AZƏRBAYCAN MİLLİ                               ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
Ölkəmizdə mədə-bağırsaq orqanlarının cərrahi müalicəsi­nin inki­şafında və tibb kadrlarının hazırlanmasında xidmətləri olan böyük alim

Tanınmış alim və təbib, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, tibb elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Böyükkişi Ağa oğlu Ağayev 10 sentyabr 1928-ci ildə Zərdab rayonunun Əlvənd kəndində anadan olmuşdur. O, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə fakül­təsini bitirib.

Böyükkişi Ağayev 1957-ci ildə namizədlik və 1966-cı ildə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş, 1968-ci ildə professor elmi adına layiq görülmüşdür. Tibb elmində və kadr hazırlığında əldə etdiyi mühüm nailiyyətlər nəzərə alınaraq tanınmış alim 1980-ci ildə Azərbaycan SSR EA-nın müxbir və 1989-cu ildə həqiqi üzvü seçil­mişdir.

Böyükkişi Ağayev 1949-cu ildə Tibb İnstitutunu bitirdik­dən sonra, 6 ay müddətində akade­mik M.M.Mirqasımovun rəhbərlik etdiyi Cərrahiyyə kafedrasında təkmil­ləşmə keçmiş, 1950-54-cü illərdə Sabirabad rayon xəstəxanasında həkim-cərrah kim­i çalışmışdır. O, Həştərxan Tibb İnstitutunun Cərrahiyyə kafedrasının assisenti (1958-60), Azərbaycan Səhiyyə Nazirliyinin ET Onko­logiya İnstitu­tu­nun Cərrahiyyə şöbəsinin baş elmi işçisi və şöbə müdiri (1960-67) vəzifə­lərində çalışmışdır.

Böyükkişi Ağayev Azərbaycan Tibb Universitetinin Cərrahiyyə kafedrasının müdiri (1973), ET Qastroenterologiya İnstitutunun (1988), aka­de­mik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru (1999-2018) olmuşdur.

Elmi fəaliyyətinin əsas istiqamətini hepotobiliar cərrahiyyə, əsasən qara ciyər, öd yolları, mədəaltı vəzi, həzm sistemi orqanlarının və başqa cərrahi xəstəliklərin diaqnostikası və müalicəsi təşkil etmişdir. Cərrahi əməliyyatlarla əla­qədar orqanizmin immun sistemindəki dəyişikliklərin ni­zamlanması, müxtəlif orqanların funksional fəaliyyətinin müəyyənləşdiril­məsi sahəsində alimin eks­perimental nəticələr əsasında təcrübi tövsiyələri və ixtiraları dünya tibb elmi­nin yeniliklərindən olmuşdur. Öd yollarında aparılan bir sıra rekons­truktiv və bərpa­edici əməliyyatların təkmilləşdirilməsində və praktiki olaraq tətbiqində bö­yük xid­mətləri ilə tanınmışdır. Beynəlxalq aləmdə nüfuz qazanmış cərrah-kli­nisist­ Böyükkişi Ağayevin Azərbaycanda mədə-bağırsaq orqanlarının cərrahi müalicəsi­nin inki­şafında və tibb kadrlarının hazırlanmasında xidmətləri böyükdür.

Böyükkişi Ağayev 400-ə qədər elmi əsərin, 12 monoqrafiya, “Cərrahi əmə­liy­yatlar atlası”nın (2013), dərsliklərin və 8 ixtiranın müəllifi olub. O, mötəbər beynəlxalq elmi tədbirlərdə etdiyi məruzələrilə Azərbaycan tibb elmini layiqincə təmsil edib.

Alimin elmi rəhbərliyi və məsləhətçiliyi ilə tibb üzrə 52 elmlər namizədi və 9 elmlər doktoru hazırlanıb.

Böyükkişi Ağayevin ictimai fəaliyyəti də səmərəli olub, o, bir sıra beynəlxalq elmi cəmiyyətlərin üzvü və 12-ci çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilib.

Böyükkişi Ağayev Azərbaycanın “Əməkdar elm xadimi” (1979) fəxri adına layiq görülmüş, Azərbaycan Respublikasının “Şöhrət” ordeni (1998), AR Səhiyyə Nazirliyinin “Akademik M.A.Topçubaşov” və AMEA-nın “Akademik Mirəsədulla Mirqasımov adına” mükafatları ilə təltif edilmişdir. Azərbaycan Respubli­kasının “Nizami Gəncəvi adına qızıl medalı”, ABŞ Biblioqrafiya Mərkəzinin qızıl medalı (1997) və fəxri fərmanlarla mükafat­landırılmışdır.

Akademik Böyükkişi Ağayev 4 aprel 2018-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Böyükkişi Ağayevin əziz xatirəsi ölkənin elmi ictimaiyyətinin, elmi məktəbinin davamçılarının və bütün onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015