AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Photo
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru: “Ermənilər kəhriz quyularının çoxuna insan cəsədləri, minalar atıblar”
Mar 09, 2022 | 10:00 / Interviews, speeches
Read 248 times

Akademiyanın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev APA-ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Əlövsət müəllim, Azərbaycan Milli Elmlər Akademiyasında baş verən son dəyişiklik fəaliyyətinizə necə təsir göstərib?

- Artıq Azərbaycan Milli Elmlər Akademiyası ölkədə gedən proseslərə diqqət göstərməklə öz vəzifəsini günün tələblərinə uyğun şəkildə həyata keçirməyi qarşısına məqsəd qoyub. Bu günlərdə prezident vəzifəsini icra edən akademik Arif Həşimov AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsində tanışlıq iclasında alimlər qarşısında ciddi tələblər qoyub. Biz Azərbaycan elminin inkişafı üçün əlimizdən gələni etməliyik. AMEA-da hazırkı yeni rəhbərlik bir çox şeylərin həyata keçirilməsinə xüsusi diqqət verir.

- Siz Qarabağda ekologiyanın sağlamlaşdırılması və bərpası üçün yaradılan İşçi qrupun üzvüsünüz. Qarabağın içməli su təchizatının bərpası məqsədilə hansı tədbirlər nəzərdə tutulub?

- Əvvəlcə Qarabağda ilkin bərpa işləri, minalardan təmizləmə, bir sözlə, tamamilə dağılmış ərazinin yaşayış şəraitinə gətirilməsi həll olunmalıdır. Hazırda işğaldan azad olunmuş ərazilərində çox sürətlə bərpa işləri yerinə yetirilir. Böyük Zəfər yolu, Şərqi Zəngəzurda yol inşaatının aparılması, Zəngilanda aeroportun inşası böyük sürətlə davam edir. Qarabağda yol strukturundan sonra yaşayış üçün minimum şərtlərin təmin edilməsi məsələsi artıq öz həllini tamamlamaq üzrədir. Bunun üçün Qarabağda müxtəlif komissiyalar fəaliyyət göstərir. Mən iki rəsmi Komissiyanın üzvüyəm. Bunlardan birincisi “Azərsu” ASC-nin tərkibində “Ağdam, Füzuli və Cəbrayıl şəhərlərində ağıllı su sistemlərinin idarə olunması” məqsədi ilə yaradılmış Komissiyadır, ikincisi isə “Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin dayanıqlı içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın, ilkin layihə sənədlərinin hazırlanması” məqsədi ilə yaradılmış Komissiyadır.

Tarixən Şuşa şəhərinin qədim su təchizatı sistemi olub. İşğal dövründə təchizat ermənilər tərəfindən dağıdılsa da, Şuşa azad olunandan sonra qısa müddətdə su sistemi qismən bərpa edilib. Eyni zamanda, Şuşa şəhərində daimi etibarlı və keyfiyyətli suyun təmin olunması gündəmə çıxarılıb. Məhz yaradılmış komissiya müxtəlif struktur və təşkilatları təmsil etməklə gələcək layihə işlərində onların verdikləri təklif və məsləhətlərin həyata keçirilməsindən ibarətdir. Gələcəkdə su ehtiyatlarının qiymətləndirilməsi su təchizatı sistemlərində innovativ texnologiyaların tətbiqinin təmini əsasında həyata keçiriləcək. Hazırda Şuşa şəhərində yaşayış az olsa da, yaxın illərdə məskunlaşmanın artması labüddür. Amma yaxın gələcəkdə Şuşanın böyüməsi nəzərdə tutularaq burada 25-30 min əhali üçün tam şərait yaradılmalıdır. Ona görə Şuşanın su təchizatı tələb olunan şərtlər daxilində öz həllini tapmalıdır.

- Yaxşı bəs məsələ necə öz həllini tapacaq?

- Məhz yaradılmış Komissiya yekun qərarı təsdiq etməlidir. Birinci variant ən qısa vaxtda Şuşanın su ilə təmin olunması layihəsi, digər variant isə Həkəri çay sistemindən boru vasitəsilə suyun gətirilməsidir. Həkəri çayı üzərində hidrotexniki qurğunun təxminən 100 km məsafədən Şuşanı su ilə təmin etməsi nəzərdə tutulub. Hələlik birinci varianta önəm verməklə mövcud su sistemlərini tamamilə bərpa etmək, yaxınlıqda həcmi 1-1,5 milyon kub metr olan su anbarının inşa edilməsinə razılıq verilib. Artıq buna aid mütəxəssis qrupu çöl tədqiqatı və kəşfiyyat işlərini yekunlaşdıraraq layihəni həyata keçirmək üzrədir. Bu gün Şuşada çox möhtəşəm işlər həyata keçirilir.

- İkinci səfəriniz Ağdama olub.

- Bəli, ikinci səfərimiz Ağdama olub. Onu deyim ki, işğaldan çox əvvəl Ağdamın Qiyaslı, Qızıl Kəngərli, Paprəvənd, Boyəhməd və Xaçın çay su anbarının inşasından sonra Ağdam torpaqlarına paylayıcı suvarma kanallarının inşasında iştirak etmişdim. O yerlər mənə tanış idi. Lakin biz Ağdama girdikdə xarabalıqları, erməni vəhşiliyinin nəticələri gözümüzün qabağında idi. Məqsədimiz Ağdam şəhərinin layihəsi və onunla əlaqədar rast gəlinə biləcək problemlərin həlli idi. Birinci məsələ Ağdamda içməli və suvarma suyun əldə olunması məsələsinin həlli idi. Ümumiyyətlə, Ağdam rayonunun ərazisində Xaçınçay su anbarı var, onun da həcmi 23 kub metrdir. Digər iki kiçik su anbarı və Ağdam gölləri də var, onun isə cəm şəkildə həcmi 5-6 milyon kub metrə bərabərdir. Beləliklə ümumilikdə Ağdamın 30 milyon kub metr suvarma su ehtiyatı var. Eyni zamanda, Qarqarçayın suyu və çay yataqlarındakı gətirmə konuslarında olan yeraltı sular da var. Əldə etdiyimiz məlumata görə, işğaldan əvvəlki dövrdə Ağdamda il ərzində 98 kəhrizdən 62 milyon kub metr su əldə olunub. O kəhrizlərdən yalnız Quzanlıda olanlar bərpa olunub. Onlar da işğal altında olmayan ərazilərdədir.

Ağdam şəhəri ərazisində iki subartezian quyusu vurulub. Quyulardan birindən saniyədə 20 litr, birindən isə 8 litr su vurulur. Hələ ki bu su oradakı yaşıllıq və tikinti işlərini təmin edir. Burada da geniş miqyasda tikinti işləri aparılır. Amma bizim əsas məqsədimiz Ağdam və onun ətrafında yerüstü sulardan, kəhrizlərdən düzgün istifadəni gündəmə çıxarmaq idi. Eyni zamanda, gətirmə konuslarında olan yeraltı sulardan düzgün elmi əsaslarla istifadəni də təmin etməliyik. O halda birinci məsələ kəhrizləri monitorinq edərək tədqiq etmək, yararlılarını ilkin sürətdə bərpa etməliyik. Əslində kəhrizlər qədim irs abidələrimizdir. Onları qorumaq, bərpa etmək bizim borcumuzdur.

- Tədqiqatların nəticəsi nəyi göstərir?

- Öncəki tədqiqatlar onu göstərdi ki, mənfur ermənilər hər şeyi alt-üst ediblər. Əksər hidrotexniki qurğuları da istifadəsiz hala salıblar. Kəhriz quyularının çoxuna insan cəsədləri, minalar atıblar. Hətta Qarabağda tədqiqat apararkən Quzanlı sakinləri işğal dövründə kəhriz quyularından insan səsi gəldiyini deyirdilər. Həmin kəhrizlər bu gün etibarlı su mənbəyidir.

Bir məlumatı da nəzərinizə çatdırım ki, işğaldan azad olunan ərazilərdəki kəhrizlərdən il ərzində cəmi su sərfiyyatı 119,7 milyon kubmetrdir. Coğrafi yayılmasına görə, ötən əsrdə Cəbrayıl rayonunda 111, Ağdamda 98, Füzulidə 71, Dağlıq Qarabağda isə 52 kəhriz olub.

Mövcud işçi qrupun tərkibində bizim vəzifəmiz yaxın müddətdə minalardan azad edilmiş ərazilərdə torpaq su tədqiqatlarının aparılması və alınmış nəticələrin qiymətləndirməsidir. Bu işdə AMEA institutları və alimlərindən ibarət geniş profilli tədqiqat qrupları yaradılacaq. Qeyd edim ki, alimlərimiz bu tədqiqatlarda iştirak üçün xüsusi maraq göstərirlər.

- Yeni layihəyə görə Ağdam şəhərində yaşayış tam təmin edildikdən sonra orada tullantı suları idarə ediləcək. Bunun üçün hansı işlər aparılacaq?

- “Ağıllı şəhər” və “ağıllı kənd” layihələrində bu məsələ öz həllini tapıb. Təbii ki, AMEA-nın nümayəndəsi olaraq Ağdam şəhərinin layihəsinin müzakirəsində iştirak etdim. Burada olduqca çox həllini gözləyən və eləcə də gələcəkdə hər hansı ekoloji problem yaradacaq ən cüzi məsələlər öz həllini tapmalıdır.

Bizi müasir elmi-texniki yenilikləri nəzərə almaqla gələcəkdə Ağdam şəhərindəki tullantı sularının hara axıdılacağı məsələsi də maraqlandırırdı. Çünki ərazinin geomorfoloji və geoloji quruluşu onu göstərir ki, bütün artıq sular birbaşa Qarqar çayı məcrasına axmalıdır. Ekoloji baxımdan və eləcə də şəhərsalmanın sonunda yaranacaq bu problem əslində öncədən öz həllini tapmalı idi. Məhz bu məsələ üçün layihədə Ağdam şəhərindəki tullantı məhsullarının zavod vasitəsilə, bərk və maye məhsullarının ayrılaraq, suların təmizlənərək texniki su kimi suvarmada, bərk tullantı məhsullarının isə emal olunaraq kübrə formasında yaşıllıqlarda istifadə olunması nəzərdə tutulur. Bu üsul həm dünya, həm də Azərbaycan təcrübəsində var. Məsələn, Hövsan Aerasiya Stansiyasında bu təcrübədən istifadə edilərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tingçilik təsərrüfatlarında, eyni zamanda, keçmiş Yod-Brom Zavodu ərazisində sınaqdan keçirilib və yaxşı nəticələr alınıb. Ağdamda da tullantı sularının təkrar emalı üçün zavod tikiləcək və təmizlənmiş sudan səmərəli istifadə olunacaq. Göründüyü kimi, gələcəkdə ölkədə həllini gözləyən texniki və içməli su problemi məsələsi də öz həllini tapacaq.

- Qarabağda torpağın nə qədər hissəsi əkinə yararlı, nə qədəri yararsızdır?

- Hələlik Qarabağda aparılan işlər o qədər çoxdur ki, bu sualın cavabı yaxın vaxtlarda konkret tədqiqat materialları əsasında veriləcək. Burada torpağın başına gətirilən elə problemlər var ki, bu, bizdən Qarabağın döyüş aparılmış yerlərində dəqiq axtarış aparmağı tələb edir. Elmə bəlkə də ilk dəfə “hərbi eroziya” termini əlavə ediləcək. Döyüş vaxtı top mərmilərinin, minaların torpağın altını-üstünə çevirməsi, kimyəvi maddələrin torpağa qarışması, torpağın 30 il istifadə olunmaması və s. məsələlər var. Bu torpaqlarda baş verən proseslər öyrənilməlidir. Mövcud müharibə faktları nəzərə alınmalıdır. Tədqiqatlar aparılarkən müharibə zamanı istifadə olunan silahların tərkibi müəyyənləşdirilməlidir. Çünki silahların istifadəsi nəticəsində torpağa ağır metallar yayılıb. Hazırda münbit torpaqlarda işlər gedir, amma hərbi eroziyaya məruz qalan torpaqlar, eyni zamanda, “Ohanyan xətti” minalardan təmizləndikdən sonra burada torpaq tədqiqatlarının aparılması labüddür. Tədqiqat zamanı bu torpaqlarda qida maddələrinin nə qədər olduğu, hansı bitkiləri təkrar əkməyin mümkünlüyü, bu torpaqlara nə qədər gübrə vermək lazım olduğu müəyyən ediləcək.

- İşğaldan azad olunmuş torpaqların bərpası üçün hansı tədbirlər həyata keçirilir?

- 30 ildir ki, Qarabağ torpaqlarında tədqiqat aparılmayıb. Qarabağın ən məhsuldar torpağı Ağdamdadır. Burada 50 min hektara qədər suvarılan torpaq var. Füzuli, Cəbrayıl və Zəngilan da zəngin torpaq mühitinə sahibdir. Mən bir elm adamı olaraq istərdim ki, bu tədqiqatlarda yaxından iştirak edim, bizim İnstitutun alimləri və elmi işçiləri burada fəaliyyətə başlasınlar. Yaxşı hal odur ki, bizim bunun üçün lazımi imkanlarımız var.

AMEA-da köklü dəyişikliklər getməkdədir, institutumuzda 2015-ci ildən yekunlaşmış layihə əsasında əldə olunmuş 200 min ABŞ dolları dəyərində “Mercedes” markalı avtomobil üzərində yerləşdirilmiş səyyar-mobil aqrar laboratoriya 6 il idi ki, sanki “göz dağı”na çevrilərək institutun həyətində qalmışdı.

Dəfələrlə yazılı və şifahi müraciətlərimə baxmayaraq, bu avtomobil Elmin İnkişafı Fondunun (EİF) balansından AMEA-nın balansına köçürülmürdü. AMEA-dakı son dəyişiklikdən sonra akademik Arif Həşimovun ilk qərarlarından biri bu məsələ ilə bağlı oldu. Nəhayət ki, bu məsələ öz həllini tapdı və səyyar aqrar laboratoriya instituta verildi.

Əgər həmin avtomobil vaxtında verilsəydi, biz fermerlərə yaxından məsləhət verə, torpaq nümunələri götürməklə lazım ola biləcək gübrə ehtiyacını dəqiqləşdirə, həm torpağı kimyəvi çirklənmədən qorumağa, həm də gübrələri qənaətlə işlətməyə nail ola bilərdik. Bu prosesləri Qarabağda həyata keçirə bilərik. Bu işlərin dövlət tərəfindən Torpaqşünaslıq və Aqrokimya İnstitutuna həvalə edilməsi ilə bağlı hələ ki bir göstəriş yoxdur.

- Qarabağda su mənbələrinin zəhərlənməsi məsələsi də var. Həmin su mənbələrinə dəymiş ziyan hansı müddətdə aradan qaldırıla bilər?

- Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden zavodu və Qafan mis-filiz saflaşdırma kombinatının yüksək kimyəvi tərkibli istehsalat sularının birbaşa Zəngilandakı Oxçuçay çayına axıdılması nəticəsində çay hövzəsi ciddi şəkildə çirklənib. Buna görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində Xüsusi Komissiya yaradılıb. Bu Komissiyada AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun alimləri də təmsil olunur. Oxçuçaydan su nümunələri götürülərək fiziki-kimyəvi təhlillər aparılıb. Əsas məsələ o su ilə gələn ağır metalların harada toplanması, onların necə neytrallaşdırılmasıdır.

Çünki Oxçuçayın çirklənməsi öz növbəsində Araz çayının da çirklənməsinə gətirib çıxarır. Oxçuçayda fiziki-kimyəvi və bioloji monitorinqlərin aparılması üçün İşçi Qrup yaradılıb. Burada məqsəd çayın dib çöküntülərində ağır metallarla çirklənmə səviyyəsinə nəzarət etməkdir. Suda olan ağır metalların miqdarının həddindən artıq çox olduğu müəyyən edilib. Oxçuçayda mövcud vəziyyətin qiymətləndirilməsi məsələsinə kompleks yanaşma, fiziki-kimyəvi və bioloji təhlillər aparılması üçün aidiyyəti dövlət qurumları nümayəndələrindən ibarət İşçi Qruplar yaradılacaq. Bu qurumların sırasında bizim İnstitut da var. Çayın suyunun keyfiyyət göstəricilərinin müəyyən edilməsi və bioloji vəziyyətin qiymətləndirilməsi məqsədilə mütəmadi monitorinqlər aparılacaq. Çirklənmə arealı müəyyən ediləcək və xəritələşdirilməsi təmin ediləcək.

Bu çirklənmənin qarşısını almağın əsas yolu Qacaran mis-molibden zavodunun fəaliyyətinin ekosistemə ziyan vurmadan təşkil edilməsi ola bilər. Həmin zavod Almaniyanın “Cronimet Holding” şirkətinə məxsusdur. Yalnız belə olan halda ekostandartların kobudcasına pozulması faktlarını aradan qaldırmaq və insan sağlamlığına ciddi mənfi təsirlərin qarşısını almaq olar.

Copyright © 2015 Institute of Information Technology of ANAS