AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Photo
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu beynəlxalq jurnalda çapdan çıxıb
Jul 29, 2021 | 10:00 / New publications
Read 296 times

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda beynəlxalq əməkdaşlıq çərçivəsində əldə edilmiş nəticələrin əks olunduğu “Düyü bitkisində xlorofil flüoresensiyasının enerjidən asılı formasının sönməsində tilakoid membran zülallarının fosforlaşmasının rolu” adlı məqalə (Aynura Pashayeva, Guangxi Wu, Irada Huseynova, Choon-Hwan Lee and Ismayil S. Zulfugarov “Role of thylakoid protein phosphorylation in energy-dependent quenching of chlorophyll fluorescence in rice plants”) molekulyar biologiya üzrə nüfuzlu “International Journal of Molecular Sciences” jurnalında çap olunub. Jurnalın impakt faktoru 5,923-dür.

Məqalə bitkilərdə xlorofil flüoresensiyanın enerjidən asılı formasının sönməsi və tilakoid zülallarının fosforlaşmasının sinxron şəkildə fəaliyyətinin molekulyar mexanizmlərinin aydınlaşdırılmasına həsr edilib. Xlorofil flüoresensiyasının sönmə prosesi zamanı tilakoid membran zülallarının fosforlaşmasının öyrənilməsi onun əsasında duran molekulyar mexanizmləri daha yaxşı aydınlaşdırmağa, fosforlaşmış zülalların analizi isə xlorofil fluoresensiyasının sönmə prosesi üçün yeni marker namizədlərin və hərəkətlərin mənşəyini aşkar etməyə kömək edəcək. Tədqiqatlar nəticəsində müəyyən olunub ki, işığın intensivliyinin dəyişməsi zamanı bitkilərdə tilakoid membranların yenidən təşkili PsbS zülalının olduğu və olmadığı şəraitlərdə fotosistem (FS) 2-nin işiqtoplayan və nüvə zülallarının fosforlaşması ilə qarşılıqlı təsirindən asılıdır. Düyü bitkisində PsbS zülalı olmadığı şəraitdə daha çox oksigenin fəal formalarının sintezinin FS 2-nin nüvə və işiqtoplayan zülallarının daha yüksək səviyyədə fosforlaşmasına səbəb olduğu nəticəsinə gəlinib.

Məqalənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS