AZƏRBAYCAN MİLLİ                               ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Akademik İradə Hüseynova: Builki seçkilər Azərbaycan tarixinin yeni mərhələsinə başlanğıc verəcək

Builki seçkilər Azərbaycan tarixinin yeni, daha bir yüksək mərhələsinə başlanğıc verəcək. Müstəqillik dövründə ilk dəfədir ki, seçki məntəqələri respublikanın suverenliyinin ötən il tam təmin olunduğu ərazilər də daxil olmaqla, bütün respublikanı əhatə edir.

Bunu AzərTac-a müsahibəsində AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova söyləyib. İradə Hüseynova bildirib ki, işğaldan azad edilmiş ərazilərdə, xüsusilə də Xankəndi şəhərində seçki məntəqələrinin qurulması hər bir azərbaycanlının qəlbini fərəh hissi ilə doldurur. Bu mənada Zəfər seçkiləri adlandıra biləcəyimiz növbədənkənar prezident seçkiləri, həmçinin müstəqilliyimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin daha bir təsbiti, son illərdə bu istiqamətdə gedən proseslərin yekunu, zirvə nöqtəsidir.

“Azərbaycan xalqı bugünkü seçkilərdə siyasi iradə, vətəndaş mövqeyi və mütəşəkkillik göstərməklə bütün dünyaya həqiqi demokratiya dərsi verməkdədir. Biz bu günə qədər qazanılmış nailiyyətlərin möhtəşəmliyini qeyd etməklə gələcəyə də böyük ümidlərlə və inamla baxırıq. Azərbaycan dövlətinin və xalqının yeni milli hədəflərə də ən qısa zamanda yetişəcəyi şübhəsizdir. Müzəffər xalqın nümayəndəsi kimi inanırıq ki, növbəti mərhələdə bundan da böyük uğurların şahidi olacağıq”, - deyə akademik İradə Hüseynova əminliyini bildirib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015