AZƏRBAYCAN MİLLİ                               ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
İctimaiyyət nümayəndələri akademik Mirəsədulla Mirqasımovun məzarını ziyarət ediblər

Noyabrın 17-də AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, səhiyyə nazirinin müavini Nadir Zeynalov, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov və ictimaiyyət nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti, tanınmış ictimai xadim, ilk azərbaycanlı alim-cərrah, ilk tibb elmləri doktoru, Əməkdar elm xadimi, akademik Mirəsədulla Mirqasımovun anadan olmasının 140 illiyi münasibətilə Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

İctimaiyyətin nümayəndələri görkəmli alimin məzarı üzərinə tər gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Mirəsədulla Mirqasımovun elmi, ictimai fəaliyyətindən danışan akademik İsa Həbibbəyli görkəmli alimin Azərbaycan Elmlər Akademiyasının qurucu prezidenti kimi elm tariximizə düşdüyünü, ölkə elminin bütün sahələri üzrə aparılacaq fundamental elmi tədqiqatların istiqamətlərinin müəyyən edilməsinə də xüsusi diqqət yetirdiyini söyləyib. Qeyd edib ki, təbiət və texniki elmlər üçün lazımi maddi-texniki bazanın yaradılması, laboratoriyaların təşkili də akademik Mirəsədulla Mirqasımovun adı ilə bağlıdır.

Sonra çıxış edən akademik Mirəsədulla Mirqasımovun oğlu, Xalq artisti Oqtay Mirqasımov atasının xatirəsinə göstərilən yüksək diqqət və ehtirama görə minnətdarlığını bildirib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015