AZƏRBAYCAN MİLLİ                               ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Mikrobiologiya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan tədbiri keçirilib.

Öncə vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun Təhsil, informasiya və əlaqələr şöbəsinin müdiri b.ü.f.d. Vüsalə Xəlilzadə bildirib ki, 1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşında şanlı səhifə kimi yaşayacaq. 20 Yanvar Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının qəhramanlıq salnaməsidir. Bu qanlı hadisələr o vaxtkı sovet rəhbərliyinin xalqımızın haqq səsini susdurmaq üçün planlı şəkildə həyata keçirdiyi qanlı cinayət idi. Müasir silahlarla təchiz edilən, tərkibində erməni zabitlərinin də olduğu sovet ordu birləşmələri dinc, əliyalın əhaliyə, insanlara amansız divan tutmuş, Azərbaycan xalqının milli azadlıq hərəkatını pozmağa çalışmışdır.

Tədbirdə institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aytən Bayramova çıxış edərək 1990-cı ilin 20 yanvar tarixində Azərbaycanın azadlığı arzusu ilə mübarizəyə qalxmış dinc sakinlərə qarşı sovet qoşunlarının törətdiyi cinayətlərdən bəhs edib, bildirib ki, xalqımız əldə etdiyi müstəqilliyi insanların qanı bahasına başa gəldiyini unutmamalı, gələcək nəsillərə çatdırmalıdır.

Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Fəridə Əliyeva və üzvü Aygün Behbudova çıxış edərək 20 Yanvar həqiqətlərindən danışaraq, bu kimi tarixi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən və bu istiqamətdə gənclərin üzərinə düşən məsuliyyətdən söz açıblar. Vurğulanıb ki, 20 Yanvar şəhidləri heç vaxt unudulmayacaq, xalqımız var olduqca onların qəhrəmanlıq əməlləri daim anılacaqdır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015