AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Photo
AMEA ilə ABŞ-ın “EcoHealth Alliance” təşkilatı arasında əməkdaşlığa həsr olunan seminar keçirilir
Dec 15, 2021 | 10:10 / Conferences, assemblies
Read 377 times

Dekabrın 14-də “Azərbaycanda bioloji müdafiə və bioloji nəzarətə çoxsahəli yanaşmaların gücləndirilməsi” mövzusunda onlayn seminar öz işinə başlayıb. Seminar AMEA ilə ABŞ-ın “EcoHealth Alliance” təşkilatı arasındakı əməkdaşlıq çərçivəsində baş tutur. Tədbirin təşkilatçısı olan “EcoHealth Alliance” ABŞ-ın bütün dünyada vahid sağlamlıq arenasında öz sözünü demiş Qeyri-hökumət təşkilatıdır.

Seminarın əsas məqsədləri ölkəmizdə çoxsahəli bio-nəzarət və bio-müdafiə siyasətinin mövcud vəziyyəti, bu işlə bilavasitə və ya dolayısı ilə məşğul olan müvafiq infrastruktur (nazirliklər, təşkilatlar, laboratoriyalar, ekspertlər, agentliklər, institutlar və s.), bu sahədəki cari boşluqlar, eləcə də inkişafa və dəstəyə ehtiyac duyulan sahələri müzakirə etməkdir.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, TƏBİB-in, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin elmi tədqiqat və təhsil müəssisələrinin, rəhbər, alim və mütəxəssislərinin, QHT-lərin və həmçinin ABŞ-ın “EcoHealth Alliance” təşkilatının nümayəndələrinin iştirak etdiyi seminarda AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açılış nitqi ilə çıxış edib.

Seminar iştirakçılarını və təşkilatçılarını Akademiyanın rəhbərliyi, şəxsən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin adından salamlayan akademik İradə Hüseynova qloballaşan dünyada beynəlxalq əməkdaşlıq, birgə səy və razılaşdırılmış fəaliyyət planı tələb edən məsələlər sırasında biotəhlükəsizliyin, vahid sağlamlıq məsələlərinin xüsusi yer aldığına diqqət çəkib.

Akademik qeyd edib ki, biotəhlükələr, biomüşahidə və biomüdafiə kimi sahələrdə aparılan məqsədyönlü fəaliyyətlərə təhlükələrin erkən aşkarlanması, mürəkkəb məruzqalma yollarının hesablanması bacarıqlarının əldə edilməsi, təhdidlərə vaxtında və hərtərəfli reaksiya, sadələşdirilmiş nəzarət sistemlərinin qurulması, mövcud resurslardan təkmilləşdirilmiş istifadə və s. kimi məsələlər daxildir. Onun sözlərinə görə, mövcud problemlərin həlli üçün davamlı elmi-tədqiqat işlərinin aparılması, milli, regional və beynəlxalq səviyyədə müvafiq tədqiqat platforma və imkanlarının yaradılması vacibdir. Alim vurğulayıb ki, insan, heyvan, kənd təsərrüfatı və ətraf mühitə qarşı olan biotəhlükələrə adekvat cavab tədbirləri böyük vəsait, insan resursları, müvafiq infrastruktur, elmi-texniki baza tələb edir ki, son pandemiyadan çıxarılan nəticələr bunu əyani nümayiş etdirib. AMEA-nın vitse-prezidenti ölkəmizin pandemiya ilə mübarizədə uğurla həyata keçirdiyi tədbirlər, infrastruktur yatırımları, zamanında atılan addımlarla nümunəvi ölkə kimi yadda qaldığını söyləyib. Akademik İradə Hüseynova Milli Elmlər Akademiyasının COVID-19-la mübarizədə dövlətin apardığı siyasətə öz töhfələrini verdiyini bildirib.

Seminarın əhəmiyyətindən danışan natiq müzakirələrdən əsas gözləntinin ölkəmizdə bio-təhlükəsizlik və bioloji-nəzarət işləri ilə bağlı cari proseslərin gedişatında mövcud olan çatışmazlıqların aradan qaldırılması yollarını araşdırmaq, gələcək inkişaf perpesktivlərinə nəzər yetirməkdən ibarət olduğuna diqqət çəkib.

Sonra seminar öz işinə “EcoHealth Alliance” təşkilatının vitse-prezidenti Kevin Olival və Zoologiya İnstitutunun doktorantı Nicat Həsənovun moderatorluğu ilə qısa təqdimatlar və dəyirmi masa müzakirələri şəklində davam edib.

Qeyd edək ki, iki günlük seminara dekabrın 15-də yekun vurulacaq.

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS