
Фев 12, 2021 | 03:10 / Конференции, собрания
AMEA-nın Dendrologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclası müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov açaraq tədbir iştirakçılarına gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirib ki, növbəti 5 il ərzində mövzu planına işğaldan azad olunmuş ərazilərdə də elmi-tədqiqat işlərinin aparılması üzrə iş və mərhələlər daxil edilib.
O, işğaldan azad edilmiş ərazilərdə biosenozların və bioloji müxtəlifliyin vəziyyətinin monitorinqi, biotanın indikator növlərinin fizioloji statusunun araşdırılması, Azərbaycan Respublikasının “Qırmızı kitab”ının hazırlanması ilə bağlı tədqiqatların aparılması, nadir və itmək təhlükəsində olan bitkilərin introduksiya və reintroduksiyası, genefondun bərpası məqsədilə bitkilərin biotexnoloji üsullarla çoxaldılması kimi tədqiqatların nəzərdə tutulduğunu söyləyib. Bundan əlavə, həmin ərazilərdə faydalı (dərman, efiryağlı, meyvə-giləmeyvə) bitki ehtiyatlarının təftişi, bitkilərin xəstəlik və zərərvericilərlə sirayətlənmə vəziyyətinin monitorinqi, biotik stres amillərinin mənfi təsirinə qarşı inteqrir mübarizə üsullarının hazırlanması və həyata keçirilməsinin tədqiqat işlərində əksini tapdığını vurğulayıb.
Sonra müəssisənin 2021-2025-ci illər üzrə elmi-tədqiqat işlərinin əhatəli planı geniş müzakirə olunduqdan sonra şura üzvləri tərəfindən açıq səsvermə ilə qəbul edilib.
www.science.gov.az