Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) “İnsanın genetik identifikasiyası və pasportlaşdırılması” mövzusunda təcrübə-təlim kursu keçirilib.
Təcrübə-təlim kursu Azərbaycan Elm və İnnovasiya Könüllüləri təşkilatı tərəfindən təşkil edilib. Təlim kursunda Bakı Dövlət Universitetinin və Sumqayıt Dövlət Universitetinin tələbələri iştirak ediblər.
Tələbələrə “Şəxsiyyətin identifikasiyası: yaranma tarixi, əhəmiyyəti və tətbiqi aspektləri” və “Populyasiya və genom tədqiqatları: özəllikləri, üstünlükləri, problemləri” mövzusunda iki mühazirə oxunub. Mühazirələri institutun Populyasiya genomiksi laboratoriyasının müdiri b.ü.f.d., dosent Nurməmməd Mustafayev söyləyib. Həmin laboratoriyanın kiçik elmi işçisi Lalə Axundova DNT-nin qatılığının spektrofotometrik təyini, PZR-in aparılmasına hazırlıq, PZR-in həyata keçirilməsi, PZR məhsullarının elektroforezi və nəticələrin sənədləşdirilməsi kimi təcrübi kursu aparıb. Təcrübə-təlim kursunun sonunda tələbələr Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsi”nin Biologiya şöbəsinin Molekulyar genetik laboratoriyasında şəxsiyyətin identifikasiyası və mübahisəli atalığın/analığın təyini üzrə təcrübədə iştirak ediblər.
Təcrübə kursunun gedişində tələbələr RealTime PCR, adi PCR, kapillyar elektroforez aparatlarında iş və alınan nəticələrin analizini həyata keçirən proqramlar ilə də tanış olublar.
www.science.gov.az