НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
ABŞ-da fəaliyyət göstərən azərbaycanlı alim: Genetik Ehtiyatlar İnstitutu ilə ABŞ-ın Birləşmiş Genom İnstitutu narın genomunun oxunması üzrə birgə layihənin icrasını həyata keçirir
Авг 29, 2022 | 04:06 / Интервью, выступления
Прочитано 138 раз (-а)

Müsahibimiz ABŞ-da fəaliyyət göstərən bioinformatika və kompüter genomikası sahəsində tanınmış azərbaycanlı alim, ABŞ-ın Birləşmiş Genom İnstitutunun aparıcı elmi işçisi, Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Beynəlxalq kompüter genomikası laboratoriyasının müdiri, professor Asəf Salamovdur.

Asəf Salamov beynəlxalq miqyasda tanınan və elmi məqalələrinə çoxsaylı istinadlar olunan dünyanın tanınmış alimlərindən biridir. Onun elmi əsərlərinə 56000-dən çox istinad edilib və hirş indeksi 86-dır. Alimin çoxlu sayda məqaləsi dünyanın nüfuzlu, yüksək impakt faktorlu jurnallarında, o cümlədən tanınmış “Nature” və “Science” jurnallarında dərc olunub.

O, həmçinin “İnsan genomu” üzrə beynəlxalq layihənin iştirakçılarından olan yeganə Azərbaycanlı alimdir.

- Asəf müəllim, Azərbaycan elmini dünya səviyyəsində uğurla təmsil edən alimlərimizdən birisiniz. Dünya elmində yüksək nüfuz sahibi olmaq üçün keçdiyiniz mərhələlərdən bəhs edərdiniz.

- 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişəm. Bilirsiniz ki, böyük alim, görkəmli ictimai-siyasi xadim, akademik Cəlal Əliyev hər zaman gənclərin təhsilinə önəm verirdi, gənc mütəxəssislərin nüfuzlu elmi mərkəzlərdə təhsil almaları, xaricdə təcrübə keçmələri üçün şərait yaradırdı. Həmin dövrdə təyinatla akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Fiziki-Kimyəvi Biologiya Bölməsinin biotexnologiya qrupuna göndərilmişəm. Bir müddət hazırlıqdan sonra 1987-1990-cı illərdə akademik Cəlal Əliyevin dəstəyi ilə Novosibirsk şəhərində yerləşən SSRİ EA-nın Sibir bölməsinin Sitologiya və Genetika İnstitutunda aspirantura təhsili almışam. 1991-ci ildə “Qlobulyar zülalların ikincili quruluşunun təkamülü” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsini almışam.

SSRİ-nin süquta uğradığı illərdə isə, 1993-cü ildə Amerika Birləşmiş Ştatlarına üz tutdum. Əvvəlcə ABŞ-ın Texas ştatında, daha sonra Yaponiya və İngiltərədə tədqiqatlar aparmışam. Son 19 ildir Kaliforniyanın Lawrence Berkli Milli Laboratoriyasinda genom tədqiqatlarının aparılması ilə məşğul olan  Birləşmiş Genom  İnstitutunda fəaliyyət göstərirəm. Qeyd edim ki, bu elmi tədqiqat laboratoriyasında mühüm istiqamətlər üzrə araşdırmalar aparılır, yüksək elmi nəticələr əldə olunur.

Həmin laboratoriyada hesablama biologiyası, biologiyada riyazi metodlar və bioinformatika problemlərinin dərindən tədqiqini həyata keçirirəm.

Eyni zamanda, Azərbaycanda Genetik Ehtiyatlar İnstitutunun Beynəlxalq kompüter genomikası laboratoriyasının müdiri vəzifəsini yerinə yetirirəm.

- Məlumdur ki, elmi fəaliyyətinizdə riyaziyyat və kompüter elmlərinin molekulyar biologiyada, əsasən də makromolekulların öyrənilməsində tətbiqi istiqamətində tədqiqatlar xüsusi yer tutur. Bu istiqamətdə elmdə əldə etdiyiniz uğurlardan danışmağınızı istərdik.

- 20 il öncə sekvens olunmuş (yəni nukleotid ardıcıllıqları müəyyən olunmuş) genom genlərinin koordinatlarının müəyyən olunması üçün proqram işləmişdik. Həmin dövrdə olduqca populyarlıq qazanmış bu proqram bir çox elmi tədqiqat institutlarında geniş istifadə olunurdu. Bundan başqa, müxtəlif illərdə funksional saytlar, zülal ardıcıllığına dair proqramlar işləyib hazırlamışıq.

Qeyd edim ki, son illərdə süni intellekt metodları əsasında bakteriyalar, göbələklər kimi makroorqanizmlərdə genom xüsusiyyətlərini öyrənirik.

Sonuncu dəfə insan genomunun tədqiqi ilə 2005-ci ildə məşğul olmuşam.

Fəaliyyət göstərdiyim laboratoriya vaxtilə insan orqanizmində olan 23 cüt xromosomdan 3 xromosomun öyrənilməsi ilə məşğul idi. Hazırda isə laboratoriyada insan və heyvandan başqa, digər canlıların genomlarının xüsusiyyətləri öyrənilir. Şübhəsiz ki, müasir dövrdə bu istiqamətdə tədqiqatların əhatə dairəsi genişləndirilib, milyonlarla insanın genomu tədqiqatlara cəlb olunub. Ümumiyyətlə, hazırda texnologiyaların ən son nailiyyətlərindən istifadə etməklə genom ardıcıllığını təyin etmək əvvəlki dövrlərlə müqayisədə xeyli asanlaşıb.

- Asəf müəllim, “İnsan genomu” üzrə beynəlxalq layihənin iştirakçılarından biri olmusunuz. Bir qədər də bu barədə məlumat verərdiniz.

- Bugünədək fəaliyyət göstərdiyim 3 müəssisədə genomların tədqiqi ilə məşğul olmuşam. Bu sahədə ilk dəfə olaraq 1993-1996-cı illərdə ABŞ-ın Texas Beylor Tibb Kollecində işlədiyim zaman təcrübə toplamışam. “İnsan genomu” beynəlxalq layihəsinin iştirakçılarından biri olmuşam. Rəsmi olaraq 1990-cı ildə başladılan və 13 il davam edən bu layihə bugünədək dünyanın ən böyük bioloji əməkdaşlıq layihəsi hesab olunur. ABŞ höküməti tərəfindən maliyyələşdirilən layihə ABŞ-la yanaşı, Böyük Britaniya, Yaponiya, Fransa, Almaniya və Çinin iyirmi universitetində və tədqiqat mərkəzlərində həyata keçirildi. 

Qeyd etmək istərdim ki, insan genomunu təşkil edən DNT ardıcıllıqlarının müəyyən olunması molekulyar tibb və insan təkamülü kimi bir çox sahələr üçün zəruri istiqamətlərdəndir. Belə ki, bu layihə genomun tərkibindəki amin turşuların və nukleotidlərin ardıcıllıqlarının təyin edilməsi, dərmanların hazırlanması və insan bədəninin quruluşunu anlamaq üçün həlledici əhəmiyyət kəsb edir.

Layihənin başa çatmasına baxmayaraq, hələ də genomun bəzi hissələrinin əlavə analizi üzrə tədqiqatlara ehtiyac var.

- Genetik Ehtiyatlar İnstitutu ilə fəaliyyət göstərdiyiniz ABŞ-ın Birləşmiş Genom İnstitutu arasında hansı elmi istiqamətlər üzrə birgə əməkdaşlıq əlaqələri qurulub?

- Genetik Ehtiyatlar İnstitutu ölkədə bitki genofondunun saxlanılması və tədqiqi üzrə olduqca vacib elmi tədqiqat mərkəzidir. Burada minlərlə bitkinin genofondu qorunub saxlanılır, onlar üzərində fundamental və tətbiqi işlər həyata keçirilir. Xüsusilə qeyd etmək istərdim ki, institut milli genofondun mühafizəsində müstəsna əhəmiyyətə malikdir və genom sahəsində tədqiqatlar aparmaq üçün müasir standartlara cavab verən laboratoriyalara sahibdir və çox sevindiricidir ki, bu laboratoriyalarda olduqca enerjili gənc tədqiqatçılar çalışırlar. Hazırda GEİ ilə ABŞ-ın Birləşmiş Genom İnstitutu bir sıra birgə layihələrin icrasını həyata keçirir. Bu istiqamətdə görülmüş işlərdən biri nar bitkisinin genomunun oxunması üzrə aparılmış tədqiqatlarla bağlıdır. Tədqiqatların nəticələrinə əsasən, qeyd olunan istiqamətdə yüksək elmi nəticələr əldə edilib. Bu tədqiqatların nəticələrini özündə əks etdirən məqalə nüfuzlu jurnallardan birinə təqdim olunub.

Düşünürəm ki, gələcəkdə iki qurum arasında biologiya elminin yeni sahələri olan metagenomika, tək hüceyrə sekvensi, data elmi və s. istiqamətlərdə əməkdaşlıq əlaqələri daha da gücləndiriləcəkdir.

- Elmi rəhbərliyiniz altında Genetik Ehtiyatlar İnstitutunun Beynəlxalq kompüter genomikası laboratoriyasında hansı elmi nəticələr əldə olunub?

- Laboratoriyada müxtəlif istiqamətlərdə tədqiqat işləri aparılmaqdadır. Burada institutun elmi tədqiqat planına uyğun olaraq bitki ehtiyatlarının genotipləşdirilməsindən əldə edilən böyük verilənlərin analizi aparılmış, çoxlu sayda beynəlxalq məqalələr dərc etdirilmişdir. İlk dəfə olaraq, sekvens əsasında genotipləşdirmə metodundan istifadə etməklə buğda və arpa bitkisinə aid 700-dən artıq nümunənin genetik müxtəlifliyi tədqiq edilmişdir. Müxtəlif təşkilatlarla əməkdaşlıq nəticəsində nar bitkisi ilə yanaşı, eqiilops bitkisinin də tam genomunun sekvenslənməsindən əldə edilən verilənlərin bioinformatik analizi həyata keçirilir.

Son illərdə aparılmış əhəmiyyətli tədqiqatlardan biri kimi koronavirusun minlərlə ştammının genom məlumatlarının sürətli analizi üçün yeni bioinformatik proqramın hazırlamasını da göstərmək olar. Bu proqramdan istifadə etməklə 77 ölkəni əhatə edən 17 983 SARS-CoV-2 genomunun müqayisəli təhlili həyata keçirilib.

Müxtəlif ölkələrin genom verilənləri referens genomla, eləcə də öz aralarında müqayisəli analiz edilib, onların variasiya tipləri (TNP, insersiya, delesiya, indel), təsir gücü, mutasiyanın baş verdiyi regionlar, əvəzolunmalar, mutasiyaya uğrayan genlər, kodonlar, amin turşuları, həmçinin mutasiyanın aşkar olunduğu ştammların sayı müəyyən edilib.

Beynəlxalq kompüter genomikası laboratoriyasında tələbələrin tədqiqatlara cəlb olunması istiqamətində də işlər görülür. Qeyd edim ki, ABŞ-da da bu təcrübə tətbiq olunur, universitetlərdə təhsil alan tələbələr müvafiq laboratoriyalarda professorların rəhbərliyi ilə elmi tədqiqat fəaliyyətində iştirak edirlər. Berkli Universitetinin tələbələri də fəaliyyət göstərdiyim mərkəzdə tədqiqatlar aparırlar.

- Sizin fikrinizcə, Azərbaycan elminin dünya elminə inteqrasiya etməsi və nüfuz qazanması üçün hansı işlər görülməlidir? Alimlərimizə nüfuzlu beynəlxalq elmi bazalara daxil olan jurnallarda dərc olunan məqalələrin sayını artırmaq üçün nə kimi tövsiyələr verərdiniz?

- Hesab edirəm ki, Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin etmək üçün ilk növbədə, ölkədə yetişməkdə olan gənc nəslin dünyanın nüfuzlu elmi mərkəzlərində prioritet elmi istiqamətlər üzrə təhsil almalarına və təcrübə keçmələrinə dəstək göstərilməlidir.

Bundan başqa, alimlərimizin beynəlxalq elm aləmində nüfuz sahibi olan alimlərlə birgə seminarlarının keçirilməsi, bilik və təcrübə mübadiləsinin aparılması da bu istiqamətdə atılacaq ən zəruri addımlardan biridir.

Məhşur azərbaycanlı alim, professor Lütfi Zadənin bu istiqamətdə gördüyü işlərdən bəhs etmək istərdim.

2012-ci ildə professor Lütfi Zadə ilə əlaqələr qurdum və həmin ildən hər həftə ABŞ-ın Kaliforniya ştatında yerləşən nüfuzlu Berkli Universitetində alimin seminarlarında iştirak etməyə başladım. Dünyanın müxtəlif ölkələrindən alimlər bu seminarlara Lütfi Zadənin elmini, onun dəyərli fikirlərini dinləməyə gəlirdilər. Professor Lütfi Zadənin son seminarlarında 90-dan artıq yaşı olmasına baxmayaq zehni açıq idi, öz dərin elmi biliklərini səlis şəkildə bizimlə bölüşürdü. Alimin sonuncu seminarında da iştirak etmişəm.

Qeyd edim ki, hazırda Azərbaycan Alimlərinin Elmi Diasporu Mərkəzində bu kimi seminarlar təşkil olunmaqdadır. Mərkəzə üzv olan dünyanın müxtəlif ölkələrində fəaliyyətlərini davam etdirən alimlərimiz, o cümlədən Böyük Britaniyanın Molekulyar Biologiya İnstitutunun və Azərbaycanın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası laboratoriyasının müdiri professor Qərib Mürşüdov, mən və digərləri onlayn olaraq bu seminarlara qoşularaq öz təcrübəmizi bölüşürük.

- Məlumdur ki, hazırda Azərbaycanda bioinformatika və kompüter genomikası sahəsində kadrların yetişdirilməsinə dəstək verirsiniz. İstərdik, bu istiqamətdə görülən işlər barədə də məlumat verəsiniz.

- Koronavirus pandemiyası ilə əlaqədar olaraq son illərdə Azərbaycana tez-tez gəlmək mümkün olmasa da, çalışırdım ki, Beynəlxalq kompüter genomikası laboratoriyasında fəaliyyət göstərən gənc tədqiqatçılara onlayn olaraq əlimdən gələn dəstəyi göstərim. Ümumiyyətlə, hər bir sahədə gənclərə dəstək vermək, onların təcrübə toplamalarına şərait yaratmaq əhəmiyyətli məsələlərdəndir.

Gənclərə tövsiyəm ondan ibarətdir ki, fəaliyyət göstərdikləri sahələrdə yeni biliklər əldə etməyə səy göstərsinlər, öz sahələrində sayılıb-seçilən mütəxəssislərdən biri olmaq üçün bütün imkanlarını səfərbər etsinlər.

Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin sektor müdiri

Copyright © 2015 Институт Информационных Технологий НАНА