НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Akademik İradə Hüseynova türkiyəli alim Adil Günerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Июн 11, 2021 | 07:00 / Встречи
Прочитано 812 раз (-а)

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Türkiyənin İstanbul şəhərində yerləşən Nezahat Gökyiğit Botanika Bağının müdiri, Prof. Dr. Adil Günerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Türkiyəli qonaqları salamlayan akademik İradə Hüseynova cəmiyyət həyatının bütün sahələrində Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin genişliyindən və möhkəmliyindən məmnunluğunu ifadə edib, 44 günlük müharibənin gedişində Türkiyə Respublikasının mənəvi dəstəyinin Azərbaycanda yüksək qiymətləndirildiyini bildirib. O, daha sonra qonaqlara AMEA-nın, o cümlədən Biologiya və Tibb Elmləri Bölməsinin tarixi, Bölməyə daxil olan institutlar, xüsusən AMEA-nın Botanika İnstitutu, Mərkəzi Nəbatat Bağı və Dendrologiya İnstitutu, bu institutlarda aparılan tədqiqat işləri, Azərbaycan Respublikasının “Qırmızı kitab”ının 3-cü nəşri haqqında geniş məlumat verib, birgə elmi tədqiqatların aparılması sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyinə diqqət çəkib.

Səmimi qəbula görə təşəkkürlərini bildirən Prof. Dr. Adil Güner ilk dəfə ziyarət etdiyi Azərbaycan, buradakı elmi tədqiqat institutları, Mərkəzi Nəbatat Bağı haqqında təəssüratlarını bölüşüb, elmi əməkdaşlığa hazır olduqlarını bildirib.

Sonra əməkdaşlıq əlaqələrinin başlıca istiqamətləri haqqında fikir mübadiləsi aparılıb, işğaldan azad edilmiş ərazilərin öyrənilməsinin bu istiqamətlər arasında mühüm yer tutmasının vacibliyi vurğulanıb.

Prof. Dr. Adil Güner özünün rəhbərliyi altında hazırlanan Türkiyə florasının 30-cildliyinin ilk 2 cildini və Nezahat Gökyiğit Botanika Bağının bukletini Biologiya və Tibb Elmləri Bölməsinə hədiyyə edib.

Akademik İradə Hüseynova isə öz növbəsində qonaqlara Azərbaycan Respublikasının “Qırmızı kitab”ının 2-ci nəşrinin ikicildliyini, 20-21 may 2021-ci il tarixində AMEA-nın təşkilatçılığı ilə keçirilmiş “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda onlayn konfransın materiallarını qonaqlara təqdim edib.

Səmimi mühitdə keçmiş görüşdə qarşılıqlı maraq doğuran digər elmi-praktiki məsələlər də müzakirə edilib.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА