
Фев 26, 2022 | 11:00 / Конференции, собрания
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açaraq Xocalı soyqırımı haqqında məlumat verən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Həmkarlar Təşkilatı Komitəsinin sədri, a.e.d. Məmməd Məmmədov bildirib ki, Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı yönələn işğal, etnik təmizləmə siyasətinin növbəti dəhşətli nümunəsidir.
Tədbirdə çıxış edən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev isə qeyd edib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun təşəbbüsü əsasında 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib, 26 fevral tarixi “Xocalı Soyqırımı Günü” elan olunub və soyqırımı haqqında həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırılıb.
Sonra institutun YAP ərazi təşkilatının sədri, a.e.ü.f.d. Zaman Məmmədov çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə güclü artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etdiyini söyləyib. Bildirib ki, işğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinə qarşı soyqırımı törədiblər: “Xocalı soyqırımı təkcə Azərbaycan xalqının deyil, bütün insanlığın faciəsidir”.
Daha sonra çıxış edən institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı Xocalıda azərbaycanlılara qarşı törədilmiş bu dəhşətli cinayətin dünya elmi ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, artıq dünya ictimaiyyəti Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu soyqırımından xəbərdardır: “44 gün davam edən İkinci Qarabağ müharibəsində qisası alınan Xocalı şəhidləri daim qəlblərdə yaşacaq və xatirələri əziz tutulacaq”.
Anım mərasimində çıxış edən institutun alimləri - a.e.d. Mustafa Mustafayev və a.e.d. Vilayət Həsənov Xocalıda baş verən hadisələrdən ətraflı danışaraq qeyd ediblər ki, Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Səbinə Tağıyeva isə öz çıxışında Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakininin qətlə yetirildiyini, düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfərin yaralandığını, 1275 nəfərin əsir götürüldüyünü qeyd edib.
Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
www.science.gov.az