ildə dövlət idarəçiliyində gender amilinə diqqət artırılıb, qadın hüquqlarının təminatı, onların səlahiyyətləndirilməsi və iqtisadi cəhətdən gücləndirilməsi istiqamətində böyük irəliləyişlər əldə edilib. Ötən 20 il ərzində Azərbaycan qadınlarının üç qurultayı və bir forumu keçirilib.

Diqqətə çatdırılıb ki, ölkəmizdə ictimai həyatın bütün sahələrində qadınların rolu ildən-ilə daha da artır, ictimai, sosial-iqtisadi, mədəni, mənəvi sahələrdə qadınlar fəal iştirak edirlər.

Çıxışının sonunda Azərbaycan qadınlarını bir daha təbrik edən Bahar Muradova onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra dövlətimizin qadın siyasətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Zemfira Hacıyeva, AMEA-nın Qadınlar Şurasının sədri fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, sədr müavini fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli və AMEA vitse-prezidentləri xidmətinin elmi katibi biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə iştirak ediblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015