НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun xatirəsi yad edilib
Июн 29, 2022 | 06:45 / Конференции, собрания
Прочитано 238 раз (-а)

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və Dendrologiya İnstitutunun Elmi şuralarının birgə iclası keçirilib.

Əvvəlcə toplantı iştirakçıları, Dendrologiya İnstitutu kollektivinin nümayəndələri institutun mərhum baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun məzarını ziyarət edib, əklil və gül dəstələri qoyublar.

Elmi şuraların birgə iclası Tofiq Məmmədovun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İclasın sədri AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova öz çıxışında ölkəmizdə və onun hüdudlarından kənarda tanınmış alimin faciəli ölümünün tək Dendrologiya İnstitutu üçün deyil, Azərbaycan elmi ictimaiyyəti üçün də ağır itki olduğunu söyləyib. Natiq bildirib ki, ömrünü elmə və elmi-təşkilati fəaliyyətə həsr etmiş Tofiq Məmmədovun Dendrologiya İnstitutunun təşəkkülündə və inkişafında göstərdiyi xidmətlər danılmazdır. Tanınmış alimin təşəbbüsü və səyləri ilə rəhbərlik etdiyi institut 2005-ci ildə Dünya Botanika Bağlarının, 2009-cu ildə Amerika Botanika Cəmiyyətinin üzvü seçilib.

Tofiq Məmmədov 50-dən çox beynəlxalq qurultay, konqres, konfrans və simpoziumlarda iştirak edib, onlardan bəzilərinin (bir qurultay, 5 Beynəlxalq Botanika Bağları konfransı (2006, 2010, 2013, 2015, 2017)) təşkilatçısı olub. Yüksək prinsipiallığı, işgüzarlığı, yüksək insani keyfiyyətlərinə görə böyük nüfuza malik alimin əmək fəaliyyəti dövlətimiz tərəfındən yüksək qiymətləndirilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elmin inkişafında nailiyyətlərinə görə, Azərbaycan Respublikasının “Şöhrət” ordeni (2015), 2020-ci ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə “Xatirə medalı”, 4 dəfə AMEA-nın Rəyasət Heyətinin Fəxri fərmanı (2003, 2005, 2017, 2022), Bakı şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı ilə təltif olunub. 

İşğaldan azad olunmuş torpaqlarımıza bioloq alimlərin “Böyük Qayıdış”ının ilk nümayəndəsi məhz Tofiq Məmmədov olub, 2020-ci ilin dekabrında Zəngilana ilk ekspedisiyada iştirak edib.

Tofiq Məmmədov Azərbaycanın bir çox rayonlarının, o cümlədən, Bakı şəhəri və onun ətraf qəsəbələrinin yaşıllaşdırılması və landşaft arxitekturasının qorunub saxlanılması üçün qiymətli tövsiyələr verib. O, yerli və xarici mətbuatda dərc edilən 32 kitabın, 276 məqalənin, 11 patent, 2 sertifikatın müəllifi idi. Tofiq Məmmədov tərəfindən genofondun qorunması, biomüxtəlifliyin artırılması, ətrаf mühitin mühafizəsi istiqamətində tədqiqatlar aparmaqla, ekologiya və botanika sahəsində mühüm nəticələr əldə edilib.

Akademik İradə Hüseynova çıxışının sonunda qeyd edib ki, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun 19 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının “Qırmızı kitab”ının yeni nəşri üzrə tədqiqatların aparılması məqsədilə təşkil olunmuş ekspedisiyanın gedişində faciəli şəkildə dünyasını dəyişməsi onun elmə nə qədər bağlı olduğunun göstəricisidir.

Sonra AMEA-nın müxbir üzvləri Elşad Qurbanov, Əlövsət Quliyev, Zeynal Əkpərov, Novruz Quliyev, Saleh Məhərrəmov, biologiya elmləri doktoru, professor Elman İskəndər, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova Tofiq Məmmədovla bağlı xatirələrini bölüşüb, onun xeyirxah işlərindən, dünyasını dəyişməyinin Azərbaycanın botanika elmi üçün böyük itki olduğundan danışıb, Dendrologiya İnstitutunun əməkdaşlarına və mərhumun ailəsinə dərin hüznlə baş sağlığı veriblər.

Mərhumun ailə üzvləri Tofiq Məmmədovun xatirəsi yüksək tutulduğu üçün akademik İradə Hüseynovaya və BTEB-in Elmi şurasının üzvlərinə təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda Dendrologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Tünzalə Zeyvəliyeva tərəfindən AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun xatirəsi ilə bağlı hazırlanmış qısa film nümayiş etdirilib.

 www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА