НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
20 Yanvar faciəsi bütün dünyaya xalqımızın iradəsinin sarsılmazlığını göstərdi
Янв 18, 2022 | 11:45 / Важные события
Прочитано 333 раз (-а)

1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşunları paytaxt Bakı və respublikanın bir neçə rayonuna yeridilmişdir. Hücum zamanı dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilmişdir. Öncədən hazırlanan bu təcavüzkarlıq planı Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini sarsıtmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Faciə gecəsi 82 nəfər hərbi qulluqçu qətlə yetirilmiş, 20 nəfər ölümcül yaralanmışdır. Fövqəladə vəziyyətin tətbiqinin elan edilməsindən sonra bir neçə gün ərzində də Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə də insanlar qətlə yetirilmişdir. Belə ki, yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər həlak olmuşdur. Qanlı 20 Yanvar  nəticəsində Bakıda və ətraf rayonlarında aralarında qadınlar, uşaqlar, qocalar, həmçinin təcili tibbi yardım və polis işçiləri olmaqla 131 nəfər öldürülmüş, 744 nəfər mütəlif dərəcəli bədən xəsarətləri almışdır.

Baş verən hadisələrdən dərhal sonra – 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə bir yerdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirərək, həmin əməliyyata rəhbərlik edənləri ifşa etmişdir. Doğma xalqının başına gələn faciədə onlara həmrəy olduğunu nümayiş etdirən Ulu Öndər demişdir: “...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizm prinsiplərinə zidd hesab edirəm... Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı... Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”.

20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, bütün dünyaya xalqımızın mətinliyini, iradəsinin sarsılmazlığını göstərdi. Xüsusilə gənc nəslin göstərdiyi şücaət Azərbaycan milli kimliyinin formalaşmasında, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib dönməz xarakter aldı. Hələ bir neçə gün öncə törətdikləri vəhşilikdən qorxmadan, sovet ordusunun Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Şəhidlər Xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etmişdir. Daha sonra xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırıldı və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edildi.

Məhz 1994-cü il martın 29-da 20 Yanvar faciəsinə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini hər zaman əziz tutur. Faciənin xatirə rəmzinə çevrilən al qərənfillər hər il ildönümü zamanı Şəhidlər Xiyabanına axışan ziyarətçiləri müşayiət edir. İzdihamlı ziyarətlər faciə şəhidlərini qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir. Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayrağı endirilir.

20 Yanvar faciəsi Azərbaycanda 70 illik sovet hakimiyyətinə son qoyulmasına və dövlət müstəqilliyinin əldə edilməsinə vəsilə oldu. Nə qədər zaman keçsə də, bu faciə heç vaxt Azərbaycan xalqı tərəfindən unudulmayacaq.

Nərgiz BAYRAMOVA, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА