AZƏRBAYCAN MİLLİ                               ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda şəhidlərin xatirəsi anılıb

Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib  və vətən uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yığıncağı giriş sözü ilə açan Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev bildirib ki, məhz güclü dövlət siyasəti və  hərbçilərimizin qəhrəmanlığı sayəsində tarixi torpaqlarımız düşmən tapdağından azad edilib. Ə.Quliyev qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tariximizin kədərli günlərini qürurlu günlərlə əvəz edib. Alim 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın döyüş yolundan söz açıb və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib.

Tədbirdə Vətən müharibəsinin iştirakçısı, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Mülki Müdafiə qərargahının rəisi polkovnik-leytenant Ruslan Məhəmmədov çıxış edərək Vətən müharibəsində bizə böyük qələbəni yaşadan qüdrətli Azərbaycan Ordusunun keçdiyi çətin döyüş yolundan bəhs edib.

Anım tədbirində çıxış edən Vətən müharibəsi qaziləri Füzuli, Xocavənd, Şuşa və Laçın uğrunda cəsurca döyüşən Elvin Yəhyayev və Xəlil Yusifov da öz döyüş yolları, qazanılan möhtəşəm qələbə, 44 günlük müharibə haqqında təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı, laboratoriya müdirləri, a.e.d Mustafa Mustafayev və a.e.ü.f.d Mirvari Məmmədova çıxışlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən 44 günlük mübarizədə xalqımızın bir yumruq kimi həmrəylik, əzm və iradə nümayiş etdirdiyini qeyd ediblər.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015