AZƏRBAYCAN MİLLİ                               ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
“Avrasiyada Biomüxtəliflik - SEAB 2023” VI beynəlxalq simpoziumu öz işinə başlayıb

Sentyabrın 6-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun, AMEA-nın və Türkiyənin Erzurum Texnik Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Avrasiyada Biomüxtəliflik - SEAB 2023” VI beynəlxalq simpoziumu öz işinə başlayıb.

Simpozium iştirakçıları əvvəlcə Fəxri xiyabanda müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər. Eyni zamanda, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsi anılıb, məzarı üzərinə güllər qoyulub.

Daha sonra Biologiya və Tibb Elmləri Bölməsi institutlarının elmi nailiyyətlərinə həsr olunmuş sərgiyə baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Simpoziumda giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Avrasiyada biomüxtəlifliyin aktual elmi problemlərinə həsr olunmuş beynəlxalq tədbirin əhəmiyyətindən söz açıb. Bu gün iqlim dəyişikliyi və biomüxtəliflik məsələlərinin dünyanın ən mühüm problemlərinə çevrildiyini qeyd edən akademik İsa Həbibbəyli bu məsələlərə dövlətlər səviyyəsində diqqət yetirildiyini və alimlər qarşısında mühüm vəzifələrin müəyyənləşdirildiyini bildirib.

AMEA rəhbərinin sözlərinə görə, hazırda Yer kürəsində müşahidə olunan qlobal istiləşmə, buzlaqların əriməsi, dəniz səviyyəsinin geri çəkilməsi, okean sularının azalması və s. kimi problemlər dünyada su problemləri məsələsini daha da aktuallaşdırmışdır. Təsadüfi deyil ki, dünyada su problemlərini əhatə edən 77 dövlətlərarası müqavilə imzalanmışdır.

Akademik İsa Həbibbəyli bugünkü simpoziumda müzakirəyə çıxarılacaq məsələlərin bitkilərin mühafizə olunması, nəsli kəsilməkdə olan bitkilərin qorunması, faunanın mühafizəsi, su problemləri kimi vacib məqamları əhatə etdiyini vurğulayıb. Bildirib ki, hazırda elmi tədqiqat müəssisələrində qeyd olunan məsələlərlə bağlı geniş tədqiqatlar aparılır, bu sahə üzrə fəaliyyət göstərən qurumlarla birgə layihələr həyata keçirilir.

O, nəsli kəsilmək təhlükəsi altında olan flora və fauna növlərinin yer aldığı “Qırmızı kitab”ın üçüncü nəşrinin bu yaxınlarda ictimaiyyətə təqdim olunduğunu qeyd edib. Alim kitabın ikinci nəşrində yer alan 80-dən çox flora və fauna nümunəsinin qorunub saxlanılması ilə əlaqədar onların artıq üçüncü nəşrdən çıxarıldığını bildirib, bunu Azərbaycan alimlərinin uğuru kimi qiymətləndirib. 

AMEA prezidenti ölkə rəhbərliyinin su problemlərinin həllinə böyük diqqət yetirdiyini və dövlət proqramlarının tərkib hissəsi olduğunu qeyd edərək, bu məqsədlə Prezident İlham Əliyev tərəfindən imzalanmış “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamın və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaradılmasının əhəmiyyətini vurğulayıb.

Akademik İsa Həbibbəyli çıxışının sonunda bugünkü konfransın dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələrlə biomüxtəliflik problemlərinin həlli istiqamətində birgə fikir mübadiləsinin aparılması, dünya təcrübəsinin öyrənilməsi və bu təcrübənin Azərbaycanda tətbiqi üçün imkanlar yaradacağına əminliyini ifadə edib.

Sonra elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli çıxış edərək bu kimi mühüm problemlərə həsr olunmuş konfransların beynəlxalq əməkdaşlıq çərçivəsində keçirilməsinin önəminə toxunub. O, xüsusən qardaş Türkiyə ilə əsrlər boyu bir çox istiqamətlər üzrə davam edən əməkdaşlığın elm sahəsində də uğurla davam etdirildiyini qeyd edərək, bugünkü konfransın həm də Türkiyə universitetinin birgə təşkilatçılığı ilə keçirilməsini yüksək qiymətləndirib.

Nicat Məmmədli Elm və Təhsil Nazirliyi tərəfindən elm sahəsində qarşıya qoyulan məsələlərin icrasına dəstək verildiyini bildirib, yaxın zamanlarda yeni təşəbbüslərin, layihələrin həyata keçiriləcəyini diqqətə çatdırıb.  

“Gələcəkdə biomüxtəliflik problemləri ilə bağlı tədqiqatların genişləndirilməsi, dünyanın nüfuzlu elmi qurumları ilə birgə tədqiqatların aparılması, elmi jurnalların təsis olunması və onların elmi bazalarda indeksləşdirilməsi qarşımızda duran vacib məsələlərdəndir”, - deyə qeyd edən elm və təhsil nazirinin müşaviri atılacaq bu addımların Azərbaycan elminin dünya elminə inteqrasiyasında vacib rol oynayacağına əminliyini ifadə edib.

O, tədbirin yekununda əldə olunacaq nəticələrin gələcəkdə dövlət proqramlarının icrasında əhəmiyyətli rol oynayacağını deyib, simpoziumun işinə uğurlar arzulayıb.

Daha sonra Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova çıxış edərək Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq simpoziumda 15 ölkənin nümayəndəsinin iştirak etdiyini söyləyib, xarici ölkələrdən gələn təmsilçilərə, eləcə də tədbirə onlayn qoşulan iştirakçılara təşəkkürünü bildirib. Biomüxtəliflik problemlərinin həlli istiqamətində ölkələrin elmi-praktiki nailiyyətlərinin paylaşılması məqsədilə bu cür tədbirlərin keçirilməsinin önəmini qeyd edən Minarə Həsənova beynəlxalq simpoziuma ümumilikdə 237 tezis və məqalənin qəbul edildiyini diqqətə çatdırıb.

Alim Dendrologiya İnstitutunun sabiq baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun rəbərliyi ilə təbiəti mühafizə sahəsində, iqlim dəyişkənliyinin biomüxtəlifliyə təsiri yönündə 6 konfrans, 1 qurultay və 1 simpoziumun təşkil edildiyini bildirib. O, bu gün altıncısı keçirilən “Avrasiyada Biomüxtəliflik- SEAB” beynəlxalq simpoziumunun da ilk dəfə 2015-ci ildə AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun təşəbbüsü ilə keçirildiyini vurğulayıb.

Tədbirdə, həmçinin Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Erzurum Texnik Universitetinin rektoru, professor Bülnt Çakmak, Pakistandan olan nümayəndə Şan Ali, Pamukkale Universitetinin professoru Serdar Duşen və SEAB təşkilat komitəsinin sədri, professor Ramazan Məmmədov çıxış edərək beynəlxalq simpoziumun aktual elmi problemlərə həsr olunduğunu bildiriblər.

Qeyd edək ki, simpozium işini Avropa və Asiya qitələrinin əsas bitki örtüyü və heyvanlar aləmi daxil olmaqla, çox sayda elmi araşdırmalar üzrə “Ətraf mühitin çirkləndiricilərinin iqlim dəyişkənliyinə təsiri”, “İqlim dəyişkənliyinin növlərin yayılması, arealı və miqdarına təsiri”, “Bitkilərin in vitro, in situ, ex situ şəraitində biomüxtəlifliyinin öyrənilməsi və biomüxtəlifliyin saxlanılmasının normativ-hüquqi bazası”, “Təbii və antropogen amillərin biomüxtəlifliyə təsiri” və “Biomüxtəlifliyin saxlanılma problemləri” və s. bölmələr üzrə davam etdirib.

“Avrasiyada Biomüxtəliflik - SEAB 2023” VI beynəlxalq simpoziumu sentyabrın 8-dək davam edəcək.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015