НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Akademik Məmməd Salmanovun 90 yaşı tamam olur
Янв 12, 2022 | 11:00 / Юбилеи
Прочитано 349 раз (-а)

Bu gün tanınmış mikrobioloq alim, “Şöhrət” ordenli, AMEA-nın Mikrobiologiya İnstitutunun baş elmi işçisi, akademik Məmməd Salmanovun 90 yaşı tamam olur.

Məmməd Əhəd oğlu Salmanov 12 yanvar 1932-ci ildə İrəvan mahalının Uluxanlı-Zəngibasar rayonunun Qaraqışlaq kəndində anadan olub. O, 1955-ci ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Baytarlıq fakül­təsini fərqlənmə diplomu ilə bitirərək, Azərbaycan SSR EA-nın Zoologiya İnstitutunun aspi­ranturasına daxil olub.

1959-1969-cu illərdə AMEA-nın Zoologiya İnstitutunda, 1970-ci ildən isə AMEA-nın Mikrobiologiya İnstitutunda böyük elmi işçi, 1973-1999-cu illərdə Su mikrobiologiyası laboratoriyasının müdiri vəzifəsində işləyib. O, 1999-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin Ümumi biologiya və genetika kafedra­sının müdiri olub. Alim 2002-ci ildən 2020-ci ilin may ayına kimi AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru vəzifəsində çalışıb. Hazırda həmin müəssisənin baş elmi işçisi vəzifəsində işləyir.

Məmməd Salmanov 1960-cı ildə “Mikrobiologiya” ixtisası üzrə elmlər namizədi, 1982-ci ildə elmlər doktoru elmi dərəcəsini, 1996-cı ildə isə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilib.

Akademik Məmməd Salmanovun əsas elmi fəaliyyəti Azərbaycanda su mikrobiologiyasının əsasının qoyulması və inkişaf etdirilməsi ilə bağlıdır. Belə ki, ölkənin bütün su hövzələrinin, o cümlədən də Xəzər dənizinin mikrobioloji, eləcə də ekoloji və hidrobioloji aspektləri baxımından araşdırılması onun birbaşa rəhbərliyi və iştirakı ilə həyata keçirilib. Son 50 ildə Xəzər dənizində, 5 dövlət ərazisi üzrə Kür, Araz çaylarında və hövzə boyu onların əsas qollarında, illər və fəsillər üzrə Məmməd Salmanov tərəfindən ilk dəfə həyata keçirilmiş monitorinq yönümlü fundamen­tal mikrobio­loji və ekoloji tədqiqatlar mühüm əhəmiyyət daşıyır.

Alim 385 elmi əsərin, o cümlədən 6 monoqrafiya, 3 kitab və 1 paten­tin, 280-dan çox oçerk, elmi-populyar məqalənin müəllifidir. Alimin monoqrafi­ya­ları Rusiya (“Nauka”) və İranın (“Rəşt”) nəşriyyatlarında da dərc olunub. Onun elmi rəhbərliyi ilə 20 fəlsəfə doktoru hazırlanıb.

Akademik Məmməd Salmanov AMEA-nın Mikrobiologiya İnstitutunda fəaliyyət göstərən Mü­dafiə şurasının sədri, Azərbaycan Mikrobioloqlar Cəmiyyətinin sədri, “Azərbay­can Standartları” jurnalının baş redaktoru, UNESCO yanında “Bioe­tika, elmi biliklərin və texnologiyanın etikası” üzrə Milli Komitənin üzvü, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspertidir.

Tanınmış alim 2002-ci ildə AMEA-nın Fəxri fərmanı, 2005-ci ildə “Şöhrət ordeni, 2022-ci ildə isə ölkəmizdə elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Azərbaycan mikrobiologiya elminin ağsaqqalını şərəfli yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və elmi fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА