AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
AMEA-nın müxbir üzvü Tofiq Məmmədov: “Dendrologiya İnstitutu dünyanın aparıcı bağları ilə rəqabət apara biləcək imkanlara sahibdir”
Feb 11, 2022 | 12:00 / Interviews, speeches
Read 314 times

Müsahibimiz çoxillik səmərəli elmi, elmi-təcrübi və təşkilatçılıq fəaliyyəti, təbiət elmləri sahəsində fundamental elmi nəticələri ilə seçilən Azərbaycanın tanınmış bioloq-alimi, Dendrologiya İnstitutunun baş direktoru, “Şöhrət” ordenli, AMEA-nın müxbir üzvü, professor Tofiq Məmmədovdur. Bu gün 65 yaşını qeyd edən həmsöhbətimiz ilə onun elmi yaradıcılığına, rəhbərlik etdiyi Dendrologiya İnstitutunda elmimizin inkişafı üçün görülən işlərə nəzər saldıq. 

- Tofiq müəllim, əvvəlcə sizi 65 illik yubileyiniz münasibətilə təbrik edir, sizə sağlam və mənalı ömür, yeni-yeni uğurlar arzulayırıq. Uzun illərdir ki, Dendrologiya İnstitutunun baş direktoru vəzifəsində çalışır, Azərbaycanda biomüxtəlifliyin, xüsusilə ağac və kоl bitkilərinin kompleks şəkildə öyrənilməsi ilə bağlı əhəmiyyətli tədqiqatlar aparırsınız. Bu istiqamətdə fəaliyyətiniz barədə bir qədər məlumat verməyinizi istərdik.

- Son 25-30 il ərzində Dendrologiya İnstitutunda çalışıram. Bu institut vaxtilə 11 əməkdaşdan ibarət Dendrologiya Parkı kimi fəaliyyət göstərirdi və faktiki olaraq heç bir tədqiqat aparılmırdı. Uzun illər bu Parka maliyyə vəsaiti də ayrılmadı. 1990-cı ildə, bu quruma ilk gəldiyim vaxtlarda şəxsi imkanlarım hesabına Bağın fəaliyyətinin davam etdirilməsinə dəstək oldum. Bir müddət sonra cüzi miqdarda maliyyə vəsaiti ayrıldı. Bir tərəfdən tarixi abidə olan və neft milyonçusu Murtuza Muxtarovun evi olan bu bina yandırılmışdı və böyük təhlükə altında idi. Digər tərəfdən isə Bağda yalnız bir neçə növ bitki qalmışdı. Su xəttinin olmaması və quyuların işləməməsi əlavə problemlər yaradırdı. Bağın bugünkü vəziyyətə gətirilməsi böyük çətinliklər hesabına başa gəlib. Belə ki, bina bərpa olundu, 12 quyu işə salındı. Samur-Dəvəçi kanalından 12 km məsafədən su xətti çəkildi. Dünyanın müxtəlif ölkələrindən toxumlar gətirildi və yerli şəraitə introduksiya edildi. Bu gün Dendrologiya İnstitutu Bakı şəhərinin yaşıllaşdırılmasında, eləcə də bəzi ərazilər üçün bitki bazasının yaradılmasında yaxından iştirak edir. İnstitutda aparılmış yenidənqurma-abadlıq işləri onun müasir dövrün tələblərinə uyğun qurulduğunu, dünyanın aparıcı bağları ilə rəqabət apara biləcək imkanlara sahib olduğunu deməyə əsas verir.

Dünyanın 100-dən çox botanika bağında olmuşam və bu bağlarda tətbiq olunan ən müasir yanaşmaları Dendrologiya İnstitutunda tətbiq etməyə çalışmışam. Bu ezamiyyətlərin Bağın müasir səviyyədə qurulmasında böyük rolu olub. Hazırda rəhbərlik etdiyim bu institut Dünya Botanika Bağlarının üzvüdür və bu üzvlər arasında seçilmiş Bağlardan biri hesab olunur. İnstitutda mütamadi olaraq dünyanın müxtəlif ölkələrinin iştirakı ilə konfranslar, qurultaylar keçirilir. Qeyd edim ki, son dövrlərdə dendroflora ilə bağlı müxtəlif ölkələrlə birgə keçirilən konfransların sayına görə Dendrologiya İnstitutu respublikamızda liderlik edir. Bunlardan biri də cari ilin iyun ayında “Scopus”un dəstəyi ilə dünyanın 200-ə yaxın botaniki və tibb sahəsində mütəxəssisinin iştirakı ilə keçirilən konfransdır.

Vurğulamaq istərdim ki, vaxtilə bu Bağda heç bir laboratoriya fəaliyyət göstərmədiyi halda, hazırda Dendrologiya İnstitutunun labaratoriyaları ən müasir avadanlıqlarla təchiz olunub. Burada fəaliyyət göstərən bir çox laboratoriyalara MDB ölkələrinin əksəriyyətində rast gəlmək mümkün deyil. Bəzi laboratoriyalarımız yalnız institut üçün deyil, bütövlükdə ölkəmiz üçün böyük bir elm mənbəyidir. Bir çox hallarda ən yeni nəsil avadanlıqları işə salmaq üçün xarici ölkələrdən mütəxəssislərin gətirilməsi tələb olunur.

İnstitutumuzda Müasir bitki mühafizəsi laboratoriyası da fəaliyyət göstərir. Ağaclara olan mənfi davranışları aradan qaldırmaq üçün xarici ölkələrdən gətirdiyimiz müasir avadanlıqla bitkinin yaşını, onun illər üzrə keçdiyi ekoloji mühiti, sağlamlıq dərəcəsini təyin edə bilirik. Fiziologiya laboratoriyasında quraşdırılmış avadanlıqlar müasir dövrdə qlobal problemlərin həllində inkişaf etmiş ölkələrdə tətbiq olunan qurğulardandır.

Düşünürəm ki, Bağın qorunub saxlanılması və burada quraşdırılmış yeni avadanlıqlar hesabına əhəmiyyətli elmi-tədqiqatların aparılması işlərini gələcək nəsillər də uğurla davam etdirəcək.

Sevindirici haldır ki, institutumuz dünya ölkələri ilə əməkdaşlıqda, dünyanın reytinqli jurnallarının tələblərinə uyğun birgə məqalələrin hazırlanmasında yaxından iştirak edir.

Məlum olduğu kimi, Dendrologiya İnstitutunun bağı ümumi sahəsinə, burada bitən flora növlərinin sayına və yaşına görə dünyanın ən zəngin kolleksiyaları sırasında dayanır. Son illərdə Dendrologiya İnstitutunda hansı elmi yeniliklərə imza atılıb?

- Qeyd olunan işlərlə yanaşı, Dendrologiya İnstitutunda elm sahəsində də mühüm nailiyyətlər əldə olunub. 60 ilə yaxın bir dövr ərzində Azərbaycan florasına dair heç bir əsaslı tədqiqat aparılmayıb. Bu illər ərzində hazırlanmış Gülçülük, eləcə də Otaq Bitkiləri ensiklopediyaları, “Qazon və Bəzək Memarlığı”, “Bəzək Arxitekturası” kitablarının ərsəyə gəlməsində bu sahədə dünya təcrübəsindən istifadə olunub.

Azərbaycanın ilk botanik-ekoloqlarından biri kimi Təhsil Nazirliyinin qrifti əsasında Azərbaycanın ilk ekologiya dərsliyini hazırlamışam. Həmin dövrdə ədəbiyyat materiallarının azlığı, kitabın ərsəyə gəlməsi üçün dərin tədqiqatlar aparılmasını tələb edirdi. Kitabın hazırlanmasında bir neçə ölkənin ekologiya dərsliklərinə istinad olunub. Çalışdıq ki, bu kitab növbəti nəsillər üçün gələcəyi əks etdirən ekologiya vəsaiti olsun.

Bu illər ərzində mənim 28 kitabım, 40-ı dünyanın tanınmış jurnallarında olmaqla 400-ə yaxın məqaləm işıq üzü görüb. 50-dən çox beynəlxalq konfransda iştirak etmişəm, Dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərdə iştirak, həmçinin həmin ölkələrin bitki örtüyünü, bəzək və bağçılıqda istifadə edilən dekorativ növləri öyrənməyə imkan verir. Bu həmin ölkələrdə yetişən bitkilərin Azərbaycan mühitinə uyğun olub-olmamasını müəyyənləşdirmək baxımından da əhəmiyyətlidir.  Təkcə ötən il, Azərbaycana dünyanın 30 ölkəsindən 43 növ toxum gətirilib. Onların 10 faizi Azərbaycan florasına uyğunlaşdırılarsa bu, ölkəmiz üçün çox qiymətli xəzinədir. Əgər bir il ərzində ölkə florasında 10 yeni növ artıra biliriksə, bu, Azərbaycanın yaxın gələcəkdə flora zənginliyinə görə ön sıralarda olacağının göstəricisidir.

Qeyd edim ki, vaxtilə Gürcüstanın Botanika Bağı Azərbaycandan xeyli irəlidə idi, lakin hazırda institutumuzun səmərəli fəaliyyəti nəticəsində Bağımız növ zənginliyi ilə bütün Qafqaz ölkələri arasında seçilir. Qeyd olunanlar təkcə institutumuzun deyil, ölkəmizin də böyük uğurudur. Dünyanın müxtəlif ölkələrinin Azərbaycandakı səfirliklərinin nümyəndələri bu Bağla tanış olduqda söylədikləri xoş sözlər, az vəsait hesabına görülən böyük işlərin onlarda heyrət doğurması bizi sevindirir. Biz hər zaman çalışmışıq ki, görülən işlər zamanı tarixilik qorunsun, tarixi abidələrə heç bir zərər yetirilməsin.

Qeyd edim ki, belə bir Bağ salmaq üçün yüz illər tələb olunur. Bağımızda olan hər bir bitki xüsusi qulluq tələb edir. Onların introduksiyası, iqlim dəyişdirməsi, fiziologiyası və biologiyası təhlil edilmədən bitkiləri yetişdirmək mümkün deyil. Bu bitkilərin yerli şəraitə uyğunlaşdırılması üçün 3-5 il vaxt tələb olunur. Bu məqsədlə müasir tələblərə cavab verən istixanalar qurduq. Burada Asiyadan gətirilmiş bir çox növlər yerləşdirilib və kütləvi şəkildə artırılıb. İstixanalarımızda olan növ zənginliyini dünya sərvəti hesab etmək olar.

Mühüm elmi nailiyyətlərimizdən hesab olunan “Azərbaycan dendroflorası” 5 cildliyinin hazırlanması üçün çoxsaylı ekspedisiyalar və monitorinqlər aparılıb, ezamiyyətlər olunub, geniş elmi mənbələrə müraciət olunub. Bununla yanaşı, “Abşeron florasının toksonomik spektri” adlı kitabı hazırladıqda əvvəlki tədqiqatlardan fərqli olaraq Azərbaycanda 2500-ə yaxın növün olduğu məlum oldu. Qeyd edim ki, bu kitabın cari ildə başa çatdırılması nəzərdə tutulur.

Həmçinin “Azərbaycanda bitki ekologiyası” dərs vəsaitinin hazırlanması, “Biologiyanın tədrisində ekoloji məşğələlər” adlı monoqrafik kitab və s. Azərbaycanda böyük tələbata cavab verən əsərlərdəndir. Universitetlərdə və orta məktəblərdə məktəbəqədər müəssisələrdə ekologiyanın tədrisində başa düşülən, əyləncəli metodik məşğələnin aparılması vacib şərtlərdən biridir. Bu tədbirlər insanların təbiətə, biomüxtəlifliyə olan marağının, ekoloji tərbiyənin formalaşdırılması istiqamətində görülən mühüm işlərdir.

Müəllifi olduğunuz 5 cildlik “Azərbaycan dendroflorası” kitabı elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Bu fundamental kitabın ərsəyə gəlməsi ideyası hansı zərurətdən yarandı?

- “Azərbaycan dendroflorası” kitabının yazılmasında, təyinedici açarların verilməsində çox böyük problemlərimiz olub. Vaxtilə Azərbaycan florasına dair tədqiqatlara az rast gəlinirdi. Həmin dövrdə bitkinin növünü təyin etmək çətin proses idi. Bir tərəfdən vaxtilə floramızla bağlı aparılmış tədqiqatlarda bəzi bitkilərə təbiətdə heç rast gəlinmirdi, mədəni bitkilər haqqında isə faktiki olaraq çox az məlumat verilmişdi. Düzdür, botaniklərin bir çoxu müəyyən bitkilər haqqında məlumatlar təqdim etmişdi. Lakin onların ekologiyası, biologiyası, yayılma arealı haqqında materiallar çox az idi. Ona görə də düşündük ki, Azərbaycan florasına dair kitab tərtib edilməlidir. Əlbəttə, floranın tərtibi uzun vaxt tələb edən proses idi. Bununla yanaşı, respublikamızda bu sahədə mütəxəssis çatışmazlığı müşahidə olunurdu. Öncə Azərbaycan dendroflorasının tədqiqi üzərində işlər apardıq, bu məqsədlə hər növ haqqında monitorinqlər həyata keçirdik.

Vaxtilə aparılan işlər haqqında da məlumatlar toplanmalı, növlər təyin olunmalı, onların təyinedici açarları verilməli idi.

İlk 3 cild dendrafloranın təkcə herbarilərinin, növün təyinatı ilə bağlı oldu. Bu məqsədlə müxtəlif ölkələrdə botaniklərlə əlaqələr qurduq, onlarla  ekspedisiyalar apardıq. İki ay Sankt-Peterburqun Dendrologiya İnstitutunda ezamiyyətdə oldum və təcrübə keçdim.

Bu işə Azərbaycanın görkəmli alimlərini cəlb etdik, müəyyən dövrlərdə onlar da bizimlə çalışdılar və 10 il ərzində 5 cildlik “Azərbaycan dendroflorası” kitabını hazırladıq, 2020-ci ildə isə 5 cildliyi başa çatdırdıq.

Bu beşcildliyin hazırlanmasında əziyyətimiz çox olsa da, onun bəhrəsini görə bildik.

Azərbaycan dendroflorasında vaxtilə 423 növün olması məlum olduğu halda, tədqiqatlarımız nəticəsində müasir dendroflorada təbii və mədəni şəraitdə yetişən 1141 növün mövcudluğu aşkarlandı. Bu fakt göstərir ki, respublikamızda biomüxtəlifliyin artırılmasında böyük işlər görülüb.

Bəzən ezamiyyətlərimiz zamanı və ya mədəni floranın tədqiqi zamanı ayrı-ayrı şəxslərin də ölkəmizin biomüxtəlifliyinə töhfələr verdiyinin də şahidi olurduq.

- Bildiyimiz kimi, floramızda bir çox nəsli kəsilmək üzrə olan bitki növləri mövcuddur. Nadir bitki növlərinin azalması və ya nəslinin kəsilməsinin əsas səbəblərindən bəhs edərdiniz. İnstitut tərəfindən bu kimi növlərin məhv olmasının qarşısının alınması və qorunması üçün hansı tədbirlər görülür?

- Botanik olmaq olduqca çətin peşələrdəndir. Belə ki, botaniklər bitkilərlə təmasda olmalı, onun tələblərini hiss etməlidir. Bu sahədə gördüyümüz işlər bizi çox sevindirir. Qeyd edim ki, əldə etdiyimiz nailiyyətlərin hər biri istehsalatda tətbiq olunur.

5 cildliyi başa çatdırdıqdan sonra, hazırlanmış dendrofloraya əsasən, Azərbaycanın nadir, nəsli kəsilməkdə olan ağac-kol bitkilərini araşdırmağa başladıq. İlk apardığımız tədqiqatlarda müəyyən olundu ki, istər son, istərsə də əvvəlki “Qırmızı kitab”da qeyd olunan növlərlə yanaşı, bir çox yeni növlər də artıq nadir, nəsli kəsilməkdə olan bitkilər siyahısına aid edilir. Beləliklə, biz bu işləri yenidən həyata keçirdik. Azərbacanda nadir və nəsli kəsilməkdə olan 189 yeni növ ağac-kol bitkisi təbiətdə aşkarlandı.

Hazırda Azərbaycanda vaxtilə 40 növü olduğu müəyyən edilən Rosa L. cinsinə aid 64 növün olduğunu müəyyən etdik. Son araşdırmalar zamanı məlum oldu ki, bir çox Rosa L. cinsinə aid olan növ “Qırmızı kitab”a, o cümlədən nadir, nəsli kəsilməkdə olan bitkilər siyahısına aid edilməyib. Həmin bitkilər məhz Azərbaycanın görkəmli alimləri tərəfindən ilk dəfə ölkəmizdə aşkar edilib. Onların arealı ancaq Azərbaycandır. Biz 9 yeni növü “Qırmızı kitab”a, 25 növü isə nadir, nəsli kəsilməkdə olan bitkilər siyahısına aid olmaqla ümumilikdə 34 növ müəyyən etmişik.

“Azərbaycanda itburnu cinsi növləri təbii və mədəni şəraitdə” adlı kitabı da keçən il nəşr etdirdik. Bununla yanaşı, ötən il “Abşeron florasının taksonomik spektri” kitabını başa çatdırdıq. Hazırda onun I cildi üzərində işlər aparılır. Qeyd edim ki, “Abşeron florasının taksonomik spektri” kitabı 8 cildlik olaraq nəzərdə tutulub. Həmçinin əməkdaşlarımız tərəfindən iqlim dəyişkənliyinin biomüxtəlifliyə təsiri istiqamətində geniş tədqiqatlar aparılır.

- Tofiq müəllim, fəaliyyət göstərdiyiniz elm sahədə davamçılarınız varmı? Kadr hazırlığı sahəsində gördüyünüz işlər barədə məlumat verərdiniz.

- Qeyd etdiyim kimi, İnstitutda vaxtilə 11 əməkdaş çalışdığı halda, hazırda 178 nəfər əməkdaş çalışır. Bu kadrların yetişdirilməsinə böyük vaxt tələb olunub. Bu məqsədlə müxtəlif institutlara, universitetlərə müraciət olunub. Hazırda İnstitutumuzun 20-yə yaxın magistrantı və doktorantura təhsili alan gənc tədqiqatçısı var.

Ümid edirəm ki, gənclərimizin apardığı uğurlu tədqiqatlar, onların yüksək elmi potensialı gənc tədqiqatçılarımızın dünya elmi səviyyəsində tanınan alimlərdən birinə çevrilməsinə imkan verəcək.

Elmimizin inkişafı baxımından Dendrologiya İnstitutu qarşısında hansı vəzifələr qoyulub? 

Dendrologiya İnstitutu alimlərinin hazırladıqları məqalələr nüfuzlu xarici jurnallarda dərc olunur və dünya alimləri tərəfindən yüksək qiymətləndirilir. Buna görə də dünyanın bir çox ölkələri institutumuzla əməkdaşlıq əlaqələri yaradır.

Hazırda iqlim dəyişkənliyinin biomüxtəlifliyə təsiri digər sahələrə də təsir edir. Biz bu sahədə çox böyük işlər görmüşük. Dendrologiya İnstitutu bu gün bütün fəaliyyətini Azərbaycanda iqlim dəyişkənliyinin biomüxtəlifliyə, floraya təsiri istiqamətlərinə yönəldib.

Əlbəttə ki, iqlim dəyişməsində temperaturun qalxması, karbonun və azotun səviyyəsinin artmasına səbəb olur və bu, rayonlarda quraqlıq stresinin yaranmasına gətirib çıxara bilər. Qeyd olunan istiqamət çoxşaxəlidir, bu işin Azərbaycanda davam etdirilməsi vacib məsələlərdən biri kimi qarşıya qoyulmalıdır.

Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin sektor müdiri

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS