AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Akademik Musa Musayevin anadan olmasından 100 il ötür
Dec 27, 2021 | 10:51 / Jubilees
Read 409 times

27 dekabr 2021-ci il tarixində görkəmli zooloq alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, baytarlıq elmləri doktoru, professor Musa Musayevin anadan olmasının 100 ili tamam olur.

Musa Əbdürəhman oğlu Musayev 1948-ci ildə Moskva Baytarlıq Akademiyasının aspiranturasını bitirmiş, 1948-ci ildə baytarlıq üzrə namizədlik, 1956-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1960-cı ildə professor elmi adını almışdır. O, 1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1967-ci ildə həqiqi üzvü seçilmişdir.

Musa Musayev əmək fəaliyyətinə 1949-cu ildə Moskva Baytarlıq Akademiyasının assistenti kimi başlamış, 1949-1960-cı illərdə Azərbaycan SSR EA-nın Zoologiya İnstitutunda böyük elmi işçi, laboratoriya müdiri, şöbə müdiri, 1960-2010-cu illərdə institutun direktoru, 1997-2007-ci illərdə AMEA Biologiya Elmləri Bölməsinin akademik-katibi vəzifələrində çalışmışdır.

Akademik Musa Musayevin fundamental tədqiqatları protistologiyanın nəzəri əsaslarının öyrənilməsinə və bir sıra xəstəliklərin profilaktikasının elmi əsaslarının işlənib hazırlanmasına həsr olunmuşdur. Onun rəhbərliyi ilə insanda, vəhşi və ev heyvanlarında parazitlik edən ibtidailərin növ tərkibi, sistematikası, yayılması, həyat tsikli, parazit-sahib münasibətlərinin biokimyəvi xüsusiyyətləri və s. tədqiq edilmişdir. Musa Musayev Azərbaycanda protozoologiyanın elmi məktəb kimi formalaşmasına böyük əmək sərf etmişdir. Alimin nəzəri axtarışları əsasında hazırlanan təklif və tövsiyələr ölkəmizdə kənd təsərrüfatının ayrı-ayrı sahələrində uğurla tətbiq edilmişdir.

Musa Musayev 600-dən artıq elmi əsərin, o cümlədən 14 monoqrafiya, dərslik və metodik vəsaitin müəllifidir. Alimin elmi məsləhətçiliyi və rəhbərliyi ilə 6 elmlər və 26 fəlsəfə doktoru hazırlanmışdır.

Akademik Musa Musayev Ümumittifaq Protozooloqlar Cəmiyyətinin vitse-prezidenti və onun Azərbaycan bölməsinin sədri (1968-1991), “Bilik” Cəmiyyətinin biologiya və kənd təsərrüfatı bölməsinin elmi metodik şurasının sədri (1976-1989), Azərbaycan – Çexoslovakiya Dostluq Cəmiyyətinin sədr müavini (1963-1991), keçmiş SSRİ EA Ümumi biologiya şöbəsinin elmi şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Biologiya, tibb və aqrar elmləri bölməsinin ekspert şurasının sədri olmuşdur.

Akademik Musa Musayevin elmi və elmi-təşkilati fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı”, “Şöhrət” ordenləri, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif olunmuş, Azərbaycan Respublikasının Dövlət Mükafatına, Azərbaycan SSR-in Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Akademik Musa Musayev 2010-cu il dekabrın 4-də Bakı şəhərində vəfat etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti AMEA-nnın həqiqi üzvü Musa Əbdürəhman oğlu Musayevin Azərbaycanda zoologiya elminin inkişafındakı xidmətlərini və anadan olmasının 100 illiyinin qeyd olunması haqqında qərar qəbul etmişdir.

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS