НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
MBBİ-nin əməkdaşları ərzaq və qida təhlükəsizliyi üçün yeni seleksiya texnologiyalarına həsr olunmuş tədbirdə iştirak ediblər
Дек 12, 2021 | 03:00 / Важные события
Прочитано 375 раз (-а)

Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Orta Doğu Texniki Universitetində “Ərzaq və qida təhlükəsizliyi üçün yeni seleksiya texnologiyaları” mövzusuna həsr olunmuş beynəlxalq təlim kursu və seminar keçirilib.

Tədbir COMCEC (İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsi) və COMSTECH (İslam Əməkdaşlıq Təşkilatının Elmi və Texnoloji Əməkdaşlıq üzrə Nazirlər səviyyəsində Daimi Komitəsi) təşkilatlarının birgə təşkilatçılığı ilə baş tutub.

Məqsəd kənd təsərrüfatında yeni seleksiya texnologiyalarının tətbiqi yolu ilə ərzaq bolluğuna və qida təhlükəsizliyinə nail olmaq üçün İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin institusional potensialının və insan resurslarının yaradılması olub.

Beynəlxalq tədbir “Buğda, düyü və kartof bitkiləri üçün genom redaktə vektorları və protokolları üzrə təlim”  və “Yeni bitki sortlarının kommersiyalaşdırılması və ərzaq bitkiləri üzrə elit genefonda daxil edilməsi üçün yol xəritəsinin hazırlanmasına dair seminar” hissələrindən ibarət olub.

Seminarın açılışında Pakistanın Türkiyədəki səfiri cənab Muhammad Syrus Sajjad Qazi, ODTU-nun rektoru, prof. Dr. Mustafa Verşan Kök, COMSTECH-in baş koordinatoru, prof. Dr. Muhammad İgbal Choudhary, İOFS-in Proqramlar və Layihələr ofisinin direktoru, prof. Dr. İsmail Abdelhamid və COMCEC-in baş direktoru Fatih Ünlü də iştirak ediblər.

Sözügedən tədbirdə Azərbaycanı AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) beş (institutun icraçı direktoru, b.ü.f.d. Ələmdar Məmmədov, Proteomiks beynəlxalq laboratoriyasının müdiri, b.ü.f.d. İsmayıl Zülfüqarov, aparıcı elmi işçi, b.e.d. Şahniyar Bayramov, əməkdaşlar Lalə Aydınlı və Turanə İskəndərova), Azərbaycan Tibb Universitetinin bir və “Nərgiz” klinikasının iki əməkdaşı təmsil ediblər. Azərbaycandan olan nümayəndələr tədbirdə həm elmi məruzə ilə çıxış edib, həm də bütün müzakirələrdə fəallıq göstəriblər.

Fasilələrdə genom redaktəsi sahəsində çalışan alimlərlə daha yaxından tanış olmaqla yanaşı, onların fəaliyyət göstərdikləri elmi mərkəzlərlə Azərbaycandakı elmi-tədqiqat institutları arasında əməkdaşlıq, kadr hazırlığı, birgə layihələrin hazırlanması, Avropanın müxtəlif elmi fondlarından qrantların əldə olunması barədə ilkin danışıqlar aparılıb. Eyni zamanda CRİSPR-Cas texnologiyasını daha dərindən öyrənmək üçün Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun bir neçə əməkdaşının COMSTECH-in maliyyə dəstəyi ilə uzunmüddətli təlim kurslarına göndərilməsi barədə də razılıq əldə edilib.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА