НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasının 5 illiyi qeyd olunub
Июл 02, 2021 | 12:00 / Конференции, собрания
Прочитано 842 раз (-а)

İyulun 1-də Azərbaycanın elminin korifeylərindən biri, görkəmli bioloq alim, akademik Cəlal Əliyevin yadigarı olan AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasının 5 illiyi tamam olub. Bu münasibətlə institutda tədbir həyata keçirilib.

Tədbirdən öncə institutun rəhbərliyi, məsul şəxsləri akademik Cəlal Əliyevin I Fəxri Xiyabanda olan qəbrini ziyarət ediblər.

AMEA-nın vitse-prezidenti, müəssisənin direktoru, akademik İradə Hüseynova iclası giriş sözü ilə açaraq akademik Cəlal Əliyevin zəngin elmi irsindən bəhs edib, institutun hazırkı nailiyyətlərinin məhz onun uzaqgörənliyi sayəsində əldə edildiyini bildirib. Akademik İradə Hüseynova qeyd edib ki, Cəlal müəllim Azərbaycanın biologiya elmində bir sıra yeni istiqamətlərin əsasını qoyub, o, həmçinin böyük bir elmi məktəbin yaradıcısı olub və bu gün institutda çalışanların əksəriyyəti bu məktəbin davamçılarıdırlar. Vurğulayıb ki, akademik Cəlal Əliyev görkəmli ictimai-siyasi xadim və böyük alim olub, bütün həyatını Azərbaycan elminin inkişafına həsr edib, istedadlı gənclərin elmə cəlb edilməsinə, onların Sovet İttifaqının qabaqcıl elmi-tədqiqat institutlarında təcrübə qazanmasına xüsusi əhəmiyyət verib. Diqqətə çatdırıb ki, ötən beş il ərzində institutda fəaliyyət göstərən elmi işçilərin sayı artıb, Elmi şura və Dissertasiya şurası yaradılıb: “Hazırda institutda beş beynəlxalq laboratoriya, Beynəlxalq və İctimaiyyətlə əlaqələr, eləcə də Təhsil şöbəsi fəaliyyət göstərir, magistr və doktorantura təhsili uğurla həyata keçirilir. “AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Əsərləri” məcmuəsinin 4-cü nömrəsi artıq nəşr olunub. Jurnal üçün həm çap (print ISSN 2709-0744), həm də onlayn elektron (E-ISSN 2709-0752) beynəlxalq standart seriya nömrələri (ISSN) alınıb. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edilib”.

Tədbir Cəlal Əliyev məktəbinin yetirmələri - AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev, institutun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov, biologiya elmləri doktorları Səftər Süleymanov, Səyyarə İbadullayeva, Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Samirə Rüstəmova və aparıcı elmi işçi Gülnarə Balakişiyevanın çıxışları ilə davam edib. Onların elmi karyeralarının formalaşmasında akademik Cəlal Əliyevin müstəsna rolunu qeyd edən əməkdaşlar akademikin həyatının ən çətin dövrlərində belə yalnız elm barədə düşündüyünü və institutun bugünkü uğurlarının məhz onun adı ilə bağlı olduğunu vurğulayıblar. Qeyd olunub ki, bu gün bünövrəsi akademik Cəlal Əliyev tərəfindən qoyulan institut əsl elm məbədinə çevrilib və hər bir əməkdaş bu müəssisənin adını uca tutmağa borcludur.

Tədbirdə iştirak edən Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan nümayəndəliyinin əməkdaşı, professor Elçin İsgəndərzadə qurumun kollektivini 5 illik yubileyləri münasibətilə təbrik edib. Həmçinin Azərbaycan elminin inkişafındakı böyük xidmətlərinə görə, akademik İradə Hüseynovaya Türk Dünyası Araşdırmalar Beynəlxalq Elmlər Akademiyasının Həqiqi üzvü seçilməsi münasibətilə diplom və Qızıl Ulduz medalını təqdim edib.

Daha sonra Bitki biotexnologiyası laboratoriyasının aparıcı elmi işçisi Mahirə Məmmədovaya 60 illik yubileyi və səmərəli elmi fəaliyyətinə görə institutun Fəxri fərmanı təqdim olunub.

Tədbirin sonunda akademik Cəlal Əliyevin həyat və elmi fəaliyyətindən bəhs edən “Əbədi çıraq” filmi nümayiş etdirilib.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА