AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Photo
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı beynəlxalq yay məktəbində iştirak edib
Oct 11, 2022 | 10:11 / Important events
Read 168 times

Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Bitki biotexnologiyası laboratoriyasının kiçik elmi işçisi Aygün Sadıqova Türkiyə Elmlər Akademiyasının təşkil etdiyi beynəlxalq yay məktəbində iştirak edib.

“Əsas elmlər və akademik həyatın tələbləri” mövzusunda keçirilən yay məktəbində Azərbaycan, Albaniya, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Moldova, Özbəkistan, Pakistan və başqa ölkələrdən tədqiqatçılar iştirak ediblər.

İştirakçılar yaradıcı nəşrlər, tədqiqat texnikaları, elmdə şübhə, tənqidi yanaşmalar, akademik dürüstlük kimi mövzularda mühazirələr dinləyiblər. Mühazirələrdə Türkiyədən 24 nüfuzlu alim iştirak edib. Aygün Sadıqova Türkiyə Elmlər Akademiyasının prezidenti, prof., Dr. Müzəffər Şəkərə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi əsərlər” toplusunu və görkəmli şəxsiyyət, ictimai-siyasi xadim, böyük alim-pedaqoq, akademik Cəlal Əliyevin həyat və yaradıcılığını əks etdirən “Life Horizons: Fundamental Science and Prominent Practical Achievements” kitabını təqdim edərək sözügedən müəssisədə görülən işlər barədə məlumat verib.

Müzəffər Şəkər və digər türkiyəli alimlər Azərbaycanda aparılan elmi-tədqiqat işlərinə böyük maraq göstəriblər.

Müzəffər Şəkər MBBİ-nin baş direktoru, akademik İradə Hüseynovaya Türkiyə Elmlər Akademiyasının yeni nəşr edilmiş “İslamic Astranomy and Copernicus” kitabını hədiyyə edib. Yay məktəbinin iştirakçıları üçün TÜBİTAK-ın Marmara Araşdırma Mərkəzinin müxtəlif innovativ laboratoriyalarına ekskursiyalar təşkil olunub. A.Sadıqova həmin laboratoriyalarda aparılan tədqiqatlarla yaxından tanış olub. Digər ölkələrdən qatılan iştirakçılarla fundamental elmin yenilikləri və birgə yaradıcılıq haqqında geniş müzakirələr aparılıb.

Yay məktəbi Türkiyənin Sənaye və Texnologiya nazirinin köməkçisi Mehmet Fatih Kacır tərəfindən iştirakçılara sertifikatların təqdim edilməsi ilə başa çatıb.

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS