AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Sumqayıt Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Dec 13, 2021 | 05:25 / Conferences, assemblies
Read 597 times

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Sumqayıt Dövlət Universiteti (SDU) arasında kadr hazırlığı, elmi-tədqiqat və istehsalatın elmi əsaslarla təşkili sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

Tədbirdə çıxış edən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev müqavilənin hər iki elm müəssisəsi arasında əlaqələrin möhkəmlənməsində əlverişli şərait yaradacağını və elmi layihələrin həyata keçirilməsinə təkan verəcəyini bildirib.

Müqavilənin imzalanmasında məqsəd SDU ilə əməkdaşlıq çərçivəsində yüksək dərəcəli elmi kadrların tədrisə cəlb olunmasına, magistrantların AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun bazasından yararlanmasına şərait yaratmaqdır. Müqavilədə torpaqşünaslıq, aqrokimya və ekologiya elmlərinin qarşılıqlı maraq doğuran sahələrində, eləcə də innovasiya istiqamətli elmi kadr hazırlığında birgə iştirak, SDU-nun professor-müəllim heyətinin, elmi işçilərinin, magistr və doktorantlarının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun müvafiq şöbələrində, elmi-tədqiqat laboratoriyalarında ixtisasartırmaya cəlb olunması və digər məsələlər öz əksini tapıb.

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Sumqayıt Dövlət Universiteti arasında imzalanacaq əməkdaşlıq müqaviləsinin hər iki elm müəssisəsi arasında əlaqələrin möhkəmlənməsinə əlverişli şərait yaradacağını bildirən Sumqayıt Dövlət Universitetinin rektoru rəhbərlik etdyi ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə ətraflı məlumat verib.

AMEA-nın müxbir üzvü Əlövsət Quliyev bildirib ki, rəhbərlik etdiyi müəssisə torpaq və aqrokimyəvi tədqiqatlar apararaq son nəticələrin tətbiqini istehsalata yönəldir. Həmin nəticələr kənd təsərrüfatının müxtəlif sahələrində şoranlaşmaya və irriqasiya erroziyasına qarşı mübarizə yollarına, torpaqda münbitliyin bərpasına, gübrənin norma əsasında verilməsinə, sonda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının alınmasına xidmət edir.

Tədbirdə SDU və Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında qarşılıqlı maraq doğuran digər fəaliyyət sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb.

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS