AZƏRBAYCAN MİLLİ                               ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
“Ağa Musa Nağıyev: tarix yazan binalar” sənədli filminin təqdimatı olub

Mərkəzi Zabitlər Evində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli Dəyərlərin Qorunması” ictimai birliyi tərəfindən həyata keçirilən “Ağa Musa Nağıyev: tarix yazan binalar” sənədli filminin təqdimatı olub.

Film 2023-cü ilin qrant müsabiqəsində qəbul edilmiş layihə çərçivəsində ərsəyə gəlib. Layihə rəhbəri “Milli Dəyərlərin Qorunması” ictimai birliyinin təsisçisi, Azərbaycan milyonçusu və mesenatı Ağa Musa Nağıyevin nəvəsi, tarix üzrə fəlsəfə doktoru Dilarə Nağıyeva-Muxtarovadır.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təqdimat mərasimində sənətşünaslıq elmləri doktoru, professor Elçin Əliyev çıxış edərək Ağa Musa Nağıyevin xeyriyyəçilik ənənələrinin sənədli film vasitəsilə geniş təbliğ olunmasının Azərbaycanın milli maraqlarına uyğun olduğunu bildirib. O, nümayiş olunan ekran əsərinin Azərbaycan cəmiyyətində Bakı şəhərinin tarixi ilə bağlı biliklərin daha da genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, film Azərbaycan tarixinin indiyədək bilinməyən səhifələrini açır, həmçinin milli-mənəvi dəyərlər sisteminin əsas elementlərindən olan xeyriyyəçilik ənənələrini təbliğ və təşviq edir.

Sonra Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, şair-publisist Abdulla Qurbani, Ağa Musa Nağıyevin nəticəsi Könül Muxtarova və AMEA Rəyasət Heyəti aparatının vitse-prezidenti xidmətinin elmi-katibi, biologiya elmləri doktoru Tubuxanım Qasımzadə Vətənin xeyriyyəçi oğlu Ağa Musa Nağıyevin Azərbaycan xalqı üçün gördüyü işlərdən bəhs ediblər. Çıxış edənlər sənədli filmin Bakı şəhərində iki tarixi binanın timsalında XX əsrin əvvəllərində milyonçu və xeyriyyəçi Ağa Musa Nağıyevin rəhbərliyi ilə inşa edilmiş binaların paytaxtın arxitektura ansamblının əsasını təşkil etdiyini, bu binaların Azərbaycan tarixinin ən keşməkeşli hadisələrinə şahidlik etdiyini bildiriblər. Diqqətə çatdırılıb ki, A.M.Nağıyev Bakının memarlığına gözəllik bəxş edən və qeyri-adi üslubu ilə seçilən 98 bina miras qoyub. O sübut edib ki, məhz tikililər silinməz varidatdır, qədim və müasir tariximizin arasında bir körpüdür.

Çıxışlarda, həmçinin M.Nağıyev irsinin Azərbaycan tarixində yenidən yaşamasında mesenatın nəvəsi Dilarə xanımın gördüyü işlərdən danışılıb.

Daha sonra xeyriyyəçinin fəaliyyətini əks etdirən “Ağa Musa Nağıyev: tarix yazan binalar” sənədli filminin nümayişi olub.

Qeyd edək ki, filmdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Bakı milyonçusu və xeyriyyəçi Ağa Musa Nağıyevin XX əsrin əvvəllərində şəhərimizdə tikdirdiyi tarixi binalar haqqında məlumat verib. O, Ağa Musa Nağıyevin İsmailiyyə sarayının 1908-1913-cü illərdə oğlu İsmayılın şərəfində Qotik üslubda inşa etdirdiyini bildirib. Akademik İradə Hüseynova qeyd edib ki, saray ilkin dövrdə Müsəlman Xeyriyyə Cəmiyyətinin qərargahı olsa da, hazırda AMEA-nın Rəyasət Heyətinin binası kimi istifadə edilir. 

Tədbirdə akademik İradə Hüseynova, professor Elçin Əliyev, polkovnik Abdulla Qurbani və Ağa Musa Nağıyevin nəticəsi Könül Muxtarova filmin ərsəyə gəlməsində və Ağa Musa Nağıyev irsinin təbliğində xidmətlərinə görə “Ağa Musa zirvəsi” diplomu ilə təltif ediliblər.

Sonda “Milli Dəyərlərin Qorunması” ictimai birliyinin təsisçisi, Ağa Musa Nağıyevin nəvəsi Dilarə Nağıyeva-Muxtarova çıxış edərək qonaqları vaxtilə babasına məxsus olan binada - Mərkəzi Zabitlər Evində görməkdən məmnun olduğunu deyib. O, babasının sahibkarlıq, xeyriyyəçilik və ictimai  fəaliyyətindən danışıb, tədbirin iştirakçılarına və təşkilatçılarına təşəkkürünü bildirib.

 Tədbir bədii hissə ilə davam etdirilib.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015