Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Eksperimental botanika şöbəsinin aparıcı elmi işçisi b.ü.f.d., dosent Gülnar Sultanova və institutun doktorantı b.ü.f.d., dosent Xəyalə Rüstəmovanın həmmüəllif olduqları “Ultrasəs dalğalarının analizinin təsiri altında eritrositlərin qan-damar sistemində davranışının bir model kimi təklifi” adlı məqalə “Elsevier” nəşriyyatının, “Scopus” bazasına daxil olan “European Chemical Bulletin” jurnalında nəşr olunub.
Aparılan elmi tədqiqatlara əsasən mühüm elmi nəticənin əks olunduğu məqalədə in vivo qan dövranında hüceyrələrin məhv edilməsinin analoqu kimi in vitro US sahəsində onların mexaniki məhv edilməsi modeli təklif olunur. Qeyd olunur ki, həm US sahəsində, həm də qan damarlarında hərəkət zamanı mexaniki amillər hüceyrələrə təsir göstərir. US təsirinin müxtəlif rejimlərində hüceyrələrin müqaviməti ilə qan dövranında davranışları arasında korrelyasiya var ki, bu da qan axınının müxtəlif hissələrində eritrositlərin davranışının bir modeli kimi təqdim edilə bilər.