НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Zərifə Əliyeva fenomeni
Апр 27, 2022 | 07:00 / Важные события
Прочитано 322 раз (-а)

Zəkanın nuru və xeyirxahlığın genetik yaddaşı

Azərbaycan xalqının milli özünüdərkinin ən önəmli amillərindən biri xatirə anlayışına, unudulmazlıq məfhumuna sədaqətidir. Xalqımız şəxsiyyəti, əməlləri, yaratdıqları, davamçıları ilə tarix yazmış görkəmli simaları, nəcib insani keyfiyyətlərə, yüksək ali dəyərlərə malik şəxsiyyətləri əbədi yaddaşına ona görə bu qədər israrla həkk edir ki, onlarla qürur duysun, öyünsün, bu insanların varlığı ilə millət olduğunu dərk etsin və özünə güvənsin.

Yüksək elmi nailiyyətləri, milli mənəvi-əxlaqi dəyərlərə, eyni zamanda müasirlik və inkişafa bağlılığı, xeyirxah və nəcib əməlləri ilə xalqımızın yaddaşında həmişəyaşarlıq qazanmış görkəmli elm və səhiyyə xadimi, AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyevanın adı Azərbaycanın XX əsr tarixinin ən görkəmli və yaradıcı simaları sırasına qızıl hərflərlə yazılmışdır.

Tanınmış ziyalı nəslin layiqli davamçısı, sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim və xeyirxah insan kimi şərəfli bir ömür yaşamış Zərifə xanımın həyatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir. Geniş dünyagörüşü, fitri istedadı və intellekti ilə seçilmiş bu böyük insan ömrünü zərrə-zərrə xalqının və vətəninin gələcəyi üçün şam kimi əritmiş, insanlara sevgisi, geniş dünyagörüşü və dərin bilikləri sayəsində böyük uğurlara imza atmışdır.

Həyatı hər bir alim və tibb işçisi üçün başdan-başa örnək olan akademik Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvanın Şahtaxtı kəndində Azərbaycanın səhiyyə və dövlətçilik tarixində özünəməxsus yeri ilə seçilən ictimai və dövlət xadimi, Əməkdar həkim, professor Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Ulu Tanrının ən yüksək mənəvi xüsusiyyətlər bəxş etdiyi Zərifə xanım müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ulu Öndər Heydər Əliyevin məslək, əqidə və əməl silahdaşı, vəfalı ömür-gün yoldaşı olmuş, şəfqətli ANA kimi müasir Azərbaycanın lideri, millətin müzəffərlik və qalibiyyət tarixinə yeni-yeni səhifələr yazan görkəmli dövlət xadimi, Prezident İlham Əliyevin şəxsiyyət kimi formalaşmasında həlledici rol oynamışdır.

Zərifə xanım oftalmologiya elminin korifeyi, ziyalı və işıqlı bir şəxsiyyət olmaqla görmə problemli insanlara və ümumən ətrafındakı hər kəsə sözün həm həqiqi, həm də məcazi mənasında nur paylayan, gözlərə işıq, qəlblərə həyat eşqi bəxş edən, ətrafına gözəlliklər saçan mələk misallı bir insan olmuşdur. Görkəmli alim və təbibin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, əldə etdiyi mühüm nailiyyətlər, bunların əsasında yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.

Məlumdur ki, Minilliyin İnkişaf Məqsədləri özündə 8 əsas vəzifəni birləşdirir ki, onlardan biri də bu gün bütün tərəqqipərvər bəşəriyyəti narahat edən "gender bərabərliyinin təşviqi və qadınların rolunun gücləndirilməsi"dir. Bu vəzifənin icrası istiqamətində mühüm addım kimi BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən, fevralın 11-i "Qadınlar və Qızlar Elmdə" Beynəlxalq Günü elan edilmişdir və o vaxtdan hər il bütün dünyada bu tarix geniş şəkildə qeyd olunur. Dünya birliyinin qadınların elmə cəlb olunmasının vacibliyinə bu qədər diqqət ayırmasından onilliklər əvvəl xalqımız beynəlxalq miqyasda tanınmış, vətənimizə və dünya elminə böyük töhfələr vermiş onlarca qadın alim yetişdirmişdir. Zərifə Əliyeva, Aida İmanquliyeva, Ədilə Namazova, İzzət Orucova, Zəhra Quliyeva, Rəfiqə Əliyeva və digər elm korifeylərinin adlarını fəxrlə çəkmək olar. Alim qadınlar ölkənin ictimai-siyasi həyatında da hər zaman fəal iştirak etmiş, təhsilin, mədəniyyətin, müxtəlif elm sahələrinin inkişafı üçün çox iş görmüşlər.

"Qadınlar və Qızlar Elmdə" günü ilə bağlı 2021-ci və 2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təşkil edilmiş konfranslarda bir sıra aktual məsələlərlə yanaşı, Azərbaycan qadınlarının elmdəki rolu da geniş müzakirə mövzusu olmuşdur. Hər iki mötəbər tədbirdə xüsusi qeyd edilmişdir ki, Azərbaycanda elmi işçilərin 56, fəlsəfə doktorlarının 51, elmlər doktorlarının 46 faizi, ali təhsil ocaqlarında və AMEA-da təhsil almış magistrantların 54 faizindən çoxu, AMEA əməkdaşlarının 60 faizi qadınlardır. Bizim ölkədə hər hansı cəmiyyətin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsi olan elm və texnologiyalar üzrə təhsil alanların 40 faizi qızlardır, halbuki dünyada bu rəqəm 35 faizdən yuxarı deyildir, əksər ölkələrdə isə heç 5 faizi də keçmir. Bu nəticələrə nail olmaq üçün Azərbaycan uzun bir yol keçmişdir və bu yolun uğurlarında akademik Zərifə Əliyevanın da böyük töhfələri vardır.

Qadınların ali təhsilə və elmə çox da kütləvi müraciət etmədikləri bir dövrdə - İkinci Dünya müharibəsinin ən gərgin vaxtlarında orta məktəbi bitirən gənc Zərifə Əliyeva həyatını insanların sağlamlığına həsr etməyi qərara almış və Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə qəbul olunmuşdur. 1947-ci ildə institutu bitirdikdən sonra Moskvadakı Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisas kursunu keçmişdir.

Qarşısına qoyduğu məqsədlərə sadiqliyi və elmi tədqiqatlara böyük marağı Zərifə xanımı Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Oftalmologiya İnstitutuna gətirdi və o, 1949-cu ildə bu institutda elmi işçi kimi fəaliyyətə başladı. 1950-1953-cü illərdə aspiranturada təhsil aldıqdan sonra Zərifə Əliyeva 1960-1967-ci illərdə həmin institutda böyük elmi işçi vəzifəsində çalışdı.

1950-ci illərdə Azərbaycanda traxoma kimi göz xəstəliyi geniş yayılmışdı. O zaman hələ bu infeksiyanın effektiv müalicə üsulları işlənib hazırlanmamışdı və qeyd olunan xəstəliyə qarşı mübarizə təkcə oftalmologiya deyil, bütövlükdə respublikanın səhiyyə sistemi üçün mühüm əhəmiyyət kəsb edirdi. Zərifə xanım traxoma ilə mübarizə üzrə müalicə-profilaktika tədbirlərinin təşkilində və həyata keçirilməsində fəal iştirak edirdi. O, təcrübi təbiblik fəaliyyəti ilə yanaşı, Azərbaycanın traxoma xəstəliyinin xüsusilə yüksək olduğu rayonlarına səfərlər edir, oftalmoloqlara mühazirələr oxuyur, əhali ilə söhbətlər aparırdı.

Zərifə xanımın ilk tədqiqatının mövzusunu yaşadığı dövr özü diktə etmişdi. Onun elmi-tədqiqat işi traxomanın müalicəsi ilə bağlı bir sıra məsələlərə, daha dəqiq desək, traxomanın və onun fəsadlarının müalicəsində o zamanlar yeni antibiotikin - sintomisinin effektiv istifadə imkanlarının öyrənilməsinə həsr olunmuşdu. Bu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə uğurla müdafiə etdiyi "Traxomanın sintomisinlə digər terapiya üsulları ilə birgə müalicəsi" mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil etmişdi. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən gənc alimə "Oftalmologiya" ixtisası üzrə baş elmi işçi elmi adı verilmişdi.

Zərifə Əliyeva 1967-ci ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının dosenti vəzifəsinə dəvət olunmuşdu. Ömrünün sonuna kimi burada çalışan Zərifə xanım 1983-cü ildə kafedranın müdiri vəzifəsinə seçilmişdi. Həmin illərdə alim-təbib tibbi fəaliyyətlə məşğul olmaqla yanaşı, çoxsaylı mürəkkəb əməliyyatları icra edir, xəstələrə məsləhətlər verirdi. Onun elmi-pedaqoji fəaliyyəti bununla məhdudlaşmır, bütün oftalmoloji müəssisə və şöbələri, kadrların təkmilləşdirilməsi prosesini də əhatə edirdi.

Qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyeva yüksəkixtisaslı kadrların hazırlanmasına böyük əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Görkəmli alim tələbələrinə zəngin elmi təcrübəsini öyrətmiş, onlara diqqət və qayğıkeşliklə yanaşmışdır. Ümumiyyətlə, Zərifə Əliyeva hər zaman ətrafına gənc bacarıqlı və savadlı həkimləri toplamaqla elmi-tədqiqat işlərini uğurla təşkil edirdi. 1977-ci ildə onun təşəbbüsü ilə ilk dəfə olaraq Bakıda keçirilən Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumunun təşkilati işləri böyük təcrübə və idarəçilik qabiliyyəti tələb edirdi və Zərifə xanım bunun öhdəsindən uğurla gələ bilmişdi. Bu plenum həm Azərbaycanda, həm də keçmiş ittifaqın tanınmış akademik müəssisələrində oftalmoloji xidmətin inkişafında, elmi və elmi-pedaqoji kadrların hazırlanmasında böyük rol oynamışdı.

Milli oftalmologiyanın əsasını qoymuş, 1968-ci ildən görmə orqanının peşəkar patalogiyaları ilə məşğul olmuş və bu istiqamətdə bir çox yeni elmi ideyanın müəllifi kimi bütün dünyada tanınmış Zərifə Əliyeva sonrakı illərdə bu sahədə apardığı müşahidələrin, klinik tədqiqatların və təcrübələrin nəticələrinə həsr edilmiş "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda doktorluq dissertasiyasını 1976-cı ildə Moskvada, nüfuzlu elmi mərkəz kimi tanınan M.Helmholts adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmiş, bir il sonra SSRİ Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını almışdır. 1983-cü ildə isə o, elmi və elmi-təşkilati fəaliyyətində və kadr hazırlığında əldə etdiyi mühüm nailiyyətlərə, onların sosial-iqtisadi əhəmiyyətinə görə Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilmişdir.

Görkəmli alim oftalmologiyanın müxtəlif istiqamətlərinə aid 150-dən çox elmi məqalənin, 14 monoqrafiyanın, 12 səmərələşdirici təklifin müəllifi kimi dünya tibb elmində silinməz izlər buraxmışdır. Bir alim kimi çox böyük zirvələri fəth etməyi bacarmış Zərifə Əliyevanın əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını qoruyub saxlamaqla oftalmoloqların stolüstü kitablarına çevrilmişdir.

Akademik Zərifə Əliyeva çoxillik gərgin elmi axtarışlar və eksperimental tədqiqatlar nəticəsində istehsalatda aşağı intensivlikli zərərli maddələrin görmə orqanına təsirinin mühüm qanunauyğunluqlarını aşkar etmişdir. Onun çoxşaxəli elmi fəaliyyətinin əsas istiqamətlərini traxoma xəstəliyinin klinikası, görmə orqanının fiziologiyası və peşə xəstəliklərinin təsiri nəticəsində baş verən göz patologiyalarının profilaktikası, diaqnostikası və müalicəsi, kimya sənayesi müəssisələrinin işçilərində görmə orqanının vəziyyəti, herpetik göz xəstəlikləri, ağır virus konyunktivitləri, gözün hidrodinamik sisteminin fizioloji-anatomik xarakteristikası, göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi, şəkərli diabet zamanı göz xəstəlikləri, terapevtik oftalmologiya, iridodiaqnostikanın əsasları, qlaukoma problemləri və s. təşkil etmişdir. Onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyması və buna nail olması hesab edilə bilər.

Zərifə Əliyeva həmçinin göz zədələrinin qarşısının alınması və onlara nəzarət imkanlarını öyrənmişdir. O, gözün zədələnməsinin nəticələrinin cərrahi müalicəsinə mövcud metodoloji yanaşmaları təhlil etmiş və onların təkmilləşdirilməsi üçün bir sıra faydalı tövsiyələr vermişdir. Bundan əlavə, Zərifə xanım gözün bəzi bədxassəli şişlərinin diaqnostikası və müalicəsinə də diqqət göstərmiş, eyni zamanda göz melanomasının klinik gedişatının xüsusiyyətlərini öyrənmişdir. Onun daktriologiyaya dair monoqrafik əsərləri - "Göz yaşı drenajının fiziologiyası", "Göz yaşı axmasının cərrahi müalicəsinin müasir üsulları", "Göz yaşı yollarının ehtiyatlı cərrahiyyəsi" təkcə oftalmoloqların deyil, həm də fizioloqların stolüstü kitabına çevrilmişdir. Zərifə Əliyevanın həmmüəllifi olduğu "Terapevtik oftalmologiya", "İridologiyanın əsasları", "Oftalmologiyanın aktual məsələləri" nadir monoqrafik əsərləri həm praktiki oftalmoloqlar, həm də müəllim və tələbələr üçün bu gün də böyük maraq doğurur.

Zərifə Əliyeva tibbi etika məsələləri ilə də maraqlanır, həkimlərin cəmiyyətdəki roluna, müvafiq peşə fəaliyyətində əxlaqi prinsiplərin tərbiyəsinə xeyli vaxt ayırırdı. Onun həkimin etik davranışı haqqında çox dəyərli fikirləri, bu mövzuda çoxsaylı məqalə və çıxışları, o cümlədən "Uca çağırış" adlı kitabı həkim şəxsiyyətinin formalaşması işinə mühüm töhfələr vermişdir.

O, yüksəkixtisaslı həkim və alim olmaqla yanaşı, çox mehriban, xeyirxah bir insan idi. Zərifə xanımın bütün fəaliyyəti, atdığı hər bir addım insan amilinə əsaslanırdı. Bu məqam görkəmli alimin bütün tibbi fəaliyyətinin əsasında dururdu. O, sadə insanlara həmişə xüsusi diqqət və qayğı ilə yanaşır, onların problemlərini dinləyir və həll etməyə çalışırdı.

Tibb elmində "peşə oftalmologiyası"nın əsasını qoymuş Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya elminə görmə orqanının peşə xəstəliklərinin öyrənilməsi və profilaktikası üçün yeni üsulların işlənməsi kimi elmi yenilik gətirmişdir. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə dünya miqyasında böyük şöhrət qazandırmışdır.

Hələ 1977-ci ildə Bakıda keçirilmiş Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu Zərifə xanımın Azərbaycanda görmə orqanının peşə patologiyasının tədqiqi üzrə ilk ixtisaslaşmış elmi-tədqiqat laboratoriyasının yaradılması təşəbbüsünü dəstəkləmişdi. Bununla da Bakı Məişət Kondisionerləri Zavodunda unikal elmi laboratoriya yaradılmışdı. Burada klinik və funksional diaqnostika ilə yanaşı, cərrahiyyə bölməsi də fəaliyyət göstərirdi.

Zərifə Əliyeva tərəfindən aparılmış və görmə orqanına ətraf mühit amillərinin göstərdiyi təsirin mexanizm və qanunauyğunluqlarına həsr olunmuş elmi araşdırmalar biotibb elminə yaxın sahələrin, ilk növbədə multidissiplinar formatda fiziologiya elminin cəlb edilməsinə, gözün fiziologiyası haqqında təsəvvürlərin genişləndirilməsinə ehtiyac yaradırdı. Məhz bu səbəblərdən Zərifə Əliyevanın keçdiyi uğurlu elm yolunun əhəmiyyətli bir hissəsi AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu ilə bağlı olmuşdur. Zərifə xanımın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1979-cı ildə həmin institutda SSRİ-də ilk dəfə olaraq Görmə orqanının fiziologiyası və peşə patologiyası laboratoriyası yaradılmışdır.

Laboratoriyanın ilk tədqiqat işlərinin "Müxtəlif kimyəvi faktorların təsiri şəraitində işləyən insanların görmə orqanının kliniki-fizioloji və morfohistokimyəvi xüsusiyyətləri" mövzusu ətrafında qurulması da təsadüfi olmamışdır. 1970-ci illərdə Azərbaycan keçmiş SSRİ məkanında kimya sənayesinin əsas mərkəzlərindən biri sayılırdı və bu səbəbdən laboratoriyada aparılan tədqiqatların məqsədi istehsalatda iştifadə edilən müxtəlif kimyəvi maddələrin görmə orqanına uzunmüddətli xroniki təsirinin kompleks analizi və bu təsirin nəticəsi kimi baş verə biləcək dəyişikliklərin erkən diaqnostikası olmuşdur. O dövr səhiyyənin, tibb elminin qarşısında duran fundamental problemlərdən biri peşə ilə bağlı az zərərli amillərin, aşağı dozaların xroniki təsiri altında orqanizmdə baş verən qeyri-spesifik patologiyaların öyrənilməsi idi. Başqa sözlə, ətraf mühitin əlverişsiz təsiri zamanı orqanizmin adaptiv-kompensator mexanizmlərinin öyrənilməsi ön plana çıxmışdı. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini də öyrənmiş və bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlamışdır. Zərifə Əliyevanın dünyada analoqu olmayan elmi tədqiqatları uzun illər respublikanın 10-dan artıq iri sənaye müəssisəsini, neftayırma zavodlarını əhatə etmişdir. Ümumilikdə müayinələrə 4000-dən çox fəhlə və mütəxəssis cəlb olunmuşdur. Zərifə xanımın təxminən 40-50 il bundan əvvəl apardığı həmin tədqiqatlarda müasir elm qarşısında qoyulan əsas tələblərdən birinin, yəni elmlə istehsalatın sıx əlaqəsinin təmin edilməsinin bariz nümunəsini görmək mümkündür.

Yuxarıda qeyd edilən tədqiqatlardan aldığı uğurlu nəticələrə görə, akademik Zərifə Əliyeva qadın mütəxəssislər arasında ilk dəfə olaraq 1981-ci ildə oftalmologiya sahəsində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.

Görkəmli alim gözün çoxsaylı oftalmoloji müayinələri ilə yanaşı, ilk dəfə olaraq elektrofizioloji metodlardan da geniş istifadə etmişdir. Toksik maddələrlə təmasda olan işçilərin gözlərinin elektroretinoqrafik, elektrookuloqrafik, reooftalmoqrafik müayinəsi torlu qişanın müxtəlif hüceyrə elementlərinin funksional vəziyyətində baş verən dəyişiklikləri üzə çıxarmağa imkan yaradırdı. Paralel olaraq aparılan eksperimental tədqiqatlarda toksik maddələrin və bəzi fiziki amillərin gözün torlu qişasında funksional vəziyyətə, sərbəst radikal proseslərə, neyromediatorların səviyyəsinə təsiri öyrənilirdi. Həmin tədqiqatların nəticələri bu gün də mütəxəssislər arasında böyük maraq doğurur.

Zərifə Əliyevanın rəhbərliyi ilə Salyan rayonunun kənd təsərrüfatı müəssisələrində çalışan və əmək fəaliyyəti zamanı pestisidlərlə təmasda olan 500-ə yaxın insanı əhatə edən unikal tədqiqat nəticəsində ilk dəfə olaraq kənd təsərrüfatı işçilərində görmə orqanının vəziyyəti haqqında müvafiq biliklərin əldə edilməsinə imkan yaranmışdı. O cümlədən göstərilmişdi ki, gözün ön şöbəsində iltihab xəstəliklərinin tezliyi pestisidlərin təsiri altında əhəmiyyətli dərəcədə yüksəlir.

Zərifə Əliyevanın elmi maraq dairəsində görmə orqanının, görmə analizatorunun yaşla bağlı dəyişikliklərinin tədqiqi də xüsusi yer tuturdu. Görkəmli rus oftalmoloq-alimi, akademik A.Brovkina Zərifə xanımın "Gözün və görmə-sinir traktının yaş dəyişmələri" kitabı haqqında demişdi: "Bu elmi əsər mahiyyət etibarilə oftalmologiyada yeni bir istiqamətin - oftalmoloji herontologiyanın başlanğıcını qoyur". Kitab AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda bu gün həyata keçirilən herontoloji tədqiqatlar fonunda daha da aktual və dəyərlidir.

Onu da qeyd etmək lazımdır ki, Zərifə xanımın laboratoriyasının əməkdaşları 80-ci illərin sonunda "Uzunömürlülük fenomeni" beynəlxalq əməkdaşlıq proqramı çərçivəsində həm Azərbaycanın yüksək uzunömürlülük indeksi ilə fərqlənən Qazax və İsmayıllı rayonlarında, həm də keçmiş SSRİ-nın bəzi regionlarında, o cümlədən Krımda həyata keçirilmiş beynəlxalq herontoloji elmi ekspedisiyalarda fəal iştirak etmiş, yaşı 90-ı ötmüş 900-ə yaxın insanda görmə orqanının yaşla bağlı dəyişikliklərini öyrənərək bu gün də mütəxəssislər üçün böyük əhəmiyyət kəsb edən bir sıra elmi əsərlər nəşr etdirmişlər.

Akademik Zərifə Əliyeva SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" cəmiyyətinin idarə heyətinin və elmi tədqiqatlar komitəsinin rəyasət heyətinin, SSRİ Oftalmoloqlar Cəmiyyətinin üzvü, "Oftalmologiya bülleteni" jurnalının redaksiya heyətinin üzvü kimi geniş elmi-ictimai fəaliyyətlə də məşğul olmuşdur.

Bu böyük alim və şəxsiyyətin dövlət və xalq qarşısında xidmətləri layiqincə qiymətləndirilmiş, o, orden və medallarla təltif edilmiş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

1990-cı illərin əvvəllərində keçid dövrünün problemləri ilə bağlı elmin inkişafında da ciddi durğunluq və tənəzzül yaşanırdı. Həmin dövrdə bir sıra elmi qurumlar, o cümlədən Zərifə xanımın laboratoriyası da öz fəaliyyətini dayandırmalı olmuşdu. Yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə akademik elmin səviyyəsini və inkişaf tempini artırmağa, elmi tədqiqatların texniki və texnoloji təminatını müasirləşdirməyə zəmin yarandı. Bu müsbət tendensiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə daha da genişləndi və beləliklə, elmin bütün sahələrində olduğu kimi, biotibb sahəsində də geniş spektrli nəzəri-tətbiqi problemlərin, o cümlədən peşə və sosial əhəmiyyətli xəstəliklərin kompleks tədqiqinə, Zərifə xanımdan bizə miras qalmış elmi ideyaların inkişafına geniş imkanlar açıldı. Bu imkanları gerçəkləşdirmək məqsədilə həyata keçirilən islahatlar çərçivəsində AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Zərifə xanımın laboratoriyasının fəaliyyətini bərpa etmək məqsədilə 2016-cı ildə "Görmənin fiziologiyası" yaradıcı qrupu təşkil edilmişdir. Qrupun əməkdaşları görmə orqanının fiziologiyası və yaşla bağlı patologiyası sahəsində Zərifə xanım tərəfindən əsası qoyulmuş tədqiqatların davamı kimi neyrodegenerativ xəstəliklərlə görmə sistemi strukturları arasındakı mürəkkəb əlaqələri araşdırmağa başlamışlar. Onlar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə artıq bir beynəlxalq əməkdaşlıq proqramını müvəffəqiyyətlə həyata keçirmişlər. Belarus MEA-nın Fiziologiya İnstitutu ilə birgə icra edilən proqram neyrodegenerativ xəstəliklər zamanı görmə funksiyasının pozulma mexanizmlərinin kliniki-neyrofizioloji tədqiqinə və bu pozulmaların reabilitasiyası üçün innovativ üsulların işlənməsinə istiqamətləndirilmişdir. Sevindirici haldır ki, AMEA Rəyasət Heyətinin 6 aprel 2021-ci il tarixli qərarı ilə bu qrupun bazasında AMEA-nın Fiziologiya İnstitutunun strukturunda Görmə orqanının və neyrodegenerativ xəstəlıklərin neyrofiziologiyası laboratoriyası yaradılmışdır.

Zərifə xanım əsl ziyalılığın genetik yaddaşına malik bir insan idi. Ziyalı zəkası onun bilik və təhsilində, ətrafına yaydığı işıqda, zəriflik, təmkin və nəcibliyində, insanlığa və insanlara sevgisində, sevimli peşəsinə və ailəsinə bağlılığında özünü göstərirdi.

Bəşəriyyətin ən qiymətli sərvəti olan xeyirxahlıq, həya və saflıq fani aləmdə əbədiyyəti, daimi mənəvi ucalığı təmin edir. Yüksək mənəviyyata, mərhəmətli, kövrək qəlbə, ən saf mənəvi dəyərlərə sahib olmuş Zərifə xanım Əliyeva həyatı və əməlləri ilə hələ sağlığında müqəddəslik qazanmış bir şəxsiyyətdir. Onun malik olduğu və qazandığı nə varsa, Allah tərəfindən verilmiş nemətlərdir. "Qurani-Kərim"də deyildiyi kimi: "...Həqiqətən, nemət Allahın əlindədir və onu istədiyi şəxsə bəxş edir..."

Peşəkarlığı, sadəliyi, qayğıkeşliyi və səmimiyyəti ilə daim seçilmiş oftalmoloq-alimin ideyaları zaman keçdikcə öz aktuallığını daha da artırır, müstəqil Azərbaycanın davamlı inkişafına və yeni uğurlar qazanmasına real töhfələr verir. Sağlığında olduğu kimi, bu gün də şöhrəti sərhədləri aşan akademik Zərifə Əliyevanın elm, təhsil və səhiyyədə qoyub getdiyi izlər əsla silinməmişdir. Yaratdığı elmi məktəbin nümayəndələri sağlam cəmiyyət naminə çalışmaqla bu gün də insanların gözlərinə işıq verməkdə, müxtəlif peşələrdən olan pasiyentlərin görmə qabiliyyətini bərpa etməkdədirlər.

Bu gün xalqımız zəkası, elmə sədaqəti, yüksək daxili mədəniyyəti, insanlıq qarşısında məsuliyyəti ilə qəlblərə yol tapmış Zərifə xanım Əliyevanı, onun işıqlı obrazını özünün qan yaddaşına əbədi həkk etməklə, parlaq xatirəsini daim ehtiramla anır. Heç şübhəsiz ki, bütün həyatını insanlara, onların gözlərinə və qəlblərinə nur səpməklə kamillik zirvəsini fəth etmiş Zərifə xanım Əliyevanın xeyirxah əməl dəftəri heç zaman bağlanmayacaq, nur çeşməsi əsla qurumayacaq, əziz xatirəsi isə qürur mənbəyimiz kimi dünya durduqca yüksək tutulacaq.

İradə HÜSEYNOVA, AMEA-nın vitse-prezidenti, akademik

“Azərbaycan” qəzeti

Copyright © 2015 Институт Информационных Технологий НАНА