Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA) ilk prezidenti, tanınmış ictimai xadim, ilk azərbaycanlı alim-cərrah, ilk tibb elmləri doktoru, Əməkdar elm xadimi, akademik Mirəsədulla Mirqasımovun doğum günüdür. Mirəsədulla Mirqasımovun adı xalqımızın qürur və məhəbbətlə çəkdiyi adlar sırasında xüsusi yer tutur. Bu, bir tərəfdən böyük alimin dünyada ən humanist peşə sahibi olmasından, yüzlərlə insana sağlamlıq, həyat bəxş etməsindən irəli gəlirsə, digər səbəb onun şəxsiyyətinin bütövlüyündən, ziyalı, alim, vətəndaş adını ləyaqətlə daşımasından qaynaqlanır.
Görkəmli alim və həkim-cərrah Mirəsədulla Mirqasımovun doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.
Mirəsədulla Mirqasımov 1883-cü il noyabrın 17-də Bakıda müəllim ailəsində anadan olub. İlk təhsilini mədrəsədə və ruhani seminariyasında aldıqdan sonra Bakı Rus Gimnaziyasını bitirib. 1908-ci ildə Odessada Novorossiysk Universitetinin Tibb fakültəsinə qəbul olub. Tələbəlik illərində ərəb, fars və rus dilləri sahəsindəki biliklərini daha da dərinləşdirib, tərcümə ilə məşğul olub. Təhsil almaqla yanaşı, sanitar və əczaçı kimi çalışıb, Uzaq Şərq mədənlərində feldşer işləyib. Həkimlik diplomu aldıqdan sonra isə Odessanın müxtəlif klinika və xəstəxanalarında ordinator kimi cərrahiyyə əməliyyatları aparıb. O, seçdiyi ixtisasın sirlərinə daha dərindən bələd olub, lakin öz üzərində müntəzəm işləməyi də unutmayıb.
1916-cı ildə Mirəsədulla Bakıya qayıdıb, 12-ci hərbi lazaretdə cərrah-ordinator, 1918-ci ildə şəhər xəstəxanasında Cərrahiyyə şöbəsinin baş ordinatoru işləyib. Çox keçmədən xəstələr və həmkarları arasında rəğbət qazanıb, tibb aləmində sənətinin bilicisi kimi məşhurlaşıb. Gənc həkimin tezliklə belə zəngin təcrübə toplaması onun Bakı Dövlət Universitetinin Tibb fakültəsinə dəvət olunması ilə nəticələnib. O, burada pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı, ciddi elmi axtarışlar da aparıb. 1926-cı ildə assistent olduğu zaman tədqiqatlarını davam etdirmək üçün bir müddət Almaniyaya ezamiyyətə göndərilib.
1927-ci ildə Mirəsədulla Mirqasımov tədqiqatlarını birləşdirərək “Azərbaycanda sidik daşı xəstəliklərinin öyrənilməsinə dair materiallar” mövzusunda ilk dəfə doktorluq dissertasiyası müdafiə edib. Bununla da ilk azərbaycanlı alim-cərrah adına yiyələnib, tibbi cərrahiyyə elmi məktəbinin əsasını qoyub. 1929-cu ildə isə professor adını alıb. 1930-cu ildə Azərbaycan Tibb Universiteti (ATU) yaradıldıqdan sonra görkəmli alimin fəaliyyəti klinik cərrahiyyə, travmatologiya və urologiyanın tədrisi ilə bağlı olub. 1931-1934-cü illərdə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilib. Azərbaycan dilində cərrahlıq sahəsində ilk dərsliyi 1933-cü ildə hazırlayıb. Gərgin iş rejiminə baxmayaraq, görkəmli alim ictimai işlərdə də fəallıq göstərib. Üç çağırış – 1937-ci, 1946-cı və 1950-ci illərdə SSRİ Ali Sovetinin deputatı olub. 1955-ci ildə Cərrahların Beynəlxalq Assosiasiyasının həqiqi üzvü seçilib.
İkinci Dünya müharibəsi illərində görkəmli alimin “Cərrahiyyə”, “Qısaca ümumi cərrahiyyə kursu” dərslikləri, “Azərbaycanda sidik daşı xəstəliyinin öyrənilməsi materialları”, “Ölkənin müdafiəsində cərrahiyyənin rolu” kitabları çapdan çıxıb. Azərbaycanda hospital xidməti məhz Mirəsədulla Mirqasımovun böyük təcrübəsi nəticəsində inkişaf edib möhkəmlənib.
1945-ci ildə ölkənin təbii ehtiyatlarının, qədim tarixinin, ədəbiyyat və incəsənətinin dərindən öyrənilməsi və iqtisadi inkişafı sürətləndirmək məqsədilə keçmiş SSRİ Elmlər Akademiyasının nəzdində Azərbaycan Elmlər Akademiyası təsis olunub. Görkəmli alim, respublikada cərrahiyyə və urologiyanın elmi əsaslarını qoyan Mirəsədulla Mirqasımov yekdilliklə bu elm ocağının prezidenti seçilib. Elmlər Akademiyasının təsis edilməsi ilə Azərbaycan elmi fikrinin inkişafı tarixində ilk dəfə olaraq elmi fəaliyyət mükəmməl təşkilati struktura malik sistemli xarakter alır. Akademiyanın prezidenti olduğu 1945-1947-ci illərdə M.Mirqasımov elmi fəaliyyətin yeni akademik təşkilati strukturda qurulması istiqamətində olduqca əhəmiyyətli tədbirlər həyata keçirir, istər təbiət, texnika, istərsə də ictimai, humanitar elm sahələrinin inkişaf perspektivləri üçün zəruri olan istiqamətlərin əsasını qoyur. Alimin şəxsi mənəvi-əxlaqi keyfiyyətləri, zəngin elmi təcrübəsi bu sahədə fəaliyyəti üçün olduqca əhəmiyyətli rol oynayır. Böyük alim yeniliyi təbliğ etməklə yanaşı, həm də bu ideyaları gerçəkləşdirənlərin ilk cərgəsində özünə layiqli yer tutub. O, akademiyanı Azərbaycanda elmi tədqiqatların əlaqələndirilməsi üzrə həqiqi bir elm mərkəzinə çevirir. Elmlər Akademiyasının tarixində bu dövr təkcə maddi-texniki bazanın gücləndirilməsi, kadrların seçilməsi kimi çətin təşkilatçılıq məsələlərinin həlli ilə deyil, həm də fundamental təbiət və ictimai elmlərin genişlənməsi və dərinləşməsi, elmi mühitdə yeni orijinal elm sahələrinin yaranması və inkişafı ilə də səciyyələnir. M.Mirqasımovun Elmlər Akademiyasına rəhbərliyi dövründə həyata keçirilən elmi-təşkilati tədbirləri xüsusilə qeyd etmək lazımdır.
Böyük alim 1958-ci il iyulun 20-də Bakı şəhərində dünyasını dəyişib. Onun tibb elminə qoyub getdiyi böyük irsi, nəşr edilmiş saysız-hesabsız əsərləri indi də praktikada geniş istifadə olunur. Alimin bir sıra araşdırmaları qarın yatalağı peritonitlərinin - qarın pərdəsinin iltihabı diaqnostikasına və müalicəsinə həsr olunub. Bununla əlaqədar onun 1957-ci ildə rus dilində çapdan çıxmış “Qarın yatalağı cərrahiyyəsi” kitabı dəyərli dərs vəsaiti kimi bu gün də öz əhəmiyyətini itirməyib. Bir sözlə, Mirəsədulla Mirqasımov elmi-təşkilati, pedaqoji və tibbi-nəzəri istiqamətləri özündə birləşdirən çoxşaxəli fəaliyyəti ilə XX əsrin birinci yarısında Azərbaycan elmi-ictimai düşüncəsinin təşəkkülündə və inkişafında müstəsna rol oynayıb.
Mirəsədulla Mirqasımov ATU-da çalışdığı dövrdə bu elm və təhsil ocağının nəzdində klinikaların yaradılması barədə çox düşünüb. Buna nail ola bilməsə də, onun ideyaları bu gün reallaşıb. Bakıdakı küçələrdən birinə, eləcə də Respublika Klinik Xəstəxanasına akademik Mirəsədulla Mirqasımovun adının verilməsi onun şəxsiyyətinə olan ehtiramın təcəssümüdür.