AZƏRBAYCAN MİLLİ                               ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Akademik Cəlal Əliyevin xatirəsi anılıb

Böyük alim və ictimai-siyasi xadim, Azərbaycanda biologiya elminin müasir istiqamətlərinin yaradılmasında misilsiz xidmətləri olan akademik Cəlal Əliyevin vəfatından səkkiz il ötür.

Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova başda olmaqla, Cəlal Əliyevin tələbələri müəllimlərinin əziz xatirəsini yad etmək üçün Fəxri xiyabanda olublar. Əsası akademik Cəlal Əliyev tərəfindən qoyulan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları ilə yanaşı, Botanika İnstitutunun, Genetik Ehtiyatlar İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları da Cəlal Əliyevin məzarını ziyarət edib, önünə əklillər və gül dəstələri qoyublar.

Sonra Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda alimin xatirəsinə həsr olunan tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan institutun baş direktoru akademik İradə Hüseynova bildirib ki, akademik Cəlal Əliyevin bütün həyatı elmi həqiqətin dərk olunmasına həsr olunub. Onun elmi fəaliyyətinin əsas istiqamətini kənd təsərrüfatı bitkilərinin məhsuldarlıq proseslərinin nəzəri əsasları kimi fotosintez və fototənəffüs proseslərinin öyrənilməsi təşkil edirdi. Fundamental tədqiqatların nəticələrinin seleksiya işlərində kompleks şəkildə həyata keçirilməsi nəticəsində Cəlal Əliyev tərəfindən yüksək məhsuldarlığa malik qiymətli buğda sortları yaradılmışdır. Alim keçən əsrin 70-ci illərində Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin bünövrəsini qoymaqla fundamental tədqiqatlarla zəngin bir məktəb formalaşdırıb. Akademik Cəlal Əliyevin o dövrdə yaratdığı kiçik qrup Botanika İnstitutunun nəzdində şöbə kimi fəaliyyətinin davam etdirmiş və daha sonra həmin şöbənin əsasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu yaradılmışdır. Biologiyanın müasir istiqamətlərindən olan molekulyar biologiya, molekulyar genetika, riyazi biologiya, bioinformatika, gen və hüceyrə biotexnologiyası, gen mühəndisliyi sahələri Azərbaycan elmində ilk dəfə olaraq məhz Cəlal Əliyevin uzaqgörənliyi və məqsədyönlü fəaliyyətləri sayəsində inkişaf etdirilib, onun rəhbərliyi ilə bu elmlərin güclü kadr bazası formalaşdırılıb. Cəlal Əliyevin yaratdığı ənənəyə uyğun olaraq Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda gənclərin elmi fəaliyyəti və dünya elminə inteqrasiyası üçün bütün imkanlar yaradılıb. Akademik Cəlal Əliyev təkcə alim kimi deyil, həm də bir insan kimi, yetişdirdiyi yüzlərlə gənc alim və ziyalıların müəllimi kimi də həmişə xatırlanacaq. Elmə böyük töhfələr vermiş akademik Cəlal Əliyevin əziz xatirəsi ürəklərdə daim yaşayacaqdır.

Tədbirin sonunda alimin həyat və yaradıcılığına həsr olunmuş “Əbədi çıraq” filmi nümayiş etdirilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015