AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Photo
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elm gününə həsr olunan seminar keçirilib
Mar 31, 2022 | 12:25 / Conferences, assemblies
Read 306 times

Martın 30-da AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elm gününə həsr olunan elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova Elmlər Akademiyasının yaranma tarixindən, Azərbaycanda “Elm günü”nün təsis olunmasından danışıb. Akademik qeyd edib ki, cənab Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-nin Azərbaycanda Elm Günü elan olunması respublikamızın elmi ictimaiyyətinə, onun nailiyyətlərinə verilən yüksək diqqət və etimadın göstəricisidir.

Akademik İradə Hüseynova Azərbaycan alimlərinin böyük bir qisminin əldə etdikləri elmi tədqiqat nəticələri ilə dünya elmində böyük nüfuza sahib olan elm adamları sırasında dayandığını bildirib. Vitse-prezident bu günlərdə “Azərbaycanda AMEA Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi üzrə keçirilən ilk onlayn görüşün əhəmiyyətinə toxunub. O, AMEA-da elmin kommersiyalaşdırılmasına xidmət edən qurumlardan olan Yüksək Texnologiyalar Parkı və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında həyata keçirilən bu innovativ layihənin Azərbaycanda elm və texnologiyaların inkişafı üçün geniş imkanlar açdığını vurğulayıb. Alim STEPI-nin tərəfdaşlığı ilə son 7 ildə 16 layihənin icra edildiyini qeyd edərək Azərbaycanın Cənubi Qafqaz regionunda, eləcə də MDB dövlətləri arasında Koreyanın təqdim etdiyi bu imkanlardan faydalanmış və ən çox layihə həyata keçirmiş ölkə statusuna sahib yeganə dövlət olduğuna diqqət çəkib. O, həmçinin bu kimi layihələrə AMEA-nın gənc tədqiqatçılarının cəlb olunmasının onlarda elmə marağın artırılması, gənclərin fəaliyyətlərinin stimullaşdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Azərbaycan xalqının minilliklər ərzində olduqca zəngin maddi və mənəvi irs ərsəyə gətirdiyini deyən vitse-prezident bu nümunələr arasında zəngin elmi əsərlərimizin xüsusi yerə sahib olduğunu vurğulayıb. İradə Hüseynova Azərbaycan Xalq Cümhuriyyəti dövrünün elmimizin inkişafındakı rolundan bəhs edərək məhz bu illərdə Bakı Dövlət Universitetinin yaradıldığını, gənclərin Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən qabaqcıl universitetlərə təhsil almaq üçün göndərildiyini bildirib. Akademik həmin illərdə Bakı Dövlət Universitetində fəaliyyət göstərən ilk bölmələrdən birinin Təbiətşünaslıq Bölməsi olduğunu diqqətə çatdırıb, 1923-cü ildə təsis olunmuş və ilk dəfə rəsmi olaraq elmi tədqiqatların aparıldığı Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində də Təbiətşünaslıq Bölməsinin fəaliyyət göstərdiyini qeyd edib. Onun sözlərinə görə, sonralar məhz bu cəmiyyətin bazası əsasında Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu yaradılmışdır. İradə Hüseynova vurğulayıb ki, 1932-ci ildə bu institut əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi fəaliyyətə başlamış, 1935-ci ilin oktyabrında isə şöbə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialına çevrilmişdir. SSRİ Xalq Komissarları Sovetinin 1945-ci ildə qəbul etdiyi qərarla filial Azərbaycan Elmlər Akademiyası adlandırılmışdır.

“Azərbaycan elmi son illər ərzində yüksək templə inkişaf edir”, - deyən AMEA-nın vitse-prezidenti 1970-ci illərdən sonra elmimizdə əldə olunan ciddi elmi nəticələrdən söz açıb. Əlavə edib ki, bu uğurların əsasında ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə həyata keçirdiyi islahatların əhəmiyyətli rolu olub: “Həmin dövrdə ümummilli lider Heydər Əliyevin qayğısı və himayəsi sayəsində Azərbaycan tədqiqatçılarının SSRİ-nin ən aparıcı universitetlərinə təhsil üçün göndərilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni institutların yaradılması bu istiqamətdə atılmış ən uğurlu addımlardandır”.

O, ümummilli lider Heydər Əliyevin “Azərbaycan elmi çox qədim və zəngin tarixə malikdir” fikrinə istinad edərək, müasir dövrdə elmimizi daha da inkişaf etdirməyin dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyini diqqətə çatdırıb.

Akademik İradə Hüseynova qeyd edib ki, ulu öndər Heydər Əliyev 2003-cü il yanvarın 4-də Milli Elmlər Akademiyasının respublikada elmin inkişafını təşkil və təmin etdiyini, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirdiyini, elmi müəssisə və ali məktəblərin elmi fəaliyyətini əlaqələndirdiyini və istiqamətləndirdiyini, respublikamızı xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil etdiyini nəzərə alaraq xüsusi fərman imzalamışdır. Həmin fərmanla Azərbaycan Milli Elmlər Akademiyasının statusu, nizamnaməsi, prezidentinin vəzifəsi, səlahiyyətləri müəyyən edilmişdir.

“Ölkəmizdə elm sahələrinin tərəqqisi və təbliği, dünya elminə ardıcıl inteqrasiyası müstəqil Azərbaycan Respublikasının uğurla həyata keçirdiyi dövlət siyasətinin bir hissəsidir”, - deyən AMEA-nın vitse-prezidenti vurğulayıb ki, sonrakı illərdə “Elm haqqında” Qanunun qəbul edilməsi, Elm festivallarının keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması, Gənclər üçün Prezident mükafatlarının təsis edilməsi, gənclərin fəaliyyətinin stimullaşdırılması üçün müxtəlif layihələrin icra olunması elmin inkişafına yönəlmiş vacib tədbirlərdəndir. Alim bu məqsədlə, həmçinin Akademiyada genişmiqyaslı və məqsədyönlü islahatların həyata keçirildiyini, yeni institutların yaradıldığını, o cümlədən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin nəzdində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun fəaliyyətə başladığını bildirib. O, bununla yanaşı, elm və təhsilin inteqrasiyasının genişləndirilməsinin, dünyanın aparıcı elmi mərkəzlərində aparılan tədqiqatlara, dördüncü Sənaye inqilabının çağırışlarına müvafiq araşdırmaların aparılmasına üstünlük verilməsinin, eləcə də alınmış elmi nəticələrin istehsalatda tətbiqinin həyata keçirilməsinin zəruri olan tədbirlər sırasında olduğunu vurğulayıb.

Akademik İradə Hüseynova çıxışının sonunda institut kollektivini Elm günü münasibətilə təbrik edib, onlara elmimizin inkişafı yolunda bundan sonrakı yorulmaz fəaliyyətlərində yeni uğurlar arzu edib.

Daha sonra “Avtofaqiya – hüceyrədaxili resirkulyasiya sistemidir” mövzusunda elmi məruzə ilə çıxış edən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı, biologiya elmləri doktoru, dosent Şahniyar Bayramov avtofaqiya haqqında ətraflı məlumat verib. Bildirib ki, genetik proqramlaşdırılmış, təkamül prosesində sabit saxlanılmış proses olan, uzunmüddətli yaşayan hüceyrə zülallarını və orqanoidlərin parçalanmasını həyata keçirən avtofaqiya normal inkişaf üçün zəruridir və ətraf mühitin dəyişkən amillərinə cavab verir.

“Son onilliklərdə avtofaqiyanın molekulyar genetikası və həmin prosesdə iştirak edən zülalların funksiyalarının öyrənilməsi sahəsində genişmiqyaslı tədqiqatlar aparılır”, - deyə bildirən Şahniyar Bayramov bu istiqamətdə əldə olunmuş yüksək elmi nəticələrdən bəhs edib. Onun sözlərinə görə, 2016-cı ildə Yaponiyanın Tokio Texnoloji İnstitutunun professoru Yesinori Ohsumi avtofaqiyanın molekulyar mexanizmlərinin aydınlaşdırılmasına görə, fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görülmüşdür.

Məruzəçi qeyd edib ki, avtofaqiya prosesi eukariot hüceyrələrin əksəriyyəti tərəfindən sitoplazmanın bir hissəsinin, o cümlədən zədələnmiş orqanoidlərin, böyük zülal komplekslərinin və aqreqasiya olunmuş zülalların lizosomda parçalanmasının həyata keçirilməsində istifadə olunur. Xərçəng xəstəliyindən əlavə, avtofaqiya bir çox xəstəliklərdə, o cümlədən bakteriya və virus infeksiyalarında, neyrodegenerativ pozğunluqlarda və bəzi miopatiya və ürək-damar xəstəliklərində əhəmiyyətli rola malikdir.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Sonda akademik İradə Hüseynova Elm günü münasibətilə institutda müasir elmi problemlərə həsr olunmuş bu kimi elmi seminarların davamlı olaraq keçiriləcəyini, dünyanın və Azərbaycanın tanınmış bioloq alimləri tərəfindən ən aktual mövzularda məruzələrin təqdim olunacağını diqqətə çatdırıb.

 www.science.gov.az 

Copyright © 2015 Institute of Information Technology of ANAS