AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Əbədiyaşar alim
Feb 01, 2022 | 06:00 / Important events
Read 365 times

2022-ci il fevral ayının 1-də böyük alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin haqq dünyasına qovuşduğu gündən 6 il ötür. O, bu həyatı cismən tərk etsə də, tələbələrinin, həmkarlarının və onu yaxından tanıyanların qəlbində yaşayır.

Cəlal müəllim həmişə söhbətlərində “Əgər Tanrı mənə ikinci bir həyat bəxş etsəydi, heç düşünmədən yenə də elm yolunu seçib həyatımı ona həsr edərdim” fikrini söyləyərdi. O, hər zaman “Elm-həqiqətdir!” demiş və bütün həyatını elmə, elmin təmizliyi və elmi həqiqətin təntənəsi prinsiplərinə həsr etmişdir. Alim özünün dərin zəkası, güclü erudisiyası və sanballı tədqiqatları ilə Azərbaycan elminin inkişafında misilsiz xidmətlər göstərmiş, eyni zamanda dünya elminə böyük töhfələr vermişdir. Azərbaycan elminin təşkilində, təbliğ olunmasında, dünyada tanınmasında və beynəlxalq elmi əlaqələrin qurulmasında onun xüsusi rolu olmuşdur. Cəlal Əliyev Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin, o cümlədən molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi və kompüter biologiyası, bioinformatikanın bünövrəsini qoymuş, bu sahələrin hərtərəfli inkişafının başlıca istiqamətlərini müəyyənləşdirmiş, fundamental və tətbiqi tədqiqatlarla zəngin elmi məktəb formalaşdırmışdır. Onun fəaliyyətinin bütün mərhələləri əsl həyat məktəbi, elmi ideallara xidmətin parlaq nümunəsidir.

Azərbaycan tarixində önəmli yer tutan ailədə dünyaya gəlmiş Cəlal Əliyevin çətinliklərlə dolu, keşməkeşli, lakin şərəfli ömür yolu bütünlüklə gərgin elmi və ictimai-siyasi fəaliyyətlərlə, həqiqət axtarışları ilə, böyük elmi nailiyyətlərlə, vətəninə, dövlətinə, xalqının bu günü və gələcəyinə verdiyi dəyərli töhfələrlə zəngin olmuşdur. Əsl elm fədaisi kimi həyatının ən çətin anlarında belə elmi tədqiqatlarını dayandırmayan bu böyük insanın keçdiyi şərəfli həyat yolu hər bir alim, o cümlədən tələbələri, ardıcılları üçün həyat dərsi, müdriklik və mükəmməllik məktəbi, elmi ideallara xidmətin parlaq nümunəsi olmuşdur. Akademik Cəlal Əliyevin yaratdığı elmi məktəb ildən-ilə inkişaf edir, onun əsərləri, elmi nailiyyətləri daim araşdırılır. Alimin zəngin elmi irsi, konsepsiyaları nəinki Azərbaycan elminin, dünya elminin parlaq səhifəsini təşkil edir.

Ulu Öndər Heydər Əliyev deyirdi: “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar. “Ensiklopedik bilikləri, elmi erudisiyasının dərinliyi, güclü məntiqi, dərin müşahidə qabiliyyəti ilə fərqlənən Cəlal Əliyev məhz dərin fundamental elmi böyük praktika ilə birləşdirməyi bacaran nadir alimlərdən idi.

Cəlal Əlirza oğlu Əliyev 1928-ci il iyun ayının 30-da qədim Naxçıvan şəhərində Azərbaycan tarixinə, dövlətçiliyinə, elm və mədəniyyətinə böyük şəxsiyyətlər bəxş etmiş bir ailədə dünyaya göz açmışdır. 1946-cı ildə Naxçıvan Pedaqoji İnstitutunun Təbiət elmləri fakültəsini, 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, əmək fəaliyyətinə də 2-ci kursda oxuyarkən universitetin Bitki fiziologiyası kafedrasında laborant kimi başlamışdır. Cəlal Əliyev 1951-1954-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Bitki fiziologiyası laboratoriyasının aspirantı kimi akademik Müzəffər Abutalıbovun rəhbərliyi altında çalışmış, 1955-ci ildə “Buğdanın inkişafına və məhsuldarlığına mikroelementlərin təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

Böyük azərbaycanlının elmi yaradıcılığını qarşısına qoyduğu məqsədlər, fundamental nəzəri və praktiki nəticələrinin ümummilli və bəşəri əhəmiyyəti, mövzu yeniliyi, orijinallığı baxımından əsasən iki mərhələyə bölmək olar:

1-ci mərhələ - 1950-1970-ci illəri əhatə edən dövr. Bu mərhələdə genişmiqyaslı və təcrübi şəkildə kənd təsərrüfatı bitkilərində (xüsusilə dənli bitkilərdə) gedən fizioloji və biokimyəvi proseslərin xüsusiyyətləri, bu bitkilərin məhsuldarlığına mikroelementlərin təsiri, bu amillərin fotosintez prosesi ilə qarşılıqlı əlaqəsi, fotosintez prosesinə xarici mühit amillərinin təsiri, habelə kənd təsərrüfatı bitkilərindən yüksək və keyfiyyətli məhsul alınmasında günəş enerjisinin faydalı iş əmsalını nəzərə almaqla bu prosesin optimallaşdırılması öyrənilmişdir. 1954-cü ildə ET Əkinçilik İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlayan Cəlal Əliyev burada ilk günlərdən kənd təsərrüfatı bitkilərinin, xüsusən də dənli bitkilərin məhsuldarlıq proseslərini, onların fizioloji və biokimyəvi xüsusiyyətlərini tədqiq və yeni elmi yanaşmaları tətbiq etməklə ərzaq və ətraf mühit problemlərinin həllinə real töhfələr verən, ideal göstəricilərə maksimum yaxınlaşan bitki sortlarının yaradılmasını həyat və fəaliyyətinin məqsədlərindən biri olaraq seçmişdi. Bu dövrdə gənc alimin uğurlu elmi tədqiqatının nəticələri alimin 1971-ci ildə biologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün “Bitkilərin fotosintez fəaliyyəti, mineral elementlərlə qidalanması və məhsuldarlığı” mövzusunda müdafiə etdiyi dissertasiyasında mükəmməl və ətraflı olaraq öz ifadəsini tapmışdır.

2-ci mərhələ 1970-ci ildən mənalı həyatının sonlarına qədər olan dövrü əhatə edir. Bu dövrdə Cəlal müəllimin elmi yaradıcılığı öz zənginliyi, fundamental yeniliyi, biologiyanın yeni istiqamətlərinin (molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya, bioinformatika, kompüter biologiyası) yaranması, bu istiqamətdə dünyəvi əlaqələrin inkişafı ilə seçilir. Görkəmli alim 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. O, 1981-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi vəzifəsində çalışmışdır. Geniş diapazonlu elmi fəaliyyəti ilə bu böyük elm təşkilatçısı Azərbaycan elminin təşkili və inkişafında, dünyada tanınmasında, təbliğ olunmasında, qlobal elm məkanına inteqrasiyasının dərinləşdirilməsində, beynəlxalq elmi təşkilatlar və tanınmış xarici elm mərkəzləri ilə əlaqələrin qurulması və gücləndirilməsində misilsiz xidmətlər göstərmiş və dünya elminə dəyərli töhfələr vermişdir.

1970-ci ildən başlayaraq Cəlal Əliyevin rəhbərlik etdiyi qrup, laboratoriya və şöbələrdə aparılan kompleks tədqiqat işlərinin əsas istiqaməti kənd təsərrüfatı bitkilərinin potensial məhsuldarlığının reallaşdırılmasının fizioloji-genetik əsaslarını öyrənilməsinə yönəldilmişdir. Görkəmli alimin seleksiyaçı intuisiyası, hərtərəfli, dərin nəzəri və praktiki bilikləri, innovativ ideyaları, gərgin zəhməti sayəsində yeni intensiv buğda və digər bitki sortlarının yaradılması mümkün olmuşdur. Cəlal müəllim mürəkkəb torpaq-iqlim şəraiti olan Azərbaycanın müxtəlif bölgələrinə uyğun yüksək məhsuldar, quraqlığa, şaxtaya, xəstəlik və zərərvericilərə davamlı, şoran və şorəkət torpaqlarda da nisbətən yüksək məhsul vermək qabiliyyətinə malik hibrid nəsillərin alınmasında yerli ənənəvi buğda sortlarından istifadə olunmasına böyük üstünlük vermişdir. Xalq seleksiyası tərəfindən seçilmiş, Azərbaycanda uzun müddət əkilən, üstəlik, təbii seçmə nəticəsində yerli şəraitə uyğunlaşan davamlı “Sarı buğda”, “Ağ buğda”, “Qırmızı buğda”, “Qaraqılçıq” və başqa buğda genotipləri müasir intensiv sortlarla hibridləşdirilərək yeni nəsillər alınmışdır.

Akademik Cəlal Əliyev yeni buğda sortlarının yaradılmasında, seleksiya prosesinin qısaldılmasında və səmərəliliyinin artırılmasında kompleks yanaşmanın vacibliyinə israr etmiş, seleksiyaçılarla bərabər hər zaman fizioloqların, kimyaçıların, fitopatoloqların, entomoloqların birgə fəaliyyət göstərmələrini məsləhət bilmişdir.

Onun tərəfindən və rəhbərliyi ilə yaradılmış bitki sortları respublikanın müxtəlif aqroiqlim bölgələrinin yerli şəraitinə uyğun olmaqla və ətraf mühit amillərinin təsirinə qarşı adaptiv xüsusiyyətlərini qorumaq qabiliyyəti, yüksək məhsuldarlıq və keyfiyyət göstəriciləri ilə seçilir. Hər hektardan 70-80 sentner taxıl əldə edən fermerdən hansı sortdan istifadə etdiyini soruşduqda onun qürurla: “Cəlal müəllimin sortudur” - deyə cavab verməsi Azərbaycan əkinçisinin daha əcnəbi seleksiyaçılardan asılı olmadığına inam yaradır. Bu, doğrudan da, hər bir vətənpərvər azərbaycanlı üçün çox böyük fəxrdir.

Akademik Cəlal Əliyev uzun illər ərzində toplanmış zəngin elmi və praktiki təcrübəsi, orijinal tədqiqatçı yaradıcılığı sayəsində Azərbaycanda mədəni taxıl bitkilərinin və onların yabanı əcdadlarının müxtəlif morfofizioloji əlamətlərə malik 10 minlərlə nümunədən ibarət genofondunun - gen bankının istifadəsi əsasında müasir dövrün tələblərinə cavab verən, müxtəlif torpaq-iqlim şəraitinə hesablanmış 60-dan çox qiymətli buğda sortunun yaradılmasına nail olmuşdur.

Akademik Cəlal Əliyevin bioloji müxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi sahəsində də fəaliyyəti təqdirəlayiqdir. O, bu müxtəlifliyə seleksiya üçün tükənməz mənbə kimi baxırdı. Akademik “Bioloji müxtəliflik bəşəriyyətin sərvətidir” məqaləsində göstərirdi: “Dünyada 15 milyondan çox canlı mövcuddur və hər gün onların 100-ə yaxını məhv olur. Lakin onların məhv olması bir çox hallarda hiss edilmir. Bəşəriyyət isə belə itkilərdən olduqca böyük ziyan çəkir. Təxminən 265 min bitki növündən yalnız 5 mini ərzaq məhsulları üçün becərilir... Elmi seleksiyada yüksək məhsuldar sortların yaradılmasında xəstəlik və zərərvericilərə azdavamlı formaların nəzərə alınmaması kənd təsərrüfatı bitkilərinin genetik ehtiyatlarını məhdudlaşdırmışdır. Yabanı formalardan daha davamlı genləri köçürməklə itirilmiş əlamətləri bərpa etmək olar”.

Danılmaz faktdır ki, məhz novator-alim Cəlal Əliyevin uzaqgörən təşəbbüskarlığı, milli təəssübkeşliyi nəticəsində Azərbaycan elmində ilk dəfə olaraq biologiyanın ən müasir istiqamətlərindən olan biokimya, biofizika, molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, gen mühəndisliyi, riyazi və kompüter biologiyası, bioinformatika kimi elm sahələri inkişaf etdirilmiş, son dövrlərdə isə maşınöyrənmə üsullarının və süni intellektin biologiya problemlərinə tətbiqinə başlanılmış, bu elmlər üzrə yüksəkixtisaslı kadr potensialı formalaşdırılmışdır. Onun rəhbərliyi ilə biologiya və kənd təsərrüfatının bir çox nəzəri və praktiki məsələlərinin həllində riyazi metod və modelləşdirmədən, informasiya və kompüter texnologiyalarından istifadə olunmaqla tədqiqatların aparılması üzrə bir sıra ilklərə imza atılmışdır. Azərbaycan elminin dünya elmi ilə ayaqlaşması, yuxarıda qeyd edilən sahələr üzrə imkan və potensialın, maddi-texniki və kadr bazasının yaradılması ilə əlaqədar dünyanın aparıcı elm mərkəzləri və tanınmış alimləri ilə elmi əlaqələrin yaranması və genişlənməsi də bir çox hallarda akademik Cəlal Əliyevin adı ilə bağlı olmuşdur.

Akademik Cəlal Əliyev həmişə gənc alimlərə arxa-dayaq olmuşdur. Onun biologiya, kimya, fizika, riyaziyyat, aqrokimya yönümlü müxtəlif ali təhsil müəssisələrindən şəxsi təşəbbüsü ilə xüsusi ustad himayəsi və uzaqgörənliklə seçərək AMEA-nın Botanika İnstitutunda və Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda rəhbərlik etdiyi laboratoriya və şöbələrə işə cəlb etməklə təqribən 50 il ərzində yetişdirdiyi 300-ə yaxın alim bu gün Azərbaycanda və dünyanın ABŞ, Böyük Britaniya, Yaponiya, Rusiya, Türkiyə, Cənubi Koreya, Avstraliya, İsveç, Kanada, Almaniya və s. kimi onlarca qabaqcıl ölkəsinin tanlnmış elm və təhsil mərkəzlərində, nüfuzlu universitetlərində tədqiqatçı və pedaqoq kimi fəaliyyət göstərir, akademik Cəlal Əliyevin elmi məktəbini və ümumən, Azərbaycan elmini layiqincə təmsil edirlər. Onun bilavasitə elmi məsləhətçiliyi və rəhbərliyi ilə 15 elmlər doktoru, 81 elmlər namizədi hazırlanması da əlamətdar faktdır.

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması da akademik Cəlal Əliyevin adı ilə bağlıdır. Cəlal müəllim 1971-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Botanika İnstitutunda özünün elmi-tədqiqat qrupunu yaratmış, 1974-cü ildə bu qrup Fiziki-kimyəvi Biologiya sektorunun nəzdində Bioenergetikanın molekulyar əsasları laboratoriyasına çevrilmişdir. 1983-cü ildə bu laboratoriyanın bazasında Fotosintezin biokimyası, Gen mühəndisliyi, Fotosintetik aparatın molekulyar təşkili, Toxuma kulturası, Xloroplastların fotokimyası və Fotobiotexnologiya yaradıcı qruplarından ibarət Məhsuldarlıq Proseslərinin Molekulyar-Genetik Əsasları laboratoriyası yaradılmışdır. 1988-ci ilin sonunda bu qruplar müstəqil laboratoriyalara çevrilmiş və onların bazasında Məhsuldarlıq Proseslərinin Molekulyar-Genetik Əsasları şöbəsi təşkil olunmuşdur.

Akademik Cəlal Əliyevin qiymətli əmanəti və yadigarı olan AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu bu gün özünün yeni inkişaf dövrünü yaşamaqdadır. Bu fakt özünü əldə edilən elmi-tədqiqat nəticələrində, beynəlxalq əməkdaşlığın təşkilində və kadr hazırlığında xüsusilə göstərir.

İnstitutun Birləşmiş Krallığın Kembric Universiteti ilə, ABŞ-ın Franhofer Molekulyar Biotexnologiya Mərkəzi və Delaver Universiteti, Cənubi Koreyanın Pusan Milli Universiteti, Fransa Milli Kənd Təsərrüfatı Tədqiqatları İnstitutunun Bordo və Aviqnon Mərkəzləri, İtaliyanın Milli Tədqiqatlar Şurası Dayanıqlı Bitki Mühafizəsi İnstitutu, Almaniyanın Bonn və Osnabruk universitetləri, Türkiyənin Ankara, Mustafa Kamal Atatürk və Akdeniz universitetləri, Avstraliyanın Brisbon Universiteti, Rusiya EA-nın Biologiyanın Fundamental Problemləri və Bitki Fiziologiyası institutları, Moskva Dövlət Universiteti, Ukrayna MEA Molekulyar Biologiya və Genetika, Hüceyrə Biologiyası və Genetik Mühəndislik institutları, Belarusiyanın Biofizika və Hüceyrə Mühəndisliyi İnstitutu və s. ilə beynəlxaq elmi əməkdaşılq əlaqələri mövcuddur.

Cəlal müəllimin böyüklüyü həm də onun sadəliyində, təvazökarlığında idi. Dünyanın bütün ölkələrində bu böyük elm adamının kəşflərindən söhbət açılmasına baxmayaraq, o, bir dəfə də olsun özündən razılıq hissini büruzə verməmiş, sadə elm adamları arasında özünü heç kimdən fərqləndirməmişdir. Əməyinə verilən bütün qiymətləri alimlər ordusunun uğuru saymışdır. Cəlal Əliyev öz işində çox ciddi, tələbkar, ədalətli və hadisələri obyektiv qiymətləndirmək xüsusiyyətlərinə malik olmaqla yanaşı, mehribanlığı, xeyirxahlığı, qayğıkeşliyi ilə də fərqlənirdi.

Akademik Cəlal Əliyev daim axtarışda olan bir elm xadimi idi. Onun çoxillik axtarışları olduqca məhsuldar olmuş, apardığı elmi tədqiqatların nəticələri öz əksini Azərbaycanda və xaricdə nəşr olunmuş 25 fundamental monoqrafiya və kitabda, 800-ə qədər elmi əsərdə və 20 müəlliflik şəhadətnaməsində tapmışdır.

Cəlal Əliyev iştirakçısı olduğu mötəbər simpozium, konqres və forumlardakı dolğun çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir. Eyni zamanda Beynəlxalq Fotosintez Cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə 2011 və 2013-cü illərdə Bakı şəhərində böyük alimə həsr olunmuş “Davamlı inkişaf naminə fotosintez tədqiqatları” mövzusunda beynəlxalq konfranslar keçirilmişdir. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə akademik Cəlal Əliyevin 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuşdur.

Azərbaycan həqiqətlərini, daim qanı axan Qarabağ yarasının ağrılarını, xalqın torpaq itkisi ilə heç zaman barışmayacağını ən yüksək beynəlxalq tribunalardan dəfələrlə dünyaya bəyan etmiş millət vəkili Cəlal Əliyevin qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yerlərə səfərləri onlar üçün əsl bayrama çevrilərdi. O, ən nüfuzlu alimləri, beynəlxalq təşkilatların rəhbər və nümayəndələrini bü düşərgələrə aparar, insanların ağır həyat şəraitini onlara göstərər, bu insanlara həm maddi, həm də mənəvi dayaq olar, onlardan qayğı və dəstəyini, yardımlarını əzirgəməz, onları gələcəyə inamla baxmağa çağırardı. Cəlal müəllimin ən böyük arzularından biri torpaqlarımızın düşmən işğalından xilası, Xocalı faciəsinin qisasının alınması idi.

Tarixi zəfəri görməyə ömür vəfa etməsə də, bu gün böyük alim və şəxsiyyətin ruhu şaddır. Ona görə ki, 30 ilə qədər Ermənistanın işğalı altında qalmış doğma Qarabağ 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun sücaəti sayəsində işğaldan azad edilmiş, ərazi bütövlüyümüz bərpa edilmişdir. Eyni zamanda Cəlal Əliyevin gənclik illərində elmi-tədqiqatlar apardığı Qarabağ Elmi-Tədqiqat Bazası da düşmən əsarətindən azad olunmuşdur. Hazırda bazanın bərpası istiqamətində işlərə başlanılmış, burada ötən il ilk səpin işləri aparılmışdır. Qarabağ torpaqlarının cənnətə çevrilməsi bu böyük şəxsiyyətin də arzularının çiçəklənməsi demək olacaq.

İradə HÜSEYNOVA, AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun  baş direktoru, akademik

“Azərbaycan” qəzeti

Copyright © 2015 Institute of Information Technology of ANAS