AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Buğda bitkisinin quraqlığa davamlılığının fizioloji əsaslarına həsr edilmiş monoqrafiya çapdan çıxıb
Mar 09, 2022 | 01:00 / New publications
Read 278 times

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova və biologiya elmləri doktoru Tofiq Allahverdiyevin həmmüəllifliyi ilə “Buğdanın quraqlığa davamlılığının fizioloji əsasları” adlı monoqrafiya çap edilib.

“Qanun” nəşriyyatında işıq üzü görmüş monoqrafiya quraqlıq stresinin yerli və introduksiya olunmuş bərk (Triticum durum Desf.) və yumşaq (Triticum aestivum L.) buğda genotiplərinin morfoloji, fizioloji, aqronomik göstəricilərinə təsirinin tədqiqinə, quraqlıq stresi şəraitində yüksək məhsuldarlıq və quraqlığa davamlılıqla əlaqəli fizioloji və aqronomik əlamətlərin fizioloji əsaslarının müəyyən olunmasına həsr edilib.

Monoqrafiyanın elmi redaktoru biologiya elmləri doktoru, professor Səftər Süleymanov, rəyçiləri AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və biologiya elmləri doktoru, dosent Şahniyar Bayramovdur.

Müəlliflər tərəfindən aparılmış çoxillik tədqiqatlarda bitkilərin böyüməsi və inkişafı, yarpaq-qaz mübadiləsi, su rejimi, fotosintetik piqmentlər, yerüstü orqanların assimilyasiya sahəsinin formalaşması və quru maddənin bu orqanlarda toplanması və remobilizasiyası, məhsuldarlıq və məhsul komponentləri suvarılan və quraqlıq stresi şəraitində öyrənilib. Fizioloji proseslərin bir-biri ilə və məhsuldarlıqla əlaqəsi aydınlaşdırılıb. Əsərdə yüksək məhsuldarlığı və quraqlığa davamlılığı şərtləndirən əlamətlər müəyyən olunub, buğda genotipləri quraqlığa həssaslığına və davamlılığına görə təsnif edilib.

Nəfis şəkildə dərc olunmuş monoqrafiya bitki fiziologiyası, biokimyası və seleksiyası sahəsində çalışan tədqiqatçılar üçün faydalıdır və eyni zamanda ali təhsil müəssisələrinin müvafiq kafedralarında tədris vəsaiti kimi istifadə edilə bilər.

Copyright © 2015 Institute of Information Technology of ANAS