НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Torpaqların tədqiqi müqəddəs işdir
Янв 18, 2022 | 05:49 / Интервью, выступления
Прочитано 338 раз (-а)

Ulu Öndər Heydər Əliyev elm xadimləri haqqında fikir səsləndirərkən deyirdi: “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə gətirə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur”.

Bu mənada Azərbaycanın müasir elm tarixində özünəməxsus yeri olan, mənalı ömrünün 50 illini ekologiya, torpaqşünaslıq və digər əlaqədar elm sahələrinin aktual problemlərinin həllinə həsr etmiş akademik Qərib Məmmədov dəyərli ziyalı, yüksək yaradıcılıq imkanlarına, böyük tədqiqatçı potensialına və idarəçilik qabiliyyətinə sahib alim və elm təşkilatçısı kimi tanınmışdır. Onun müəllifi olduğu elmi əsərlərlə tanış olduqda akademikin yaradıcılığının dərinliyi, tədqiqat istiqamətlərinin çoxşaxəliliyi bir daha aydın olur. Qərib müəllim eyni zamanda yüksəkixtisaslı kadrların hazırlanmasında əvəzsiz xidmətləri olan pedaqoq, milli dövlətçiliyə sədaqəti ilə seçilən ictimai xadim kimi də çoxlarına örnək ola biləcək ziyalıdır.

Akademik Qərib Məmmədov 6 yanvar 1947-cı ildə Ermənistan SSR-in Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. O, 1954-1962-ci illərdə Yeniyol kəndinin 8 illik və Amasya rayonu istehsalat təhsili verən 11 illik orta məktəblərində təhsil aldıqdan sonra 1966-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya-biologiya fakültəsinə qəbul olunmuşdur. Qərib Məmmədov ali təhsil illərindən etibarən torpaqşünaslıq elminə böyük maraq göstərmiş, Tələbə Elmi Cəmiyyətinin üzvü olmuşdur. Elə bu maraq və çalışqanlığı sayəsində gənc Qərib Məmmədov 1970-ci ildə Pedaqoji İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir.

Qərib Məmmədov əmək fəaliyyətinə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya Bölməsində laborant kimi başlamışdır. O, 1972-ci ildən elmi fəaliyyətini Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda davam etdirmişdir. Növbəti il institutda əyani aspiranturaya qəbul olunan Qərib Məmmədov 1978-ci ildə “Mil düzünün qərb hissəsinin otlaq torpaqlarının aqroekoloji xarakteristikası və bonitirovkası” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək SSRİ AAK tərəfindən elmlər namizədi elmi dərəcəsini almışdır. Bu tədqiqat işi Mil düzünün otlaq torpaqlarının heyvandarlıqda səmərəli istifadəsinə xidmət etmiş, onun əsasında yem vahidi xəritəsi tərtib olunmuşdur. Təsadüfi deyildir ki, sözügedən elmi iş həmin dövrdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən səmərəli təklif kimi qəbul edilmişdir.

Alim daha sonra tədqiqat sahələrini genişləndirərək təkcə torpaqşünaslığın deyil, ekoloji problemlərin də həlli üzrə fəaliyyət göstərmiş, bu istiqamətdə bir sıra qiymətli elmi əsərlər yazmışdır. İllərin gərgin zəhmətinin və elmi axtarışlarının nəticəsi kimi, Qərib Məmmədov 1991-ci ildə Dnepropetrovsk Dövlət Universitetində “Azərbaycanın kənd təsərrüfatı və meşə altında olan torpaqlarının ekoloji qiymətləndirilməsi” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş, 1992-ci ildə ekologiya ixtisası üzrə biologiya elmləri doktoru alimlik dərəcəsini, daha sonra professor elmi adını almışdır. Adından da göründüyü kimi, tədqiqat işinin əsası Azərbaycanın kənd təsərrüfatı və meşə altında olan torpaqlarının ekologiyası məsələlərindən ibarət olmuşdur. Burada torpaqların ekologiyası ilə bağlı problemlər müəllif tərəfindən irəli sürülən ekoloji konsepsiya əsasında geniş təhlil olunmuş, onların həlli yolları müəyyən edilmişdir. Elmi tədqiqat fəaliyyətlərində və kadr hazırlığında əldə etdiyi mühüm nəticələrə görə Qərib Məmmədov 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

Tanınmış alim ictimai-siyasi fəaliyyəti ilə də seçilmişdir. Qərib Məmmədov 1996-cı ildə birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş və millət vəkili kimi uğurlu fəaliyyəti akademiki respublikada ictimai xadim kimi tanıtmışdır. Milli Məclisin deputatı olarkən ona müraciət edən seçicilərə biganə yanaşmamış, onların qayğı və problemləri ilə yaxından maraqlanmışdır.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın qarşılaşdığı çətinliklər geodeziya və kartoqrafiya sahəsinə də mənfi təsir göstərmişdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə vüsət alan dövlət quruculuğu, respublikanın sürətli inkişafı, beynəlxalq və regional layihələrin həyata keçirilməsi geodeziya və kartoqrafiya fəaliyyətinin əhəmiyyətini bir daha göstərmiş və Qərib Məmmədovun rəhbərliyi ilə özünün inkişaf dövrünü yaşamağa başlamışdır. Bu illərdə ölkəmizin sərhədlərinin müəyyən edilməsində, Mili Orduda və digər güc strukturlarında, beynəlxalq statuslu hava limanlarımızda, dəniz limanında, su-elektrik stansiyalarımızda, neft və qaz kəmərlərinin tikintisində geodeziya və kartoqrafiya işlərinin milli kadrlarımızdan ibarət dövlət icra orqanı tərəfindən yerinə yetirilməsi olduqca vacib işlərdən birinə çevrilmişdir.

Elmi və idarəçilik potensialını bu sahələrdə uğurla nümayiş etdirən Qərib Məmmədov 1997-2001-ci illərdə Dövlət Torpaq Komitəsinin, 2001-2015-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri vəzifələrində çalışmış, 1997-2015-ci illərdə hökumət və respublika aqrar islahat komissiyalarının üzvü olmuşdur. Onun fəaliyyəti nəticəsində rəhbərlik etdiyi komitə Avropada Milli Xəritəçəkmə və Kadastr təşkilatlarının assosiasiyası olan “Eurogographics”ə üzv seçilmişdir. Təşkilat çərçivəsində akademik dəfələrlə Asiya və Sakit Okean üçün Geoməkan İnformasiyasının İdarəolunması üzrə BMT-nin Regional Komitəsinin İcraçı Şurasının üzvü kimi məsləhətləşmələrdə yaxından iştirak etmişdir.

Akademik Qərib Məmmədov fəaliyyət göstərdiyi illərdə respublikamızı beynəlxalq təşkilatlarda uğurla təmsil etmiş, Azərbaycanın haqlı səsini dünya ictimaiyyətinə çatdırmışdır. Belə tədbirlərdən biri 2013-cü ildə Birləşmiş Krallıqda keçirilmiş Kembric konfransı olmuşdur. Alim həmin konfransda Azərbaycanın əldə etdiyi uğurları, Ermənistanın hərbi təcavüzünü və bu təcavüzün nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Qərib müəllimin elmi fəaliyyəti çoxistiqamətli olmaqla, əsasən Azərbaycanın torpaq ehtiyatları və onlardan səmərəli istifadə olunması, torpaq örtüyü strukturunun öyrənilməsi, deqradasiya olunmuş torpaqların qiymətləndirilməsinin aqroekoloji xüsusiyyətlərinin və bonitirovkasının öyrənilməsi məsələlərinin həllinə yönəlmişdir. O, ilk dəfə Azərbaycan torpaqlarının xəritələşdirilməsi, ekoloji qiymət xəritəsinin tətbiqi, torpağın maliyyə-iqtisadi qiymətləndirilməsinin elmi əsasları, torpaq münbitliyinin konseptual və riyazi modelləşdirilməsi, respublikanın ekoloji problemlərinin sistem halında öyrənilməsi konsepsiyasının işlənilməsi, Azərbaycanın torpaq kadastrının rayonlaşdırılması və monitorinqi, torpaq atlası, geodeziya, topoqrafiya, kartoqrafiya və s. kimi məsələlərin həlli üzrə tədqiqatlar aparmışdır.

Alim tərəfindən Azərbaycan torpaqlarının aqroekologiyası və bonitirovkası, ekoloji münbitlik modelləri, coğrafi yayılma qanunauyğunluqları öyrənilərək xəritələşdirilmiş, torpaq örtüyünün strukturu tədqiq edilmiş, landşaft komplekslərinin və torpaq kadastr rayonlarının ekoloji qiymətləndirilməsi, ekoloji monitorinqi aparılmışdır. Ekoloji qiymət xəritəsi, Azərbaycan, rus, ingilis dillərində torpaq və ekoloji atlaslar, Azərbaycanın ekoloji konsepsiyası hazırlanmışdır. İlk dəfə Qərib Məmmədovun rəhbərliyi və həmmüəllifliyi ilə 2018-ci ildə aerokosmik materiallar, relyef plastikası əsasında “Coğrafi informasiya sistemləri əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymət xəritələrinin tərtibinə dair metodik göstəriş”, 2020-ci ildə 1:100 000 miqyasında interaktiv torpaq və ekoloji qiymət xəritələrinin tərtibinə dair metodik göstəriş, 2021-ci ildə “Məkan məlumatları təhlilinin mənimsənilməsi” adlı tədris vəsaiti, Azərbaycan Respublikasının yeni torpaq xəritəsi və torpaq atlası hazırlanmış, torpaq inzibatçılığı, torpaqların ekoetik problemləri və onların həlli yolları verilmiş, fond və şəxsi materiallara istinadən Azərbaycanın 1:100000 miqyasında GİS əsaslı torpaq xəritəsi tərtib edilmişdir.

Qərib Məmmədov 730-dan çox elmi əsərin, o cümlədən 30-dan çox metodik tövsiyə və kitabça, 36 müəlliflik şəhadətnaməsi və patent, 5 səmərələşdirici təklif, 34 dərslik və monoqrafiyanın müəllifidir. Akademik Qərib Məmmədovun ölkədə elmi kadrların hazırlanmasında xidmətləri böyükdür. Alimin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 58 fəlsəfə, 14 elmlər doktoru hazırlanmışdır. Hazırda onun rəhbərliyi altında “Aqroekologiya”, “Torpaqşünaslıq”, “Aqrokimya”, “Torpaq coğrafiyası”, “Ekologiya”, “Biologiya”, “Torpaq kadastrı”, “Coğrafiya” ixtisasları üzrə çoxsaylı fəlsəfə və elmlər doktorları elmi tədqiqat işləri aparırlar.

Alimin elmi fəaliyyəti və onun nəticələri təkcə ölkəmizdə deyil, xarici dövlətlərin elm və təhsil müəssisələrində də tanınır. Qərib Məmmədovun elmi məqalələri ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Niderland, Türkiyə, Bolqarıstan, Avstraliya, Çin, Cənubi Koreya, BƏƏ, Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, Özbəkistan və digər xarici ölkələrin geniş oxucu auditoriyasına malik Web of Science və Scopus bazasında indeksləşən jurnal və konfrans materiallarında çap edilmişdir. Hazırda dünyada elmmetrik göstəricilər arasında h-indeksi vacib amillərdən biridir. Akademik Qərib Məmmədovun h-indeksinin 14-ə bərabər olması və elmi əsərlərinə 1138 istinadın olması mühüm nailiyyətdir.

Akademikin “Azərbaycan Respublikasının dövlət torpaq kadastrı: hüquqi, elmi və praktiki məsələləri”, “Əsrimizin qlobal ekoloji problemləri”, “Heydər Əliyevin torpaq islahatları regionların sosial-iqtisadi inkişafının əsasıdır”. “Azərbaycanda aqrar islahatlar: tənəzzüldən ərzaq təhlükəsizliyinə doğru”, “Azərbaycanın torpaq ehtiyatlarından səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları” kitabları dövrünün ən sanballı əsərlərindən hesab oluna bilər.

Qərib Məmmədovun apardığı tədqiqat işlərinin istiqamətlərində daim ekoloji problemlərin həllinə yönəldilmiş elmi əsərlər prioritet istiqamət təşkil edir. Akademikin müəllifi və həmmüəllifi olduğu bir çox kitablar (“Ekologiya, ətraf mühit və insan”, “Ekologiya və ətraf mühit”, “Ekologiya və ətraf mühitin mühafizəsi”, “Azərbaycan meşələri”, “Meşə ekologiyası”, ikicildlik “Azərbaycanın ekoturizm potensialı”) respublikamızın ekoloji problemlərinin həllinə qiymətli töhfələrdir. Göstərilən nəşrlərdə ölkəmizin təbiəti, milli parklar, qoruq və yasaqlıqları, ümumən ekologiyası haqqında ətraflı məlumat verilməklə yanaşı, ətraf mühitin və insanın qarşılıqlı təsirinin izahı da geniş tədqiq edilmişdir.

Akademik Qərib Məmmədovun respublikamızda müvafiq sahələrdə təhsilin inkişafında da böyük xidmətləri vardır. Belə ki, alim özünün şəxsi təşəbbüsü və bilavasitə dəstəyi ilə 2004-cü ildən Bakı Dövlət Universitetinin Biologiya fakültəsində, 2011-ci ildən isə Ekologiya və torpaqşünaslıq fakültəsində fəaliyyət göstərən Torpaqşünaslıq kafedrasının müdiri olmuş, pedaqoji fəaliyyəti dövründə tədris ədəbiyyatlarının hazırlanmasında yaxından iştirak etmişdir. “Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları”, “Torpağın eroziyası və mühafizəsi”, iki hissədən ibarət “Aqroekologiya”, “Ensiklopedik ekoloji lüğət”, “Torpaq coğrafiyası”, “Geodeziya”, “Hərbi topoqrafiya və geodeziyanın əsasları” və başqa kitablar respublikamızın müxtəlif ali məktəblərində müəllimlərin, “Torpaqşünaslıq”, “Ekologiya”, “Aqrokimya”, “Yerquruluşu və torpaq kadastrı” ixtisasları üzrə təhsil alan tələbələrin istifadəsinə verilmişdir.

Akademik Qərib Məmmədov Beynəlxalq Noosfer, Beynəlxalq Ekoenergetika, Rusiyanın Ekologiya, Təbiət Elmləri, Türk Dünyası Beynəlxalq elmlər akademiyalarının həqiqi üzvü, Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Ümumdünya Torpaqşünaslıq Cəmiyyətinin ömürlük üzvü, Rusiya və Moldova torpaqşünaslar cəmiyyətlərinin üzvü, Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin prezidenti, Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının həmsədri və Akademik Həsən Əliyev adına Ekologiya Fondunun sədridir.

O, “Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin Əsərləri Toplusu”nun baş redaktoru, “Həyat Elmləri və Biotibb” jurnalının, “Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri”, “Azərbaycan Texniki Universitetinin Elmi əsərləri” və “Azərbaycan Milli Aerokosmik Agentliyinin Xəbərləri” jurnalları redaksiya heyətlərinin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən, Milli Ensiklopediya Şurasının üzvü, Azərbaycan Respublikası Milli Atlasının məsul katibidir. Akademik Qərib Məmmədov həmçinin uzun illər Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert şurasının üzvü olmuşdur.

Akademikin işıqlı ömür yoluna, zəngin elmi fəaliyyətinə nəzər yetirdikdə həyatının 50 illik bir dövrünün Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı olduğunu görürük. Qərib Məmmədov 1972-1980-ci illərdə Azərbaycan EA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyasının kiçik elmi işçisi, 1980-1984-cü illərdə baş elmi işçisi, 1984-1994-cü illərdə isə laboratoriya rəhbəri vəzifələrində çalışmış, 1994-2000-ci illərdə institutun direktoru, eyni zamanda ixtisaslaşdırılmış müdafiə şurasının və elmi şurasının sədri olmuşdur. 2011-2016-cı illərdə AMEA Aqrar Elmlər Bölməsinin akademik-katibi və AMEA Rəyasət Heyətinin üzvü seçilmişdir. 2016-cı ildən indiyədək AMEA-nın aqrar məsələlər üzrə müşaviridir.

2015-ci ildə AMEA-nın 70 illik yubileyi münasibətilə hazırlanmış xatirə medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 9 yanvar 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında aqrar elmin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Təbii sərvətimiz olan torpaqlarımızın, ekologiyamızın qorunması uğrunda əsl fədai kimi çalışmış akademik Qərib Məmmədov 75 illik həyatının mənasını elmə, dövlətçiliyimizə xidmət etməkdə görən, yüksək insani dəyərlərə, tükənməz elmi potensiala malik tanınmış alimdir. O, bu gün də elmi və pedaqoji fəaliyyətini uğurla davam etdirərək, Azərbaycan elminin gələcəyi üçün böyük bir miras qoymaqdadır. Əminliklə demək olar ki, Qərib Məmmədovun rəhbərliyi ilə yetişən gənc mütəxəssislər məhz bu elm təşnəsindən bəhrələnərək böyük müvəffəqiyyətlərə imza atacaq, Azərbaycanın işıqlı gələcəyinə öz dəyərli töhfələrini verəcəklər.

İradə HÜSEYNOVA, AMEA-nın vitse-prezidenti, akademik

“Azərbaycan” qəzeti

Copyright © 2015 Институт Информационных Технологий НАНА