AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində (LREM) “Müstəqillik dövrü nəsrimiz Azərbaycan Xalq Cümhuriyyəti dəyərlərinə qayıdış kontekstində (M.Ə.Rəsulzadə irsi üzərindən)” adlı seminar keçirilib.
Seminarı Mərkəzin elmi işlər üzrə direktor müavini biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova açaraq məruzə üçün sözü LREM-in direktoru filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyevə verib.
M.Əliyev seminarda iştirak edən Lənkəran Dövlət Universiteti və Lənkəran Tibb Kollecinin bir qrup tələbələrini salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin M.Ə.Rəsulzadənin anadan olmasının 140 illik yubileyi ilə əlaqədar imzaladığı Sərəncam barədə məlumat verib.
Məruzəçi diqqətə çatdırıb ki, Azərbaycan xalqının canı, qanı bahasına əldə olunmuş müstəqilliyin əks-sədası, ilk növbədə, milli-mənəvi dəyərlərlə bəşəri ideyaların sintezindən yaranmış ədəbiyyatdan daha tez eşidilir. Lokal və qlobal müstəvidə baş verən proseslərə zamanında reaksiya verən söz sənəti bu cəhətdən incəsənətin heç bir növü ilə müqayisə edilə bilməz. 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra daxili və xarici siyasətdə bir çox həlli vacib olan məsələlər yenidən gündəmə gəldi. Müstəqillik dövrü nəsri, ilk növbədə, milli kimlik, özünüdərk və özünütanımanın yeni mərhələsi kimi diqqətçəkicidir. Bu məsələdə nəzəri-ideya baza rolunu Cümhuriyyət qurucularının siyasi-elmi-publisistik araşdırmaları ola bilər.
Mehman Əliyev, həmçinin Xalq yazıçısı Sabir Rüstəmxanlının “Göy Tanrı”, akademik Kamal Abdullanın “Unutmağa kimsə yox” və “Sehirbazlar dərəsi” romanları barədə mülahizələrini M.Ə.Rəsulzadə irsi üzərindən geniş təhlilə cəlb edib.
Məruzə ətrafında müzakirələrdə Mərkəzin elmi işlər üzrə direktor müavini biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova M.Ə.Rəsulzadə irsinə qayıdışı soykökümüzə qayıdış kimi dəyərləndirib, Cümhuriyyət qurucusunun ədəbiyyatçı, publisist, jurnalist kimi fəaliyyətindən söz açıb.
Sonda Lənkəran Dövlət Universitetinin və Lənkəran Tibb Kollecinin tələbələri ilə xatirə şəkli çəkilib.