НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Dendrologiya İnstitutunun əməkdaşı MDB ölkələri Botanika Bağları Şurasının konfransında iştirak edib
Июн 09, 2022 | 12:18 / Важные события
Прочитано 115 раз (-а)

Moskva şəhərində yerləşən Rusiya Baş Botanika Bağında MDB ölkələri Botanika Bağları Şurasının 10 illiyinə həsr olunmuş “Qiymətli bitki genofondunun saxlanılması sahəsində Botanika Bağlarının əməkdaşlığı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə əvvəlcə AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun xatirəsi bir dəqiqəlik sukutla yad edilib.

Konfransda AMEA-nın Dendrologiya İnstitutunun Landşaft memarlığı laboratoriyasının müdiri, dosent Şəlalə Gülməmmədova “Abşeron şəraitində bitki müxtəlifliyinin  öyrənilməsi və saxlanılması” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə 2019-2021-ci illərdə Abşeronda landşaft dizaynının inkişafı üçün park və bağlarda yerli və müxtəlif ölkələrdən introduksiya olunmuş dekorativ bitkilərin növ və sort müxtəlifliyi barədə məlumat verilib.

Həmçinin bildirib ki, elmi üsullarla müxtəlif formalı kompozisiyaların tərtibatının öyrənilməsi məqsədilə Dənizkənarı Milli Parkda 51 fəsilə, 78 cins, 97 növ, Filarmoniya Bağında 34 fəsilə, 45 cins, 55 növ, Səməd Vurğun Bağında 23 fəsilə, 32 cins, 35 növ, Xaqani Parkında isə 29 fəsilə, 41 cins, 46 növ dekorativ ağac, kol və ot bitkilərinin herbariləri toplanılıb. Toplanmış nümunələrin taksonomik tərkibi, mənşəyinin təyin edilməsi, kompozisiyalarda bitkilərin bioloji və dekorativ xüsusiyyətlərinə görə qruplaşdırılması, kompozisiyaların müntəzəm (həndəsi formalı) və landşaft və ya mənzərəli (orijinal formalı) üslublarda düzəldilmə qaydaları, bitkilərin müxtəlif əkinlərdə istifadə perspektivliyi, bitkilərin dekorativ budanması, kiçik memarlıq formalarının istifadəsi haqqında geniş məlumat verilib.

Şəlalə Gülməmmədovanın sözlərinə görə, aparılan tədqiqat işinin nəticəsində müəyyən edilib ki, tədqiq edilən dekorativ bitkilər Abşeronun torpaq-iqlim şəraitinə yaxşı uyğunlaşır, perspektivlidir və landşaft dizaynında geniş istifadə oluna bilər.

O, daha sonra iştirakçıların suallarını cavablandırıb.

 www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА