НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Biologiya elminə töhfələr verən yenilikçi alim
Авг 16, 2022 | 02:33 / Важные события
Прочитано 90 раз (-а)

Azərbaycanda biologiya elminin tanınmış simalarından biri, “Şöhrət” ordenli, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Əzizovun anadan olmasının 75 illiyini ölkənin elmi-pedaqoji ictimaiyyəti dərin sevgi-sayğı ilə qeyd edir. Tanınmış alim ömrünün 55 ilini ölkəmizdə biologiya elminin və ali təhsilin inkişafına həsr edərək önəmli nailiyyətlər əldə etmişdir.

İbrahim Vahab oğlu Əzizov 5 avqust 1947-ci ildə Zaqatala rayonunun Qarqay kəndində anadan olmuşdur. O, 1971-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) fərqlənmə diplomu ilə bitirərək, 2 il Zaqatala rayonu Mosul və Qandax kənd orta məktəblərində müəllimlik etmişdir. 1972-ci ildə “Bitki fiziologiyası” ixtisası üzrə Azərbaycan SSR Elmlər Akademiyası Botanika İnstitutunun aspiranturasına daxil olan gənc İbrahimi tale böyük alim, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradıcısı akademik Cəlal Əliyevin yanına gətirmişdir. Aspiranturada təhsil aldığı illərdə Azərbaycan biologiya elminin karifeyi olan bu görkəmli alimin rəhbərliyi ilə məhsuldarlığına görə fərqlənən müxtəlif buğda sortlarının ontogenezində xloroplastların fotokimyəvi fəallığının tədqiqi ilə məşğul olan İbrahim Əzizov üçün akademik Cəlal Əliyev təkcə elmi rəhbər olmamış, eyni zamanda, bütün digər tələbələri kimi ona da himayədarlıq etmiş, daim diqqət və qayğı göstərmişdir.

1978-ci ildə Azərbaycan SSR EA Botanika İnstitutunun nəzdində fotosintezin fiziologiyası laboratoriyası təşkil olunmuş və İbrahim Əzizov həmin laboratoriyanın ilk əməkdaşı kimi baş laborant vəzifəsinə təyin edilmişdir. 1987-ci ildə laboratoriya məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsinə çevrilmişdir. 1987–2016-ci illərdə İbrahim Əzizov burada böyük, aparıcı və baş elmi işçi, laboratoriya müdiri kimi səmərəli fəaliyyət göstərmişdir. Bu şöbənin əsasında 2016-cı ildə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu yaradılandan İbrahim Əzizov fəaliyyətini bu institutun xloroplastların fotokimyası laboratoriyasının müdiri kimi uğurla davam etdirir.

İbrahim Əzizov 1981-ci ildə akade­mik Cəlal Əliyevin rəhbərliyi ilə “Müxtəlif məhsuldar buğdaların ontogenezində xloroplastların fotosintez qabiliyyəti” mövzusunda dissertasiya işini müdafiə edərək “Bitki fiziologiyası” ixtisası üzrə biologiya elmləri namizədi elmi dərəcəsini almışdır. O, tədqiqatlarını uğurla davam etdirərək, alınan nəticələr əsasında 1994-cü ildə “Məhsuldarlığı və becərilmə şəraiti ilə əlaqədar olaraq müxtəlif buğda sortlarının assimiləedici orqanlarından ayrılmış xloroplastlarda fotokimyəvi reaksiyaların fəallığı” mövzusunda dissertasiya işini müdafiə etmiş, biologiya elmləri doktoru elmi dərəcəsini almışdır. Bioloq alim 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, 2017-ci ildə isə professor elmi adına layiq görülmüşdür.

Tanınmış alim apardığı elmi tədqiqat işlərinin nəticələrinə görə bir sıra beynəlxalq elmi konfranslara dəvət alaraq məruzələrlə çıxış etmiş və onun elmi nailiyyətləri xarici ölkə alimlərinin marağına səbəb olmuşdur. Həm istedadı və bilikləri, həm də zəhmətkeşliyi ilə seçilən İbrahim Əzizov 290-dan artıq elmi əsərin, 1 monoqrafiya, 1 kitab və 1 patentin müəllifidir. Onun rəhbərliyi ilə biologiya üzrə 8 fəlsəfə doktoru dissertasiyası müdafiə olunmuşdur. Elmi tədqiqatlarla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olan İbrahim müəllim 1985-ci ildən Bakı Dövlət Universitetində, 2016-ci ildən Molekulyar Biologiya və Biotex­nologiyalar İnstitutunda ixtisas dərslərini aparmaqla öz bilik və bacarıqlarını gənc nəslə ötürür.

Bitki fiziologiyası sahəsində tanınmış alim İbrahim Əzizovun elmi fəaliyyəti stres şəraitində müxtəlif buğda sort­larının su rejiminin, zülal tərkibinin və xloroplastların fotosintez fəallığının tədqiqinə həsr olunmuşdur. O, Abşeronun neftlə çirklənmiş torpaqlarının monitorinqini aparmış, ərazi üçün səciyyəvi olan mikroorqanizmlərdən, onurğasızlardan və bitkilərdən istifadə etməklə çirkli torpaqların bioremediasiyası üsulunu işləyib hazırlamışdır. AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşları ilə birgə apardıqları tədqiqatlarda bir sıra bitki mənşəli radioprotektor xassəli fizioloji fəal maddələr alınaraq bitki və heyvan orqanizminə daxil edilərək onların şüaqoruyucu xassələri tədqiq olunmuşdur.

AMEA-nın müxbir üzvü İbrahim Əzizovun elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də respublikamızın müxtəlif ekoloji şəraitlərində yetişə bilən və yüksək məhsuldarlığa malik, quraqlığa və şoranlığa davamlı buğda sortlarının yaradılmasıdır. İbrahim Əzizov bir sıra yerli və beynəlxalq layihələrin bilavasitə iştirakçısı və rəhbəri olmuş­dur. Onun rəhbərliyi ilə “Abşeronun neft və neft məhsulları ilə çirklənmiş torpaqlarının bioremediasiya üsulunun işlənib hazırlanması”, “Gəncə ətrafı çirklənmiş torpaqların təmizlənməsində yeni üsulların tətbiqi”, “Fotosintezin ilkin proseslərinin fitoxromla tənzimlənməsi - mədəni bitkilərin stresə davamlılıq amili kimi” mövzularında beynəlxalq qrand layihələri yerinə yetirilmiş və çirklənmiş torpaqların təmizlənməsinin yeni, ekoloji təmiz və iqtisadi cəhətdən sərfəli metodları işlənib hazırlanaraq praktikaya tətbiq edilmişdir.

Özünün elmi-təşkilati fəaliyyəti ilə də seçilən tanınmış alim 2001-2016-ci illərdə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini, 2011-2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya və aqrar elmləri üzrə ekspert şurasının sədri, “AMEA-nın Xəbərləri (biologiya elmləri seriyası)”, “Transaction of the Institute of Molecular Biology and Bio­technologies”, Ukrayna “Orqanizmlərin eksperimental təkamülünün amilləri” jurnallarının redaksiya heyətinin üzvü olmuşdur. Hazırda Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasi­ya şurasının, Elmi şuranın, Veteranlar şurasının üzvüdür.

İbrahim Əzizov hər zaman geniş ictimai fəaliyyəti və milli dövlətçiliyə sarsılmaz sədaqəti ilə seçilmiş cəsarətli və vətənpərvər bir insandır. Müstəqilliyn ilk illərində, ölkənin ən ağır vaxtlarında – 16 oktyabr 1992-ci il tarixində ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfər tanınmış ziyalıdan biri də məhz İbrahim Əzizov olmuşdur. O, 2021-ci ildən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür.

Tanınmış alim və ictimai xadimin elm və xalq qarşısında xidmətləri hər zaman yüksək qiymətləndirilmişdir. İbrahim Əzizov elmi-pedaqoji sahədə səmərəli fəaliyyətinə görə 2005-ci ildə “Şöhrət” ordeni ilə, əldə etdiyi elmi nailiyyətlərin nəticəsi olaraq 2012-ci və 2017-ci illərdə AMEA Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmişdir.

AMEA-nın müxbir üzvü İbrahim Əzizovu 75 yaşının tamam olması münasibətilə səmimi təbrik edir, ona uzun illər Azərbaycanın biologiya elminə və təhsilinə dəyərli töhfələr verməsini arzulayırıq

İradə HÜSEYNOVA, AMEA-nın vitse-prezidenti, akademik

“Xalq qəzeti”

Copyright © 2015 Институт Информационных Технологий НАНА