НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
AMEA-nın müxbir üzvü Zeynal Əkpərovu 70 yaşı tamam olur
Сен 28, 2022 | 03:00 / Юбилеи
Прочитано 327 раз (-а)

Milli bitki genetik ehtiyatlarının mühafizəsi və səmərli istifadəsi sahəsində tanınmış alim və elm təşkilatçı, Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun 70 yaşı tamam olur.

Zeynal İba oğlu Əkpərov 28 sentyabr 1952-ci ildə Cəlilabad rayonunun Privolnı kəndində anadan olub. O, 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) fərqlənmə diplomu ilə, 1981-ci ildə isə Elmi Tədqiqat (ET) Əkinçilik İnstitutunda bitkilərin fiziologiyası ixtisası üzrə əyani aspiranturanı bitirib. Zeynal Əkpərov 1987-ci ildə Moldova Respublikasının Elmlər Akademiyasının Fiziologiya və Biokimya İnstitutunda fiziologiya ixtisası üzrə “Soyadan yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən fotosintez fəaliyyəti” mövzusunda namizədlik dissertasiyasını (elmi rəhbər: akademik Cəlal Əliyev), 2010-cu ildə isə ET Əkinçilik İnstitutunda “Azərbaycanın bitki genetik ehtiyatlarının öyrənilməsi və seleksiyada istifadəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib (elmi məsləhətçi: akademik Cəlal Əliyev).

1988-ci ilə kimi ET Əkinçilik İnstitutunda kiçik elmi işçi, daha sonra böyük elmi işçi, 1990-cı ildən laboratoriya müdiri və 1992-ci ildən 2000-ci ilədək elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb.

2000-2002-ci illərdə Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyində, Dünya Bankının Kənd Təsərrüfatının Kreditləşməsi və İnkişafı layihəsində, Müsabiqəli Qrantlar Proqramında Kənd Təsərrüfatı Tədqiqatları Şurasının icraçı katibliyində müşavir vəzifəsində işləyib, 2003-2022-ci illərdə isə AMEA-nın Genetik Ehtiyatlar İnstituta rəhbərlik edib. O, hazırda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun baş direktorudur.

Akademik Cəlal Əliyev elmi məktəbinin layiqli davamçılarından olan Zeynal Əkpərov Azərbaycanda genetik ehtiyatların mühafizəsi, tədqiqi, səmərəli istifadəsi, yeni bitki sortlarının yaradılması, eləcə də kənd təsərrüfatı bitkilərinin becərilmə texnologiyalarının və idarəetmə sisteminin elmi əsaslarının işlənib hazırlanması sahələrində bir sıra mühüm elmi və elmi-praktiki nailiyyətlər əldə edib. Onun Genetik Ehtiyatlar İnstitutuna rəhbərlik etdiyi dövrdə burada Milli Genbank, BGE üzrə Milli Şəbəkə, Mərkəzi Məlumat Bazası yaradılıb, milli bitki genefondunun genetik pasportlaşdırılması həyata keçirilib. Onun gərgin elmi fəaliyyəti nəticəsində mədəni bitkilərin yabanı əcdadlarına aid bəzi nadir və itmək təhlükəsində olan növlərin arealları dəqiqləşdirilmiş, itmə təhlükələri müəyyənləşdirilib, mühafizəsi üçün elmi tövsiyələr işlənib-hazırlanıb. Bitki genetik ehtiyatlarının yeni təsnifatı işlənib hazırlanıb, mühafizə strategiyaları üzrə yeni metodologiyalar təklif edilib.

Z.Əkpərov uzun illərdir ki, biomüxtəliflik və bitki genetik ehtiyatları üzrə beynəlxalq şəbəkələrdə, o cümlədən Genetik Ehtiyatlar üzrə Avropa Əməkdaşlıq Proqramının (ECPGR) strukturlarında, Mərkəzi Asiya və Cənubi Qafqaz Regional Şəbəkəsinin Koordinasiya Şurasında, FAO-nun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) Dünya İnformasiya və Qabaqcadan Xəbərvermə Sistemində (WIEWS), Biomüxtəlifliyə dair Beynəlxalq Konvensiyanın, BGE üzrə Beynəlxalq Müqavilənin müvafiq rəhbər orqanlarında Azərbaycanı Milli Əlaqələndirici kimi uğurla təmsil etməklə genetik ehtiyatlar sahəsində Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında və müsbət imicinin formalaşmasında xüsusi rol oynayır. Z.Əkpərov 2010-cu ildə Mərkəzi Asiya və Cənubi Qafqaz Regional Şəbəkəsinin Koordinasiya Şurasının sədri seçilərək mühüm beynəlxalq tədbirlərdə regionu təmsil edir.

Z.Əkpərov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Mədəni bitkilərin genetik ehtiyatları üzrə Elmi-Texniki Şuranın və “Biomüxtəlifliyin mühafizəsi” cəmiyyətinin sədri, AMEA-nın “Həyat elmləri və biotibb” jurnalının və bir neçə beynəlxalq nəşrin (o cümlədən, “Genetic Resources and Crop Evolution” jurnalının (İF-1.423)) redaksiya heyətinin üzvü və Genetik Ehtiyatlar İnstitutunun Elmi əsərlərinin baş redaktorudur. Z.Əkpərov Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2013-cü ildə yaradılmış “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şura”nın sədridir.

Z.Əkpərov 210 elmi əsərin (90-ı xaricdə), o cümlədən 7 kitab (3-ü xaricdə), 3 monoqrafiya, 2 kitabça, 2 tövsiyə, 18 müəlliflik şəhadətnaməsi və patentin, 2 ixtiranın müəllifidir. Həmmüəllifi olduğu 18 bitki sortu rayonlaşdırılaraq patentləşdirilib. Z.Əkpərovun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 11 fəlsəfə, 3 elmlər doktoru hazırlanıb.

Zeynal Əkpərov səmərəli elmi fəaliyyətinə görə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə  “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. O, həmçinin “Clarivate Analytics” ilə Elmin İnkişafı Fondunun həyat haqqında elmlər üzrə Ən Məhsuldar Müəllif və AMEA-nın Həsən bəy Zərdabi (2018) adına mükafatları ilə təltif edilib.

AMEA-nın müxbir üzvü üzvü Zeynal Əkpərovu 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, elmi və pedaqoji fəaliyyətində uğurlar arzu edirik!

Copyright © 2015 Институт Информационных Технологий НАНА