НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Molekulyar biologiya ixtisası üzrə dissertasiya işi müdafiə olunub
Мар 02, 2022 | 02:00 / Важные события
Прочитано 379 раз (-а)

28 fevral 2022-ci il tarixində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya Şurasında  institutun dissertantı, Proteomiks beynəlxalq laboratoriyasının elmi işçisi Aynurə Paşayevanın 2415.01 – “Molekulyar biologiya” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Dənli bitkilərdə işıqla induksiya olunan proteom və metabolom dəyişiklikləri” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib. Tədbiri giriş sözü ilə açan Dissertasiya Şurasının sədri, AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova qeyd edib ki, iclasda Dissertasiya şurasının 18 nəfər üzvündən 15-i iştirak edir. Dissertasiya işi institutun Proteomiks bexnəlxalq laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru İsmayıl Zülfüqarovun rəhbərliyi altında yerinə yetirilib. İşin rəsmi opponentləri Ukrayna MEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Viktor Anatolyeviç Kunax, fizika-riyaziyyat elmləri doktoru, professor  Rövşən İbrahimxəlil oğlu Xəlilov, biologiya elmləri doktoru, dosent İrina Vasilyevna Goldenkova-Pavlovadır.

Dissertasiya şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduzə Qurbanova  A.Paşayevanın şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdikdən sonra söz iddiaçıya verilib.

İddiaçı mövzunun aktuallığı, tədqiqat işinin məqsədi, qarşıya qoyulmuş məsələlər və onların həlli yolları haqqında ətraflı məlumat verib, dissertasiya işinin əsas müddəalarını şərh edib. O bildirib ki, yerinə yetirilən tədqiqat işinin əsas məqsədi bitkilərdə işığın təsirindən baş verən proteom və metabolom dəyişiklikləri tədqiq etməklə, müxtəlif stres şəraitinə adaptasiya mexanizmlərinin öyrənilməsi və qeyri fotokimyəvi sönmənin (QFS) enerjidən asılı komponenti (qE) ilə fosforlaşma prosesi arasında qarşılıqlı əlaqənin aydınlaşdırılması olub. Dissertasiya işində ilk dəfə olaraq yerli yumşaq buğda sortlarında qaranlığa uyğunlaşma və işığın təsirindən sonra QFS-nin induksiya və relaksasiyasının müqayisəli kinetikası tədqiq olunub, quraqlığa davamlığına görə fərqlənən buğda sortlarında rehidratasiya prosesindən əvvəl və sonra piqment-zülal komplekslərinin paylanma dinamikası aydınlaşdırılıb. FSII ilə zəngin tilakoid membranı fraqmentlərindən  istifadə etməklə, düyü bitkilərində PsbS zülalının lokalizasiyası müəyyən edilib, müxtəlif işıq intensivliyində tilakoid membranı zülallarının fosforlaşma dinamikası öyrənilib.

Sonra dissertasiya ətrafında geniş müzakirələr aparılıb, iddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına münasibətini bildirib.

İddiaçının yekun sözləri dinlənildikdən sonra gizli elektron səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Aynurə Paşayevaya biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.

Copyright © 2015 Институт Информационных Технологий НАНА