НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Akademik İradə Hüseynova AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində olub
Янв 31, 2022 | 06:00 / Конференции, собрания
Прочитано 283 раз (-а)

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Akademiyanın Lənkəran Regional Elmi Mərkəzində (LREM) aparılan elmi-tədqiqat işləri ilə yerində tanış olmaq, mərkəzin 2021-ci ildəki elmi və elmi-təşkilati hesabatının yekunlarının müzakirəsinə həsr edilmiş iclasda iştirak etmək məqsədilə Lənkəran şəhərində ezamiyyətdə olub.

Səfərdə onu AMEA-nın müşaviri, Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının üzvü, akademik Qərib Məmmədov, Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun laboratoriya müdiri, biologiya elmləri doktoru Yaşar Feyziyev, AMEA-nın vitse-prezidentinin xidmətinin elmi katibi, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Afiq Məmmədov və baş mütəxəssis Aytən Ağayeva müşayiət ediblər.

Səfər çərçivəsində əvvəlcə LREM-in 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş və ölümündən sonra cənab Prezident İlham Əliyev tərəfindən 4 medalla təltif edilmiş əməkdaşı Məhsun Bağırzadənin barelyefi önünə gül dəstələri qoyulub, xatirəsi anılıb.

Sonra akademik İradə Hüseynova Lənkəran Regional Elmi Mərkəzinin rəhbərliyi ilə görüşüb. LREM-in 2021-ci il üçün elmi-tədqiqat işlərinin əhatəli planının yerinə yetirilməsi istiqamətində çətinliklərin aradan qaldırılması, AMEA-nın institutları ilə daha sıx əməkdaşlıq əlaqələrinin qurulması, birgə tədqiqatlara və kadr hazırlığına diqqətin artırılması ilə bağlı müzakirələr, fikir mübadiləsi aparılıb.

Daha sonra BTEB və LREM-in Elmi şuralarının Lənkəran Regional Elmi Mərkəzinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarının müzakirəsinə həsr edilmiş birgə iclası keçirilib.

İclasın giriş nitqində akademik İradə Hüseynova əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin salamlarını kollektivə çatdırıb. Sonra o, 2021-ci ildə ölkənin və AMEA-nın həyatında baş vermiş ən mühüm hadisələr, işğaldan azad edilmiş Qarabağa elmin böyük qayıdışı, AMEA Rəyasət Heyətinin 12 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Tədbirlər Planı”nın BTEB-in institutları tərəfindən yerinə yetirilməsinin vəziyyəti, başlıca elmi istiqamətlər, kadr hazırlığında əldə edilmiş mühüm nailiyyətlər, ötən il keçirilmiş beynəlxalq elmi konfranslar, BTEB-in 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə bağlı AMEA Rəyasət Heyətinin 19 yanvar tarixli iclasında aparılmış müzakirələr, AMEA-da həyata keçirilən elmi, elmi-təşkilati, struktur islahatları və s. haqqında LREM-in Elmi şura üzvlərinə və qonaqlara geniş məlumat verib.

Akademik İradə Hüseynova “Həyat elmləri və biotibb” jurnalının Qarabağa həsr edilmiş 2-ci (2021) nömrəsini, eləcə də Zəfər günü və şəhidlərimizin xatirəsinə həsr olunmuş II beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresinin dərc edilmiş materiallarını mərkəzə hədiyyə edib.

İclasda LREM-in direktoru, aqrar elmlər doktoru, professor Fərman Quliyev mərkəzin 2021-ci ildə elmi və elmi-təşkilati fəaliyyətinin mühüm nəticələrinə həsr edilmiş geniş təqdimatla çıxış edib. Tədqimatda 2 istiqamət - biologiya və aqrar elmləri, daha sonra ictimai və humanitar elmlər üzrə LREM tərəfindən görülmüş işlər, əldə edilmiş nailiyyətlər, elmi koordinasiya məsələləri, mövcud problem və çətinliklər əhatə olunub. Natiq qeyd edib ki, sitrus və subtropik bitkilərin, çay bitkisinin, regiondan toplanmış nadir, endemik, itmək təhlükəsində olan yabanı və mədəni bitki müxtəlifliyinin kolleksiya genefondu LREM-in öz sahəsi olmadığından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun (MÇETİ) Lənkəran flialının ərazisində toplanılır, tədqiq olunur, artırılır, çay, limon, naringi və s. bitkilər üzərində seleksiya işləri aparılır.

Professor Fərman Quliyev, o cümlədən əldə edilmiş seleksiya nailiyyətləri, çay, subtropik və sitrus bitkilərinin yeni sortlarının alınması ilə bağlı aparılan tədqiqatlardan danışıb. O qeyd edib ki, müsbət göstəriciləri ilə seçilən “FAQ-22” və “FAQ-15” çay forma-klonları Dövlət Sort Sınağına təqdim edilmək üçün hazırlanıb. Azərbaycan Respublikasında “Çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın yerinə yetirilməsi istiqamətində fəaliyyət gücləndirilib, LREM və MÇETİ tərəfindən yaradılmış və əvvəlki illərdə rayonlaşdırılmış “Fərmançay”, “Lənkəran”, “Xəzər” və “Fərmançay çəhrayı” çay sortlarının və yeni sort-formaların çoxaldılması həyata keçirilib.

Sonra Fərman Quliyev LREM tərəfindən aparılan introduksiya tədqiqatları, AMEA-nın Botanika İnstitutu ilə birgə Şamaxı və Lənkəran rayonlarının meşə ekosistemlərində nadir bitki növlərinin populyasiyalarının vəziyyətinin qiymətləndirilməsindən alınan nəticələr barədə məlumat verib.

Daha sonra arxeologiya, numizmatika, folklor üzrə tədqiqatlar müzakirə mövzusu olub. Azərbaycanın böyük tarixi potensiala malik cənub-şərq regionunda arxeoloji qazıntılardan əldə edilmiş materialların, antropoloji tapıntıların araşdırılmasında, yeni ekspedisiyaların təşkilində, kurqanların, qədim yaşayış məskənlərinin, qayaüstü yazıların və digər tarixi abidələrin daha dərindən tədqiqi və mühafizəsində AMEA institutlarının dəstəyinə böyük ehtiyac olduğu vurğulanıb.

LREM-in baş direktoru təşkilatın nəşr fəaliyyəti barədə də məlumat verib. O qeyd edib ki, 2021-ci ildə LREM-in əməkdaşları tərəfindən 4 kitab, 25 məqalə (17-si xaricdə indeksləşən jurnallarda), 5 tezis nəşr olunub.

Natiq regionda fəaliyyət göstərən elm və təhsil müəssisələri, xüsusən Lənkəran Dövlət Universiteti ilə elm və təhsil sahəsində əlaqələr və digər məsələlər barədə də danışıb.

Təqdimatın sonunda LREM-in elmi fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflər verilib və bir sıra problemlər haqda müzakirələr aparılıb.

Professor Fərman Quliyev öz çıxışında, həmçinin Azərbaycanın cənub-şərq bölgəsinin nadir, endemik, relikt, itmək təhlükəsində olan bitki müxtəlifliyinin toplandığı Nəbatat Bağının yaradılmasının məqsədəmüvafiqliyinə diqqət çəkib.

Hesabat məruzəsindən sonra BTEB-in və LREM-in nümayəndələrinin iştirakı ilə geniş müzakirələr aparılıb. Müzakirələrdə akademik Qərib Məmmədov, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, biologiya elmləri doktoru Yaşar Feyziyev, LREM-in Elmi şurasının üzvləri – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Lənkəran Təcrübə Sahəsinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Həzər  Hüseynov, LREM-in Folklor, etnoqrafiya və arxeologiya şöbəsinin müdiri Sərraf Talıbov, şöbənin  aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Mayis Cəfərov, elmi işçisi Samir Kərimov, Çay və subtropik bitkilər şöbəsinin elmi işçisi Aqil Həsənov və başqaları iştirak ediblər.

Sonda akademik İradə Hüseynova müzakirələrə yekun vuraraq bir sıra məsələlərə öz münasibətini bildirib, 2021-ci ildə LREM-də aparılmış elmi-tədqiqat işlərini və rəhbərliyin fəaliyyətini müsbət qiymətləndirib.

İclasda LREM-in 2021-ci ildə elmi və elmi-təşkilati fəaliyyətinin mühüm yekunları ilə bağlı hesabatın AMEA Rəyasət Heyətinin müzakirəsinə çıxarılması barədə qərar qəbul edilib.

Daha sonra mərkəzin KTN-nin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran filialının ərazisində genefond və seleksiya tədqiqatları üçün ayrılmış sahəsində LREM-in alim və mütəxəssisləri tərəfindən aparılan işlərə baxış keçirilib. Akademik İradə Hüseynovaya və onu müşayiət edən şəxslərə təcrübə sahəsində aparılan tədqiqat işləri barədə geniş məlumat verilib.

Səfərin sonunda keçirilən görüşdə LREM tərəfindən region üçün çox vacib tədqiqatlar aparıldığına və bir sıra mühüm nəticələr əldə edildiyinə bir daha diqqət çəkilib, bu tədqiqatların davam və inkişaf etdirilməsi, əhatə dairəsinin daha da genişləndirilməsi üçün mərkəzin bina, laboratoriya, sahə və kadrlarla bağlı problemlərinin həllinin məqsədəmüvafiqliyi vurğulanıb.

Sonda akademik İradə Hüseynova LREM-in inkişafı üçün təkliflərlə bağlı AMEA-nın prezidentinə məlumat veriləcəyini bildirib.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА