НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
AMEA-nın müxbir üzvü Rafiq Qasımovun 90 yaşı tamam olur
Июн 25, 2021 | 01:00 / Юбилеи
Прочитано 737 раз (-а)

İyunun 26-da biologiya sahəsində tanınmış alim, akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Rafiq Qasımovun 90 yaşı tamam olur.

Rafiq Yunis-Əli oğlu Qasımov 1931-ci ildə İrəvan şəhərində anadan olub. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsini, 1958-ci ildə SSRİ EA İ.P.Pavlov adına Fiziologiya İnstitutunun (Moskva ş.) aspiranturasını bitirib. 1958-ci ildə fəlsəfə, 1970-ci ildə doktorluq  dissertasiyalarını müdafiə edib, 1974-cü ildə professor elmi adını alıb, 1983-cü ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.

Rafiq Qasımov SSRİ EA-nın Fiziologiya İnstitutunda kiçik elmi işçi (1958-1960), Kür Eksperimental Nərə Balıqartırma zavodunda (1960-1965), Mərkəzi ET Nərə Balıqçılıq Təsərrüfatı İnstitutunun Azərbaycan bölməsində (1965-1974), Azərbaycan EA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda laboratoriya müdiri (1974-2013) vəzifələrində çalışıb, hazırda AMEA-nın Fiziologiya İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərir.

Rafiq Qasımovun elmi fəaliyyəti əsasən nərəkimilərin müxtəlif yaş qruplarında mühitdən asılı olaraq qida, müdafiə və s. davranış reaksiyalarının formalaşmasının tədqiqinə həsr olunub. Bu tədqiqatların nəticəsində Kür nərəkimilərinin 4 növünün müxtəlif yaş qruplarının zavod şəraitində çoxaldılması və böyüdülməsi üçün optimal temperatur, duzluluq, oksigen, işıq şəraiti müəyyən edilib. Şərti reflekslərin yaranmasının klassik üsulunu tətbiq edərək, bioloji uyğun üsul və şərti qıcıqlandırıcılar seçməklə nərəkimilərdə qida və mühafizə reflekslərinin çox tez yaradılmasının mümkün olduğunu göstərib, bu balıqların sinir proseslərinin hərəkətlilik və müvazinətliyinə görə digər, daha yüksək təşkil olunmuş heyvanlardan geri qalmadığını sübut edib. Onun rəhbərliyi ilə aparılmış tədqiqatlar nəticəsində ilk dəfə olaraq nərəkimilərin növlərarası resiprok hibridləri yetişdirilib, ekoloji plastikliyi və uyğunlaşma imkanları aşkar edilib. Alimin elmi nəticələri keçmiş SSRİ-də nərəkimilərin sənaye üsulu ilə artırılmasının təşkilində əsas kimi götürülüb və nərəkimilərin bioloji inkişafı nəzəriyyəsinin yaradılmasında mühüm rol oynayıb. Onun tərəfindən neft və digər kimyəvi çirkləndiricilərin su orqanizmlərinin fizioloji funksiyalarına təsiri də öyrənilib.

Rafiq Qasımov 330 elmi əsərin, o cümlədən 6 monoqrafiya və 1 dərsliyin müəllifidir. Alimin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 33 fəlsəfə, 5 elmlər doktoru hazırlanıb.

Rafiq Qasımov SSRİ EA-nın Fiziologiya Bölməsinin “Ali sinir fəaliyyətinin və davranışın genetikası” problemi üzrə komissiya sədrinin müavini (1985-1990), İxtioloji Komissiyasının Əlaqələndirmə şurasının sədr müavini (1974-1990), həmin Komissiyanın Elmi şurasının üzvü, “Təkamülün biokimyası və fiziologiyası” jurnalının (Rusiya) redaksiya heyətinin üzvü (1986-1992), SSRİ AAK-nın Fiziologiya üzrə Ekspert Şurasının üzvü olub (1988-1989). Alim Beyinin Öyrənilməsi üzrə Beynəlxalq Təşkilatın (1999-2010), Xəzər dənizinin problemləri üzrə Elmi şuranın (1991-1996), Bioloji Ehtiyatlar Komissiyasının üzvüdür. O, “BP-Azerbaijan” şirkətində ekologiya üzrə müstəqil ekspertdir. Fiziologiya İnstitutunda Dissertasiya şurasının (2010-2014) sədri, AMEA Veteranlar Şurasının sədri (2010-2019) olub. 2020-ci ildən AMEA Biologiya və Tibb Elmləri Bölməsi Elmi şurasının üzvüdür.

Rafiq Qasımov SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Bürünc medalı (1989), Akademik H.Ə.Əliyev adına medal (1996) və Leypsik (ADR) yarmarkasının Böyük Qızıl medalı (1982) ilə təltif edilib, Azərbaycan Respublikası Prezidentinin təqaüdünə (2015) layiq görülüb. 2021-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı ilə təltif olunub.

Tanınmış bioloq alimi 90 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА