НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
ABŞ-da yaşayan tanınmış azərbaycanlı biokimyaçı alim Həkim Muradov vəfat edib
Апр 19, 2022 | 04:07 / Важные события
Прочитано 339 раз (-а)

Aprelin 12-də tanınmış biokimyaçı alim, ABŞ-ın Ayova Universitetinin azərbaycanlı əməkdaşı, yorulmaz tədqiqatçı, əvəzolunmaz dost, qayğıkeş ata və həyat yoldaşı Həkim Muradov vəfat edib.

Həkim Hüseyn oğlu Muradov 29 oktyabr 1958-ci ildə Şəkidə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsini bitirdikdən sonra AMEA-da Bioloji Tədqiqatlar Mərkəzində təyinatla işə başlamış və tez bir zamanda Moskva şəhərinə ezam edilmişdir. 

Həkimlə ilk tanışlığımız 1982-ci ilin payızında Moskva şəhərində olmuşdu. Həmin il o, M.M.Şemyakin adına Bioüzvükimya İnstitutuna iki il müddətinə təcrübə keçmək üçün gəlmişdi. Daha sonra həmin institutun aspiranturasına daxil oldu. Şəki rayonunun Baş Küngüt kənd məktəbini bitirmiş gəncin SSRİ Elmlər Akademiyasının ən güclü elmi mərkəzlərindən birində təhsilini davam etdirmək faktı onun necə tələbə olmasını büruzə edən amillərdən yalnız biridir.

Bir maraqlı fakt da odur ki, Həkim məhz SSRİ Elmlər Akademiyasının vitse-prezidenti, akademik Y.A.Ovçinnikovun rəhbərlik etdiyi Zülalların bioüzvükimyası laboratoriyasında elmi tədqiqata başladı. Fototransduksiya kaskadı zülallarının ilkin quruluşunun müəyyən edilməsi bölməsində fəaliyyətə başlayan Həkim qısa zaman çərçivəsində 100-dən artıq əməkdaşı olan laboratoriyada bacarığı və zəhmətkeşliyi ilə özünü hamıya tanıtdı, daha doğrusu hamının sevimlisi oldu.

Tədqiqatları bitirib 1989-cu ildə uğurla müdafiə edərək kimya elmləri üzrə fəlsəfə doktoru dərəcəsini qazandı. Bakıya qayıtmalı olduğu halda, aspirantı olduğu institutun rəhbərliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə əlaqə yaradaraq gənc alim Həkim Muradovun Moskva vilayətinin Puşşino şəhərində yerləşən dünya miqyaslı bioloji elmi mərkəzdə tədqiqatlarını davam etdirmək üçün razılığa nail oldular və onu mənzillə təmin etdilər. Belə təkliflər yalnız onun kimi zəka sahiblərinə olunurdu. Bir müddət Puşşino şəhərində işlədikdən sonra Həkim Muradov Bakıya qayıtmış və akademik Cəlal Əliyevin şöbəsində baş elmi işçi vəzifəsində işə başlamış, sonralar “Molekulyar biologiya” laboratoriyasının müdiri olmuşdur.

1994-cü ildə artıq zülallar bioüzvükimyası haqqında fundamental məqalələri ilə tanınan tədqiqatçı Həkim Muradovu İsraildə olan Weizmann Elm İnstitutuna dəvət etdilər. Yeni tapıntılar, yeni uğurlar, bunlardır Həkimi xarakterizə edən cəhətlər.

Və nəhayət, 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Ayova ştatında yerləşən eyniadlı universitet onun axırıncı iş yeri oldu.

Tədqiqatçı alim Həkim Muradov bütün elmi fəaliyyətini onurğalıların göz kaskadında torlu qişanın biokimya və molekulyar biologiyasına, xüsusi olaraq fotoreseptor hüceyrələrinin işığa uyğunlaşma yolları və onlarda iştirak eden zülalların öyrənilməsinə həsr etmişdir. Görmə prosesinin ən vacib fermenti olan cGMP-fosfodiesterazanın tədqiqatında onun xidməti ölçüyə gəlməzdir. Dr. Muradovun qeyri-adi elmi tapıntıları insanlarda irsi göz xəstəliklərinin mexanizminin anlaşılmasına və onların qarşısının alınmasına böyük töhfələr verib. Bu sahədə Həkim Muradovun beynəlxalq ekspert olması prestijli elmi jurnallarda çap olunan məqalələrindən aydın görünür.

Dərin kədər və böyük təəssüflə bildiririk ki, çox diqqətli, həm də tələbkar, görmə zülalları biokimyası elminin tanınmış siması Həkim Muradovu itirdik.

Rahat yat təmiz insan, əvəzolunmaz dost.

Həkim Muradovu yaxından tanıyan və elmi nailiyyətindən xəbərdar olan həmkarları və dostları:

Novruz Əhmədov (Ph.D., ABŞ, Los-Anceles)

Taleh Yusifov (Ph.D., ABŞ, Los-Anceles)

Adil Abdurrəhimov (Ph.D., ABŞ, Los-Anceles)

Natiq Piriyev (Ph.D., ABŞ, Los-Anceles)

Azad Abdurrahimov (t.e.f.d, Azərbaycan, Bakı)

Rasim Aslanov (f-r.e.n, Azərbaycan, Bakı)

Kərim Qasımov (b.e.d, Azərbaycan, Bakı)

İlham Şahmuradov (AMEA-nın müxbir üzvü, Azərbaycan, Bakı)

Oktay Qasımov (AMEA-nın müxbir üzvü, Azərbaycan, Bakı)

 www.science.gov.az 

Copyright © 2015 Институт Информационных Технологий НАНА