Bakı Dövlət Universiteti (BDU) tərəfindən təsis olunan “Acta Botanica Caucasica” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) məqalələrin dərc olunması tövsiyə edilən “Biologiya elmləri və Aqrar elm” sahələri üzrə dövri elmi nəşrlərin siyahısına daxil edilib.
Jurnalın baş redaktoru BDU-nun Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri AMEA-nın müxbir üzvü Elşad Qurbanovdur.
“Acta Botanica Caucasica” beynəlxalq elmi araşdırmalar jurnalı məzmununa görə elmi-tədqiqat nəşridir. Jurnalda fundamental və tətbiqi botanikanın anatomiya, morfologiya, fitosenologiya, floristika, sistematika, geobotanika, bitki ehtiyyatlar, dərman və aromatik bitkilər, aqrobotanika, paleobotanika, taksonomiya, farmakoqonoziya, lixenobriologiya, mikologiya, algologiya və s. kimi sahələr üzrə aparılan son tədqiqatlar və elmi yeniliklər dərc edilir.
Nəşrin redaksiya heyəti yerli və xarici olmaqla nüfuzlu alim və tədqiqatçılardan formalaşmışdır. Jurnalda indiyədək dərc olunmayan, orijinallığı, yeniliyi və aktuallığı, ciddi elmi arqumentasiyası, qabaqcıl nəzəri və praktiki əhəmiyyəti ilə diqqəti cəlb edən məqalələr antiplagiat proqramında baxışdan keçirdikdən sonra ingilis dilində dərc edilir. Məqsəd aktual elmi əsərlərin dərcinə yardım göstərməklə, elmi məlumatların inteqrasiya olunmasına müəyyən təkan verməkdir.
Jurnalda məqalələrin internet axtarış sistemlərində tanınması üçün indeksləşmə mexanizmlərindən DOI (Digital Object Identifier) identifikatorları və nömrələri qeyd olunub. Məqalələrə rəqəmsal identifikatorların verilməsi həmin məqalələrə tez bir zamanda girişin təmin olunması və jurnalın internet şəbəkəsində tanınmasına şəraitin yaradılması üçün nəzərdə tutulub.
Nəşr beynəlxalq elmmetrik bazalarına daxil olmaq üçün elmi jurnallara qoyulan tələblərə əsasən tərtib edilir.
“Acta Botanica Caucasica” elmi-tədqiqat jurnalının başlıca məqsədi beynəlxalq indeksləşdirilmiş bazalarda əksini tapmaq, yüksək keyfiyyəti ilə dünya miqyasında tanınmaq, təsis olunduğu Bakı Dövlət Universitetinin nəşrlə əlaqəli arxiv bazasının potensialının artırılmasına nail olmaq və ölkənin botanika elmi sahəsindəki inkişafına müsbət təsir göstərməkdir.
“Acta Botanica Caucasica” jurnalına növbəti sayda dərc ediləcək elmi məqalələrin qəbulu həyata keçirilir.