Bakı Dövlət Universitetinin (BDU) təsis etdiyi “Acta Botanica Caucasica” jurnalı BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatının (FAO) Aqrar Elm və Texnologiya üzrə Beynəlxalq Sistemində (AGRİS) indeksləşdirilib və xüsusi identifikasiya kodu alıb.
AGRIS kənd təsərrüfatı elmi və texnologiyası üzrə 12 milyondan çox strukturlaşdırılmış biblioqrafik qeydləri olan qlobal ictimai məlumat bazası olub, biologiya və aqrar elmlər sahəsində dünyanın əsas informasiya bazalarından biri sayılır. 1974-cü ildən fəaliyyət göstərən AGRIS-ə 65 ölkədən 150-dən çox iştirakçı qurum, akademik institut, nəşriyyat, dövlət orqanı, milli və beynəlxalq təşkilat tərəfindən informasiyalar daxil edilir. AGRIS-in imkanlarından dünya üzrə 400 mindən çox tədqiqatçı və mütəxəssis istifadə edir.
AGRIS sistemi alimlərə, tədqiqatçı və tələbələrə AGROVOC bazasından, xüsusi jurnal başlıqlarından və ya ölkələrin, qurumların və müəlliflərin adlarından, açar sözlərdən istifadə edərək mürəkkəb axtarışlar aparmağa imkan verir.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası biologiya və aqrar elmlər sahəsi üzrə AGRIS bazasını beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalar) aid edir və bu bazada indeksləşən jurnallarda çıxan məqalələr beynəlxalq məqalə kimi qəbul olunur.
Qeyd edək ki, “Acta Botanica Caucasica” beynəlxalq elmi araşdırmalar jurnalı məzmununa görə elmi-tədqiqat nəşridir. Jurnalda fundamental və tətbiqi botanikanın anatomiya, morfologiya, fitosenologiya, floristika, sistematika, geobotanika, bitki ehtiyyatlar, dərman və aromatik bitkilər, aqrobotanika, paleobotanika, taksonomiya, farmakoqonoziya, lixenobriologiya, mikologiya, algologiya və s. kimi sahələr üzrə aparılan son tədqiqatlar və elmi yeniliklər dərc edilir. Jurnalın baş redaktoru BDU-nun Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri AMEA-nın müxbir üzvü Elşad Qurbanovdur.