Dünyaşöhrətli alim, tanınmış ictimai xadim, Əməkdar elm xadimi, akademik Cəlal Əliyev fundamental araşdırmaları və əldə etdiyi nailiyyətləri ilə Azərbaycanda elmin inkişafına sanballı töhfələr verib. Alimin tədqiqatları yeni istiqamətlər müəyyənləşdirməklə biologiya elmi qarşısında duran bir sıra aktual problemlərin həllinə xidmət edib. Ölkəmizdə biologiya elminin yeni istiqamətlərinin təşəkkülündə və inkişafında akademik Cəlal Əliyevin misilsiz xidmətləri olub. Fevralın 1-i görkəmli alim Cəlal Əliyevin anım günüdür.
Cəlal Əlirza oğlu Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1942–1944-cü illərdə Naxçıvan Müəllimlər İnstitutunun Təbiətşünaslıq-coğrafiya fakültəsində oxuyub, 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsində ali təhsil alıb. O,1951–1954-cü illərdə bitki fiziologiyası ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) aspirantı olub.
Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunun bitki fiziologiyası şöbəsində kiçik elmi işçi kimi başlayan Cəlal Əliyev burada böyük elmi işçi və laboratoriya müdiri, 1962-ci ildən ömrünün sonunadək şöbə müdiri vəzifələrini tutub. O, eyni zamanda, Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda 1971-ci ildən yaradıcı qrupun rəhbəri və laboratoriya müdiri işləyib, 1990-cı ildən məhsuldarlıq prosesinin molekulyar-genetik əsasları şöbəsinə rəhbərlik edib. Alim 1981–1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi olub. Cəlal Əliyev bitki fiziologiyası ixtisası üzrə 1955-ci ildə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. O, 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib.
Akademikin elmi fəaliyyətinin 65 ildən çoxu kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsinə həsr olunub. Öz məktəbini formalaşdırmış alimin yaradıcılığının mühüm qismi taxılçılığın inkişafına yönəlmişdi. Bu tədqiqatların nəticələrinin məqsədyönlü seleksiya işlərində kompleks şəkildə həyata keçirilməsi ilə Cəlal Əliyev yüksək məhsuldarlığa malik qiymətli sortlar yaratmışdı. Onun rəhbərlik etdiyi laboratoriyalarda alınan nəticələr bir çox beynəlxalq kənd təsərrüfatı mərkəzlərinin tədqiqat proqramlarında rəğbətlə qarşılanıb. Bioloji müxtəlifliyin qorunmasının əhəmiyyətini daim diqqət mərkəzində saxlayan alimin Azərbaycanda bitkilərin genetik ehtiyatları üzrə çoxsaylı beynəlxalq proqramların, eləcə də biomüxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında mühüm xidmətləri olub. Cəlal Əliyevin inkişaf etdirdiyi elmi istiqamətlərdən biri də torpaq-bitki sisteminin radioaktiv parçalanma məhsullarının çirklənməsinin müəyyənləşdirilməsi ilə bağlıdır. Onun bu problemlə əlaqədar fundamental əsərləri beynəlxalq miqyasda çox yüksək qiymətləndirilib.
Cəlal Əliyevin uzaqgörən təşəbbüskarlığı nəticəsində Azərbaycan elmində ilk dəfə biologiyanın ən müasir istiqamətlərindən olan biokimya, biofizika, molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, gen mühəndisliyi, riyazi və kompüter biologiyası, bioinformatika kimi elm sahələri inkişaf etdirilib. Son dövrlərdə isə maşınöyrənmə üsullarının və süni intellektin biologiya problemlərinə tətbiqinə başlanılıb, bu elmlər üzrə yüksəkixtisaslı kadr potensialı formalaşdırılıb. Cəlal Əliyev elmi məktəbinin yaradılması Azərbaycan elm tarixinin ən mühüm hadisələrindən hesab edilə bilər. Bu məktəbin bazasında Cəlal Əliyevin elmi yaradıcılığı, yüksək rəhbər keyfiyyətləri, kadr seçimi intuisiyası, gəncləri bacarıq və biliklərinə görə düzgün elmi istiqamətlərə yönəltmək ustalığı, onlara uzaqgörən alim məsləhətləri dururdu.
Akademikin yetişdirdiyi 300-ə yaxın alim bu gün ölkəmizdə və dünyanın tanınmış elm və təhsil mərkəzlərində tədqiqatçı və pedaqoq kimi fəaliyyət göstərir, Cəlal Əliyevin elmi məktəbini və ümumən Azərbaycan elmini layiqincə təmsil edir. Onun rəhbərliyi ilə 15 elmlər doktoru, 81 elmlər namizədi yetişib.
Cəlal Əliyev əldə etdiyi elmi nailiyyətlərə görə bir çox beynəlxalq mükafatlar alıb, xarici ölkələr tərəfindən təltif edilib. Onun Azərbaycanda elmin inkişafı sahəsində çoxillik zəngin və məhsuldar fəaliyyəti daim yüksək qiymətləndirilib. Alim “İstiqlal”, “Şərəf” ordenlərinə və müxtəlif fəxri adlara layiq görülüb. Cəlal Əliyev 2016-cı il fevralın 1-də ömrünün 88-ci ilində vəfat edib.
Görkəmli alim və tanınmış ictimai xadim Cəlal Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaq.